PDF Oxu

Sosial

  • 31

Yüksək iqtisadi inkişaf müasir turizm sektorunu formalaşdırıb

Yüksək iqtisadi inkişaf müasir turizm sektorunu formalaşdırıb

Zəngin mədəni irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf prespektivlərinə malikdir. Azərbaycanda turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir.

Ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı artmışdır. Turizm sahəsində çalışanların peşə hazırlığı yüksəlmişdir. Görülən kompleks işlərin nəticəsi olaraq, ölkəyə gələn turistlərin sayı ilbəil artır və ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsinə və turizm sahəsinin daha da inkişaf etdirilməsinə müsbət təsirini göstərir. Müasir dövrümüzdə ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi təmin edilir. Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında Prezidentin Sərəncamı ölkə turizminin daha da inkişaf etdirilməsinə yol açdı.

Turizm fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğu, turizm ehtiyatları, ölkənin zəngin coğrafi landşafta malik olması, xalqımızın qədim mədəni-tarixi irsi, eləcə də, onun fauna və florası bu sahənin sürətli inkişafına yol açan əsas amillərdir.

Ötən gün ölkə Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında Sərəncam imzalayıb. Tədbirlər Planına əsasən, mədəni turizm tədbirlərinin təşkili nəzərdə tutulub. Turist axını çox olan rayonlarda "Bu Vətən bizimdir" adlı turist düşərgələri təşkil ediləcək. Aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkil olunması nəzərdə tutulub. Azərbaycan Respublikanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş müvafiq tədbirlər çərçivəsində "Turizm ili"nə dair təbliğat işlərinin təşkili əsas məsələ olaraq, qarşıya qoyulub. Bildiyimiz kimi, 2011-ci il üçün Azərbaycanın "Əfsanələr paytaxtı" Şabranda, "Floklor Paytaxtı" Lənkəranda və "Sənətkarlıq Paytaxtı" İsmayıllıda milli dəyərlərin təbliği məqsədi ilə keçiriləcək. Azərbaycan Respublikası və Gürcüstan arasında mövcud turist axınını nəzərə alaraq, Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarlarının təşkili də diqqətdədir. Turizm informasiya mərkəzləri şəbəkəsinin (Qəbələ, İsmayıllı (Basqal) və Bərdə) genişləndirilməsi və onların müsir avadanlıqlarla təchiz edilməsi sahəsinə də diqqət yetiriləcək.

Bakı-Balakən turizm marşrutunda yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin və Xalq Tətbiqi Sənəti Muzeyinin təmiri və bədii tərtibatı, "Şahdağ" qış-yay turizm kompleksinin yaradılması ilə bağlı işlərin sürətləndirlməsi, arxeloji abidələr üzrə müvafiq işlərin aparılması, Şəki rayonu, Fazil kəndində kurqanların ərazisinin abadlaşdırılması və s. məsələlər və tədbirlər planına daxil edilib.

Azərbaycanın zəngin irsinin bir hissəsi olan Tovuz rayonunda "Göytəpə yaşayış yeri" arxeoloji abidəsinin abadlaşdırılması, tarixi Şabran şəhərinin ərazisində genişmiqyaslı arxeoloji tədqiqatların aparılması, Şamaxı şəhərində yeni aşkar olunmuş Şirvanşahlara aid edilən orta əsr tikilisinin, orta əsr Şamaxı şəhərinin qala divarlarının və kəhriz qalıqlarının konservasiyası və turizm marşrutuna salınması ölkədə turizm sektorunun inkişafına töhfəsini verəcəkdir.

Prezidentin müvafiq Sərəncamına görə, memarlıq abidələri və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi, Şabran Tarix-Mədəniyyət Qoruğunda və Lahıc Tarix-Mədəniyyət Qoruğunda turizm xidməti infrastrukturunun yaradılması turizmin davamlı inkişafına xidmət məqsədi daşıyır. Eyni zamanda, "2011-ci il turizm ili" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında respublika üzrə turizm və rekrekasiya zornaları ərazilərinin 1:50000 miqyasında müasir xəritələrin hazırlanması nəzərdə tutulub.

2011-ci ilin "Turizm ili" elan edilməsi və Tədbirlər Planının təsdiqi bu sahədən gələn gəlirlərin turizm sənayesində böyük iqtisadi sıçrayışlarla, beynəlxalq siyasi və mədəni müstəvidə uğurlarla nəticələnəcək. Buna ölkənin yeraltı və yerüstü sərvətləri imkan verir.


ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər