PDF Oxu

Sosial

  • 26

“Freedom House”nin qərəzli hesabatları...

“Freedom House”nin qərəzli hesabatları...

Azərbaycan ictimaiyyəti son zamanlar, mütəmadi olaraq, "Freedom House", "Human Ritch Watch", "West Mister" və bu kimi müxtəlif xarici qeyri-hökumət təşkilatlarının obyektivlikdən kənar hesabatlar təqdim etmələrinin şahidi olmaqdadır. Ölkədə sürətlə gedən inkişaf, nəhəng layihələrin reallaşması, demokratik islahatlar nədənsə adları çəkilən təşkilatlar tərəfindən görməməzliyə vurulur, nəticədə qərəzli və heç bir məntiqə sığmayan hesabatlar dərc edilir. Təəssüflə bildirməliyik ki, bu tipli qeyri-normal, eləcə də, beynəlxalq normalara, standartlara cavab verməyən hesabatların ictimailəşməsi arxasında müəyyən sifarişlər də dayanır. Burada kimlərin və hansı məqsədlərin dayanması isə, artıq heç kimə sirr deyil. "Freedom House" rəhbərinin, eyni zamanda, ABŞ dövlət katibinin müavininin Azərbaycanda insan haqları, demokratiyanın vəziyyətinə dair mövqeləri də əsassız sayılmalıdır.

Təkcə bu ilin may ayında verilən qərəzli hesabatdan sonra, Amerika Azərbaycanlıları Şəbəkəsi və Belarusda yaşayan azərbaycanlı icmasının, Ukrayna azərbaycanlılarının, Rusiya azərbaycanlıları federasiyasının, Avropa ölkələrində yaşayan fəal diaspora təşkilatların "Freedom House"yə etiraz kampaniyasını xatırlasaq, adıçəkilən təşkilatın hansı dərəcədə ifşa olunduğunu bir daha təsdiq etmiş olarıq. Onu da bildirmək yerinə düşərdi ki, sözdə beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan "Freedom House"nin mərkəzi qərargahı Vaşinqtonda yerləşir, qurumun rəhbəri Devid Kremerdir və bu qurum beynəlxalq QHT kimi qeydiyyatdan keçib. Bir neçə ay öncə, "Freedom House"nin rəsmi saytında "Map of Freedom" ("Azadlıq xəritəsi") adlı xəritə yerləşdirilmişdir. Həmin xəritədə Dağlıq Qarabağ mübahisəli ərazi kimi göstərildiyindən sayta girənlərdə çaşqınlıq yaratmışdır.

Lakin ortada digər faktorların da dayandığının şahidi olmaqdayıq. Məsələ ondadır ki, bir sıra müxalifət qurumlar, əsasən də, radikal təxəyyüllü müxalifət partiyaları müəyyən məqsədlərinə çatmaq üçün, bu kimi təşkilatlardan beş-on qəpik- quruş qazanmaq amacıyla bu cür, o cümlədən, də "Freedom House"nin hazırladığı hesabatlara istinad edərək, Azərbaycandakı həqiqi reallıqları görməzlikdən gəlirlər. Daha onları heç bir milli mənafe və dövlətçilik prinsipləri maraqlandırmır. Söz və fikir azadlığı, media azadlığı kimi mühüm amillərin var olduğu bir halda, bütün bunların tətbiq edildiyi bir zamanda, radikal müxalifət səlahiyyətlilərinin anormal davranışları istər-istəməz sağlam düşüncəli ictimaiyyət arasında, xalq arasında onlara qarşı ikrahedici hisslər yaradır. Yəni müxalifət qurumlarının bu kimi beynəlxalq təşkilatlarla iş birliyinə getmələri şiddətlə qınanılır. Çünki ortada başqa nüanslar da mövcuddur. Məsələ ondadır ki, digərləri ilə yanaşı olaraq, "Freedom House" təşkilatı da Azərbaycanın ərazi bütövlüyünə aid olan Dağlıq Qarabağı öz təbirincə "mübahisəli ərazi" qismində qəbul edir, eləcə də, hələ bir müddət öncə, daha da irəli gedərək, qondarma "DQR"-i "yarıdemokratik respublika" kimi təqdim etmişdi. Məhz belə bir çirkin addımdan sonra, müxalifət "liderləri"nin adıçəkilən təşkilatla can deyib can eşitməsi onsuz da xalq arasında heçə sayılan nüfuzlarını ayaqlar altına atmışdı. Həmçinin, əgər ölkəmizin ərazi bütövlüyünü tanımaq istəməyən bir təşkilat Azərbaycanla bağlı konkret olaraq, qərəzli hesabat hazırlayırsa, bu hesabata "istinad" edib nəyi isə dəyərləndirmək xəyanətkarlıqdan başqa heç nə deyil. Azərbaycanın hər bir QHT-si, siyasi partiyası, bütün təbəqələrə aid olan hər bir vətəndaşı bu cür qərəzli hərəkətlərə öz etiraz səsini qaldırmalıdır.


"Demokratiya axtaranların" demokratiyadan bixəbərlikləri


Başqa tərəfdən nəzər saldığımız zaman isə görürük ki, adıçəkilən təşkilat ölkəmiz barədə əldə etdiyi məlumatları bir mənbədən alır və heç bir balans gözləmir. "Freedom House" ölkədə ayrı-ayrı hüquq müdafiəçiləri və müxalifət partiyaları ilə, mütəmadi olaraq, sıx təmasda bulunmaqla yanaşı, hər il eyni hesabatı dərc edir. Əslində, belə qurumlar da, təbii ki, şəxsi maraqlar üzərində fəaliyyət göstərir və havadarlarının verdikləri təlimatlara əsasən nəticə çıxarır. Çünki bu təşkilatın nümayəndələri Azərbaycana gəldikləri zaman bir dəfə də olsun nə parlamentin müvafiq komitələrinə, o cümlədən, insan hüquqları komitəsinə, nə də ki, digər dövlət strukturlarına müraciət etməyiblər, onları maraqlandıran suallara cavab almayıblar. Bundan sonra gedib əsassız olaraq hesabatlar hazırlayıblar. Bütün mənalarda haqsız və qeyri-demokratik addımlar atan bu qondarma qurumun hansısa "söz azadlığı"ndan, "fikir azadlığı"ndan, "vicdan azadlığı"ndan yaxud da "media azadlığı"ndan danışması, "siyasi məhbus" kimi terminlərdən istifadə etməsi gülünc və iztehzadoğurucu təsir bağışlayır. Sonda daha bir maraqlı məqamı da vurğulamaq yerinə düşərdi ki, bu da hər belə tipli hesabatlardan sonra özlərini "var" hesab edən müxalifət "liderləri"nin mətbuat səhifələrində dil açmalarıdır. Ancaq neyləmək olar? Hər halda ölkədə söz və fakir azadlığı mövcuddur. Ona görə də istədiklərini danışırlar.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər