Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti iyulun 13-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub. Qonaqlar gəzintiyə yeni istifadəyə verilmiş Çin məscidi ilə tanışlıqdan başlayıblar. Nümayəndə heyəti burada numizmatik ekspozisiya ilə maraqlanıblar. Məlumat verilib ki, ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın XIX əsrinin birinci yarısınadək böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin və onlarla iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini görmək mümkündür. Gəzinti zamanı qonaqlara YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri qorunub saxlanılır. İçərişəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan Şirvanşahlar Sarayı Kompleksi ilə davam edib və nümayəndə heyətinə kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında məlumat verilib. Kiçik Qala küçəsi ilə gəzinti zamanı Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndələri təndir çörəyinə qonaq ediliblər.
Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiya qonaqlarda böyük maraq doğurub. Onlara Bakının rəmzi sayılan Qız qalası barədə də məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulan bu abidə XII əsrdə bərpa olunmuşdur. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Gəzinti Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı" ilə tanışlıqla başa çatıb. Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq qonaqlara xatirə hədiyyələri təqdim edilib. Nümayəndə heyətinin üzvləri paytaxtın qədim guşəsindən xoş təəssüratla ayrılıblar.