PDF Oxu

Sosial

  • 25

Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi vətənidir

Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi vətənidir

Müasir dünyada istənilən dövlətin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Azərbaycan dövləti də məhz bu reallıqdan çıxış edərək müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşayan soydaşlarımızın ana Vətənlə əlaqələrini genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir, diaspor fəaliyyətinin gücləndirilməsi məqsədilə mühüm addımlar atır.


Azərbaycan diasporunun zəngin təşəkkül tarixi...


Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Hələ VII əsrin sonu VIII əsrin əvvəllərində Xilafət ordusunun Azərbaycana yürüşü, islam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda, onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur. Bununla bağlı tarixi mənbələrdə də kifayət qədər geniş məlumatlar var. Sonrakı mərhələlərdə böyük istilalar dövrü yaşanmış, bu proseslər azərbaycanlıların da dünyanın elm və mədəniyyət mərkəzlərinə üz tutmasını, orada yaşayıb yaratmasını, böyük şəhərlərdə məskən salmasını təmin etmişdir. Amma şübhəsiz ki, Azərbaycan diasporunun əsas yaranması mərhələsi kimi XX əsri qəbul etmək olar. Çünki məhz sovetlər dövründə mövcud olan siyasi repressiyalar və rejimin sərt tədbirləri minlərlə soydaşımızı, tanınmış ziyalılarımızı və görkəmli ictimai xadimlərimizi dünyanın müxtəlif ölkələrində məskunlaşmağa vadar etmişdir.


Azərbaycanın çoxşaxəli diaspor siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur


Şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi naminə həyata keçirilən çoxtərəfli diaspor siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli maraqlara və dəyərlərə müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri olan diaspor siyasəti özünəməxsus önəm kəsb edərək, bütün dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsini təmin edib. "Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi vətənidir"-deyən Ümummilli Lider Heydər Əliyevin milli həmrəylik və bütövlüyə fundamental töhfələr bəxş edəcək universal ideoloji formula səciyyəsi daşıyan "azərbaycançılıq" ideologiyasının əsasını qoyması və onu milli ideologiyaya çevirməsi diaspor siyasətinin uğurluluğunu təmin etməklə yanaşı, dünya azərbaycanlılarının da təşkilatlanmasını şərtləndirmiş oldu. Beləliklə, diasporun formalaşdırılması və təşkilatlandırılması milli həmrəylik və bütövlüyə fundamental töhfələr bəxş etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemində milli siyasətinə yardımçı olan əhəmiyyətli faktor oldu.

Hələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra respublikamızda ziyalıların və ictimai xadimlərin təqib olunmasına, repressiyalara məruz qalmasına son qoyuldu. Buna paralel olaraq Ulu Öndərin rəhbərliyi ilə həmvətənlərimizin öz təhsillərini artırmaq üçün xaricə göndərilməsinə də başlanıldı. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev qətiyyət, müdriklik və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdir. Bir sözlə, 1970-80-ci illərdə sovet dövlətində gedən respublikalararası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına da təkan vermişdir.

Beləliklə, bütün bu tarixi proseslər Azərbaycanın dünyada güclü diasporunun, ölkəmizin milli-mənəvi dəyərlərinin təbliğinə, mədəniyyətimizin və tariximizin tanıtımına xidmət edən azərbaycanlı cəmiyyətlərinin yaranmasına rəvac vermişdir. Sadəcə, bu gücü düzgün yönləndirib ölkəmizin maraqlarının daha güclü şəkildə müdafiə olunmasına çalışmaq lazım idi. Amma 1991-ci ildə Azərbaycanın ikinci dəfə öz müstəqilliyini elan etməsi bütün dünya azərbaycanlılarının yenidən vahid bir ideologiya ətrafında birləşməsinə imkanlar yaratsa da, o zamanlar ölkəmizdə və bölgədə baş verən hadisələr bu imkanlardan yararlanmağa mane olurdu. Elə bu səbəbdən də milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi ortaya çıxdı. Milli potensialın dünya miqyasında səfərbər edilərək vahid məqsədə yönəldilməsi məhz dövlətçiliyin qorunmasına və inkişafına zəmin olduğundan ölkəmizdə az bir müddətdə bu sahədə, sözün həqiqi mənasında, fövqəladə işlər görüldü. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu isə, əslində, respublikamızda aparılan dövlət siyasəti ilə ümummilli mənafelərin ortaqlaşması deməkdir. Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, ana Vətən kimi qəbul edildi.

