ABŞ-ın zaman-zaman Dağlıq Qarabağdakı separatçı rejimə dəstəyi beynəlxalq aləmdə onun demokratik imicinə ciddi zərbə vurur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində isə hazırda səylər davam etməkdədir. İki ölkə rəsmiləri arasında aparılan son danışıqlar bu problemin, nəhayət ki, ədalətli şəkildə, yəni, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümidləri artırır. Lakin məhz belə bir ərəfədə okeanın o tayından gələn xəbərlər azərbaycanlıların haqlı narazılığına səbəb olmaqla yanaşı, ortaya müəyyən suallar çıxarır.
Məlumat üçün deyək ki, ABŞ Nümayəndələr Palatası və Senat 2011-ci ildə Ermənistana və Dağlıq Qarabağ ermənilərinə iqtisadi yardım paketini qəbul edib. Paketdə Ermənistana 40 milyon dollar, Dağlıq Qarabağ ermənilərinə isə 10 milyon dollar məbləğində iqtisadi yardım ayrılması öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini, münaqişənin ədalətli həllinə çalışdığını dəfələrlə ən yüksək səviyyələrdə bəyan etmiş ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə dəstəyi beynəlxalq aləmdə onun demokratik imicinə ciddi zərbə vurur və rəsmi Vaşinqtona qarşı inamsızlığı gücləndirir.Digər tərəfdən, əksər ekspertlərin də qeyd etdikləri kimi, indiki halda ABŞ Konqresinin Dağlıq Qarabağa 10 milyon dollar yardım ayırması Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, separatçılığa dəstək, haqsızlıq və ədalətsizlikdir. Daha doğrusu, Dağlıq Qarabağın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgəsi olduğunu, hazırda bu bölgədə separatçı rejimin mövcudluğunu nəzərə alsaq, Birləşmiş Ştatların son addımı heç bir şəkildə anlaşılan deyil. Bir sözlə, görünən odur ki, bu addım ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın neytral status saxlamadığını, bu ölkənin xarici siyasətində ziddiyyətlərin və tərəfkeşliyin olduğunu ortaya çıxarır. Bunu nəzərə alan Azərbaycan tərəfi isə ABŞ-ı neytral statusunu saxlamağa və separatçı rejimə yardım göstərməməyə çağırıb.
Bu ərəfədə ABŞ növbəti yardım vəsaitləri barədə açıqlama verərkən yuxarıda qeyd olunan bəzi müddəaları yardım çərçivəsinə salmayıb. Daha dəqiq desək, beynəlxalq aləmdə separatçı rejim kimi qəbul edilən qondarma "DQR"-ə maliyyə yardımı ayrılmayıb. Məsələyə münasibət bildirən Milli Məclis Sədrinin müavini Bahar Muradova ABŞ-ın bu il Dağlıq Qarabağa maliyyə yardımı ayırmamasını müsbət hal sayıb: "ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırmaması müsbət haldır. ABŞ belə addımı atmaqla dəfələrlə Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirib".
B.Muradovanın sözlərinə görə, ermənilərin narazılığına baxmayaraq, ABŞ bu siyasətini növbəti illərdə də davam etdirməlidir. "Düzdür, ABŞ bu il maliyyə çətinliyinə görə, Dağlıq Qarabağa yardım ayıra bilmədi. Ancaq səbəbindən asılı olmayaraq, yardımın ayrılmaması müsbət haldır. Bu dəfə erməni lobbisi özünü göstərə bilmədi".
Vitse-spiker bildirib ki, öncəki illərdə ABŞ-ın bir çox ştatlarında erməni lobbisi niyyətini həyata keçirməyə nail olsa da, hazırda ABŞ üçün özlərinin maraqları daha öndədir: "Ermənistana ayrılan yardım da azaldılıb. Bu, təbii ki, xarici ölkələrin əlinə baxan, öz iqtisadiyyatı olmayan Ermənistanın hiddətinə səbəb olacaq. Ermənistanın iqtisadiyyatı çöküb. Sarkisyan vətandaşlarına normal əmək haqqı verə bilmir, işlə təmin edə bilmir. Amma bununla belə, təcavüzkar siyasətindən də geri qalmır".
Millət vəkili Hadi Rəcəblinin sözlərinə görə, ABŞ Dağlıq Qarabağ problemi ilə Minsk Qrupu çərçivəsində məşğul olur: "Ona görə belə bir ölkənin separatçı bir rejimə yardım göstərməsi bizim tərəfimizdən təbii olaraq mənfi qarşılanır. Biz ABŞ-ı neytral statusunu saxlamağa və separatçı rejimə yardım göstərməməyə çağırırıq. Çünki hər bir yardım - onu hansı adla göstərirlər-göstərsinlər - istənilən halda separatçı rejimin güclənməsinə yardım göstərir və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dolayısı ilə təsir göstərir. Bu məsələni pisləyir və düşünürəm ki, nəinki təkcə biz, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlılar ABŞ-a öz etirazlarını çatdıracaqlar".
Millət vəkili H.Rəcəbli isə deyib ki, əslində, ABŞ Konqresinin sözügedən qərarı ikili standart siyasətinin bariz nümunəsidir: "Digər tərəfdən, ABŞ-ın separatçılara yardım ayırması bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdlərini alt-üst edir. Çünki bu əraziyə ayrıca vəsaitin ayrılması beynəlxalq hüquqa ziddir".
Politoloq Qabil Hüseynli ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırmamasını müsbət hal hesab edib: "ABŞ Konqresinin Ermənistana 40 milyon dollar həcmində yardım ayırması, Dağlıq Qarabağa isə yardım ayırmaması siyasi qərardır. Kömək göstəriləcək subyektlər arasında Dağlıq Qarabağ yoxdur. Komitənin və ABŞ Konqresinin Nümayəndələr Palatasının növbəti iclasında 2012-ci ildə Azərbaycana maliyyə yardımının məbləğinin müəyyənləşdiriləcəyi gözlənilir. Düzdür, Amerika büdcəsi böhran təhlükəsi yaşayır. Amma Dağlıq Qarabağa adətən 8-10 milyon dollar yardım ayrılırdı. Bu isə Amerikanın trilyonluq büdcəsi üçün heç nədir. Məncə, bu qərar danışıqlara stimul vermək, danışıqlarda pozitiv məqamlar yaratmaq üçün atılan addımdır".
RƏFİQƏ HÜSEYNOVA