Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) son illər fəaliyyətində, xüsusilə də idarəetmə sahəsində qənaətbəxş uğurlar əldə edib. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (İSSA) baş katibi Hans Horst Konkolevski belə düşünür.
"DSMF öz sahəsində dünyada ən müasir təşkilatlardan biridir", - Trend-ə Konkolevski bildirib. Onun sözlərinə görə, DSMF müasir və effektiv məlumat bazası yaradıb. "Mən Fondun baş ofisində oldum və mənin orada gördüklərim ən yaxşılar sırasındadır. Sevindirici haldır ki, belə vəziyyət təkcə paytaxtda deyil, həm də DSMF-nin regional ofislərində də müşahidə edilir", - Konkolevski qeyd edib.
Onun sözlərinə görə, Bakıda ISSA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması təşkilatın son illər Azərbaycanın sosial müdafiə sahəsində əldə etdiyinə müsbət münasibətin göstəricisidir. O deyib ki, bununla yanaşı, sosial təminat sahəsi daim inkişafa ehtiyac duyur.