Təbii ki, dövlət maraqları ilə milli mənafeyin vəhdəti sovet dönəmindən sonra ictimai şüurda inqilabi hadisə, milli təkamüldə keyfiyyətcə yeni mərhələ idi. Bunun kökündə isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünya azərbaycanlıları arasında böyük nüfuza sahib olması, dövlətçilik metodologiyasının, həm də milli ideologiyanın yaradıcısı kimi qəbul edilməsi faktoru dayanırdı. Məhz Onun iradəsi ilə müstəqilliyimizin ilk illərindən Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi və xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparılmağa başlandı.

Dünya azərbaycanlılarının mənəvi birliyini, əqidə və əməl ortaqlığını, vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm müddəaları Ümummilli Lider Heydər Əliyevin "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət"ində öz konseptual ifadəsini tapmışdır. Xalqımızın tarixi keçmişinə, müasir dövrə konseptual qiymət verilən, mənəvi dəyərlərimizi ümumiləşdirən, milli idealları əks etdirən bu tarixi sənəd bir çox önəmli cəhətləri ilə yanaşı, dünya azərbaycanlıları ilə iş üzrə fəaliyyət perspektivlərini müəyyənləşdirdi. Amma şübhəsiz ki, Azərbaycan diasporunun təşkilatlanması və onların yeni fəaliyyət sferasına daxil olmasında ən böyük əhəmiyyət kəsb edən hadisə 2001-ci il noyabrın 9 və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi idi. Bu hadisə Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı olmaqla, həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyyətli dönüşə gətirib çıxardı. Heydər Əliyev bu tarixi hadisənin reallaşdırılmasına nail olmaqla Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə əsas yaratmış oldu. Qurultaydakı nitqində Ümummilli Liderimiz bir daha bütün həmvətənlərimizi ana Vətənlə əlaqələrini daha da gücləndirməyə çağıraraq xalqımızın, dövlətimizin də əsas ideya və ideologiyasını açıqlamışdır.

"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndərimiz həm də bütün dünyaya xalqımızın nə qədər böyük dəyərlərə sahib olduğunu, fəxrli keçmişini ifadə etdi və bütün dünyadakı həmvətənlərimizi bu dəyərlərlə fəxr etməyə səslədi. Sonrakı mərhələlərdə verilən qərarlar, o cümlədən, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə koordinasiya edilməsi və dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi əhəmiyyət kəsb etmişdir.


Bizim hamımızın bir Vətəni var - Azərbaycan


Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər Ümummilli Liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu gün isə xarici siyasət strategiyasının mühüm istiqaməti və elementi qismində səciyyələndirilən diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi işinə önəmli töhfələr verir.

Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi isə müasir dövrün çağırışlarına uyğun olaraq, azərbaycanlıların fəaliyyətlərinin koordinasiya edilməsi və onların dövlətimizin mənafeyinə uyğun olaraq fəaliyyətlərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Cənab Prezident həmin qurultaydakı çıxışında demişdir: "Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək".

Sonrakı mərhələdə, daha dəqiq desək, 2008-ci ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı və hazırda komitə səmərəli fəaliyyətini davam etdirir. Sevindirici haldır ki, bu gün dünyanın bir çox ölkələrində 370 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir və onlar Azərbaycan həqiqətlərinin, o cümlədən, Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi faktının, Xocalıda baş verən soyqırımının və digər erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfələrini verirlər. Hazırda isə həm Azərbaycan dövləti, həm də diaspor təşkilatlarımız Dünya Azərbaycanlılarının III Qurultayına hazırlaşır.

Bəli, göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.


FƏTULLA HƏSƏNOV


"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Digər xəbərlər