Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının Gənclər Təşkilatının üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. Dünən rumıniyalı gənclərin Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmiləri ilə görüşü keçirildi.
Qonaqları salamlayan Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəhbəri Raqif Abbasov ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin mövcudluğunu qeyd etdi. R.Abbasov bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Rumıniya dövlət başçısı Troyan Baseskunun xüsusi xidmətlərinin olduğunu vurğuladı.
Natiq daha sonra Azərbaycan gənclərinin idman sahəsində qazandıqları uğurlar barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd etdi ki, bu qələbələrin qazanılmasında əcnəbi mütəxəssislərin, o cümlədən, Rumıniyadan olan məşqçi və idmançıların da payı var. O, Rumıniyadan olan futbol mütəxəssislərinin Azərbaycanın aparıcı klublarına rəhbərlik etdiyini də diqqətə çatdırdı.
Bu ilin mayında Almaniyada keçirilən "Evrovision" mahnı yarışmasında Azərbaycan gənclərinin qələbəsini xatırladan R.Abbasov, daha sonra, musiqiçilərimizə yüksək bal verdikləri üçün Rumıniya xalqına, o cümlədən, rumın gənclərinə öz minnətdarlığını bildirdi.
Azərbaycanda gənclər siyasətinə toxunan R.Abbasov dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını, beş Dövlət Proqramının qəbul edildiyini vurğuladı. Azərbaycanda gənclərin yaş həddinin 35-dək müəyyənləşdirildiyini xatırladan R.Abbasov, hazırda dövlət strukturlarında çalışanların 30 faizini gənclərin təşkil etdiyini və parlament üzvlərindən 10 faizinin məhz gənclərdən ibarət olduğunu söylədi. Azərbaycanda Gənclər Təşkilatları Milli Şurasının yaradıldığını diqqətə çatdıran natiq, daha sonra təşkilatın sıralarında 200-dən artıq gənclər təşkilatlarını birləşdiyini vurğuladı. R.Abbasov hazırda Azərbaycan gənclərinin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu, onların bütün problemlərinin dövlət tərəfindən həll edildiyini bildirdi.
R.Abbasov, Azərbaycan xalqını, o cümlədən, gəncləri narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin olduğunu qonaqların diqqətinə çatdırdı: "Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, münaqişə nəticəsində 1 milyonadək soydaşlarımız öz doğma yurd-yuvalarından qaçqın düşmüşdür. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və bizim məqsədimiz ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, Avropa dövlətləri, o cümlədən, Rumıniya da bu işğala son qoyulmasında bizə dəstək verəcəkdir".
Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiklərini qeyd edən Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının Gənclər Təşkilatının sədr müavini Andrey Florea ölkəmizdəki inkişafa valeh olduqlarını söylədi: "Bu inkişaf təkcə paytaxtda deyil, regionlarda da müşahidə edilməkdədir. Biz, səfər çərçivəsində bir sıra rayonlarda olduq və onların hər birində Olimpiya idman kompleksləri gördük. Sizin bu sahədəki təcrübəniz bizim üçün maraqlıdır və düşünürük ki, Rumıniyanın Azərbaycandan öyrənə biləcəyi çox şey var".
Andrey Florea daha sonra Rumıniyadakı gənclər, eləcə də, onların təşkilatları haqda məlumat verdi. Bildirdi ki, rumın gəncləri bütün dövlət strukturlarında təmsil olunurlar. Qonaq, həmçinin, Azərbaycanda səfərdə olan nümayəndə heyətinin tərkibində 3 deputat köməkçisinin də olduğunu söylədi.
Azərbaycan gəncləri ilə tanışlıqdan məmnunluq duyduqlarını qeyd edən Andrey Florea, həmçinin, onların çox bacarıqlı olduğunu və hərtərəfli inkişaf etdiyini vurğuladı. O, həmçinin, təmsil etdiyi təşkilatın Yeni Azərbaycan Partiyası Gənclər Birliyini Avropa strukturlarına üzvlük məsələlərində də dəstəklədiyini qeyd etdi. Eyni zamanda, rumın gənclərinin hər zaman Azərbaycana lobbiçilik etməyə hazır olduğunu vurğuladı.
Sonra görüş qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi ilə davam etdi.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər.
RƏFİQƏ HÜSEYNOVA