- Vüqar bəy, radikal müxalifətin cəmiyyətdə uğursuzluğa düçar olmasını onların düzgün siyasət apara bilməmələri ilə ələqələndirmək olarmı?
- Bu siyasətin iflasa uğramasının səbəbləri bu gün apardıqları siyasətin konturları və bu siyasətdə əsas götürdükləri prinsiplərlə bağlı deyil. Bu siyasətin iflasa uğramasının səbəbləri 90-cı illərə dayanıb. Yəni həmin dövrdən bu günə kimi aparılmış səhv siyasətin nəticəsində onlar hələ də öz məqsədlərinə nail olmaq istiqamətində konkret addımlar atmaq imkanlarına malik deyillər. Belə ki, hər seçkidə adlarını çəkdiyimiz qüvvələr müəyyən dairələrin sifarişi ilə geniş müxalif birlik yaratmaq əvəzinə, daha çərçivəli və məhdud saylı birliklər yaradaraq öz fəaliyyətlərini yalnız hansısa ölkələrdən və beynəlxalq təşkilatlardan qrant almaq istiqamətində qurublar. Təbii ki, hər dəfə də öz məqsədlərinə nail olublar. Yəni onlar bəzi ölkələrdən və beynəlxalq təşkilatlardan müəyyən qrantlar əldə ediblər. Amma nəticə etibarı ilə onlar xalqın dəstəyindən məhrum olublar. "İctimai Palata" adı altında birləşən bu qurumlar son 6-7 ay ərzində keçirdiyi aksiyalarda bütün variantlardan istifadə etsələr də, xalqın bu aksiyalara dəstək verməyib. Demək olar ki, həmin qurumların iş fəaliyyətləri ancaq qranta və hansısa bir dairədən "çox sağ ol" kəlməsini əldə etməyə hesablandığına görə, son nəticədə sosial bazası tükənmiş bir haldadılar. Təbii ki, bu da onların siyasi iflasına gətirib çıxarır. Bu baxımdan, hesab edirəm ki, "İctimai Palata"da baş verən istefalar və o cümlədən, "İctimai Palata"nın artıq özünü belə mitinqlərin dayandırılması haqda verilən qərarı, heç bir ciddi aksiya keçirmək imkanında olmaması onu göstərir ki, sözügedən düşərgə tam iflasa uğrayıb. Bu da yeni müxalif qüvvələrin ortaya çıxması imkanını yaradıb. Təbii ki, bu cür şanslardan istifadə edən ciddi siyasi qüvvələr ölkənin müxalif düşərgəsində baş qaldırmalı və siyasi meydana qədəm qoymalıdır. Təbii ki, bu baxımdan düşünürəm ki, bizim "Milli Qurtuluş" Partiyası da öz sözünü deməyə imkan tapacaq.
- Nəyə görə radikal müxalifət ağır böhranlı vəziyyətlərlə üzləşəndə, çıxış yolunu icazəsiz aksiyalar keçirməkdə görür?
- Mən onları radikal qüvvə hesab etmirəm. Onların gücü ancaq ona çatır ki, 5-10 nəfərdən ibarət adamla küçələrə çıxaraq ayrı-ayrı xaricdən götürülən transfer tədbirlər adı altında uütləvi aksiyalar keçirsinlər. Yəni bunlar nə inqilab etmək imkanlarına, nə ciddi bir siyasi proses yaratmaqlarına, nə də ki, ölkədə siyasi proseslərdə təsir imkanlarına malikdirlər. Bir sözlə, bunlar heç bir işə qadir deyillər. Belə olan halda, onların heç radikal adlandırılması düzgün deyil. Hesab edirəm ki, əgər həmin qüvvələr aksiyalar keçirməyə əl atırlarsa, ancaq və ancaq öz güclərini ortaya qoymaq, öz varlıqlarını həm ictimaiyyətə, həm hakimiyyətə, həm də beynəlxalq dairələrə çatdırmaq məqsədi daşıyır. Yəni, biz varıq, fəaliyyət göstəririk. Bizlərə diqqət ayırın və bizlərlə əməkdaşlıq edin. Bu, son nəticədə onların bəyanatlarında da öz əksini tapıb. Diqqət yetirsəniz görərsiniz ki, hər aksiyadan qabaq və sonra bəyan edirlər ki, Milli Məclis buraxılsın. Çünki bunlar Milli Məclisdə yenidən seçkilər keçirib parlamentə oturmaq fikrindədirlər. Yəni onların işi-gücü mandat, hakimiyyət davasıdır. Hesab etmirəm ki, onlar insanın taleyüklü problemlərinin həlli üçün və yaxud ölkədəki siyasi situasiyanın dəyişilməsi, yalnız öz şəxsi məqsədləri və maraqları naminə ortadadılar. Təbii ki, söhbət qeyd olunan qüvvələrin rəhbərliyində olan şəxslərdən gedir. Bizim qeyd etdiyimiz bu fikirlər son 18 ildə Azərbaycan xalqının bir hissəsini aldadıb, öz siyasi maraqları üçün istifadə etmək istəyən, öz maraqları daxilində onların fəaliyyətlərini yönəldən və son nəticədə cəmiyyətdə çox böyük ruh düşkünlüyü yaradan siyasi qüvvələrin rəhbərlərinə aiddir. Onlar keçirilən bu aksiyalarla indi guya öz ətraflarına qüvvə yığıb sosial bazalarını geri qaytarmaq istəyirlər, yəni burada da əsas məqsəd bundan ibarətdir. Hesab edirəm ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Söhbət o sosial bazalardan gedir ki, onlar bunu zaman-zaman itiriblər. Yəni bu qüvvələr təkcə sosial bazalarını yox, eyni zamanda, sosial etibarı və sosial inamı itiriblər. Ölkənin böyük əksəriyyəti çox gözəl bilir ki, qeyd olunan və adıçəkilən liderlər, xüsusilə də, İsa bəyin özü və Əli Kərimov heç bir ciddi proses aparmağa və ciddi dəyişiklik həyata keçirməyə qadir deyillər. Bu baxımdan, hesab edirəm ki, bu aksiyalar onların yoxluğunun, gücsüzlüyünün ört-basdır edilməsi və cəmiyyətə var olan kimi təqdim olunmasının əsas təzahürləridir.
GÜLYANƏ