Son vaxtlar müzakirəyə çıxarılan məsələlərdən biri də Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ilə bağlıdır. Azərbaycan Milli Elmlər Akademiyasında yaradılan xüsusi komissiya bu işlə ciddi şəkildə məşğul olur. Artıq Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini öyrənərək milli soyad forması müəyyənləşdirilib.
Konsepsiyada "-ov", "-yev", sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur. Mütəxəssislər "lı, -li, -lu, -lü", "-oğlu", "-qızı", "-gil" sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər. Xatırladaq ki, bu qayda Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələrinə şamil olunmur. Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələri öyrənərək milli soyad forması ilə uzlaşmaması qənaətinə gəlinmişdir. Bizə bəllidir ki, soyadları çox zaman şəxsin yaşadığı və ya doğulduğu yerə uyğun olaraq götürülürdü. Məsələn, Nizami Gəncəvi, Seyyid Yəhya Bakuvi, Mücirəddin Beyləqani, Səfiəddin Urməvi, Bəhmənyar Azərbaycani, Xaqani Şirvani, Qətran Təbrizi, Mirzə Əbdürrəhim Qarabaği və s. Şahidi olduğumuz kimi, bunların da heç biri "lı", "li" sonluğu ilə deyil, "i" mənsubiyyət şəkilçisi ilə bitir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Azərbaycanda mövcud olan soyadların 80 faizə qədərinin sonluğunun "-ov", "-yev", 10 faizə qədərinin "-li", "-lu", "-lü", 10 faizə qədərinin isə "-zadə" ilə qurtardığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda soyadlarla ilə bağlı, soyadların dəyişdirilməsi üçün xüsusi bir qanun, göstəriş, yaxud sərəncam verilməməlidir:"Bununla bağlı müzakirələr davam etdirilir. Amma sonda ya konkret bir qanun qəbul olunmalı, ya da sərəncam verilməlidir. Bu məsələ mütləq qanunvericiliklə tənzimlənməlidir. Soyadlarla bağlı parlamentdə müzakirələr də aparıla bilər. Ya qanun qəbul etməli, ya da Prezident sərəncam imzalamalıdır. Ona görə ki, bizim Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri mövcud qanunla işlədiklərinə görə, soyadların dəyişdirilməsi üçün sərbəstliyə imkan verilmir. Bəzən vətəndaşlar soyadın dəyişdirilməsini təklif edir, amma VVAQİ-də keçmiş qanuna əsaslanaraq "-ov, -yev" yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla olsa belə vətəndaşa "-lı -li, -lu, -lü" soyadının yazdırmasına imkan verirlər". Qeyd edək ki, soyadların dəyişdirilməsi dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlılara şamil olunmalıdır.
Yeni konsepsiyada soyadların dəyişdirilməsi ilə bağlı daha geniş sərbəstlik nəzərdə tutulduğundan, proses mütləq yeni qanunla tənzimlənməlidir. Əlbəttə ki, təqdim olunan soyad sonluqları "lı", "li", yaxud "oğlu" kimi sonluqlar da Azərbaycan dilinə uyğun və xalqımıza xas olan hadisədir:"Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ciddi problemlər yaratmayacaq. Bu məsələ müzakirə edilib və qərara alınıb ki, soyadların dəyişdirilməsi ilə bağlı dörd forma təklif olunsun. Soyadların dəyişdirilməsi ilə bağlı təkliflər qəbul olunarsa, bunla bağlı veriləcək prezident sərəncamı qüvvəyə minəndən sonra doğulan uşaqlara yeni soyadlar veriləcək. Əhalinin başqa qrupları isə soyadlarını dəyişdirməkdə sərbəst olacaqlar".
Millət vəkili onu da bildirdi ki, bu məsələ Nazirlər Kabinetinin göstərişi ilə müzakirə olunur. Ola bilər ki bu Ailə Məcəlləsində və yaxud ayrıca bir qanun kimi də təsdiqini tapsın və sovet dövründən bizə miras qalan soyad sonluqlarından azad olaq.
NƏZAKƏT