PDF Oxu

Sosial

  • 31

Günvurma xüsusilə kişilər arasında müşahidə edilir

Günvurma xüsusilə kişilər arasında müşahidə edilir

Havaların isti keçməsi ilə bağlı günvurma halları yenidən artıb. İyunun 1-dən bu ayın əvvəlinə kimi günvurma diaqnozu ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kifayət qədər əhali müraciət edib. Belə ki, stansiyanın baş həkiminin müavini Rauf Nağıyevin mətbuata verdiyi açıqlamasına görə, müraciət edənlərin vəziyyətləri yüngül olub. Vəziyyətinin nisbətən ağırlaşa biləcəyi güman edilənlər isə xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, günvurma hadisələri daha çox cavanlar, xüsusilə, kişilər arasında müşahidə edilir. Gənc yaşda olanlar səhhətlərinə fikir verməyərək ya çimərliklərdə, ya da küçələrdə günəş şüaları altında çox vaxt keçirdiklərindən, qızmar günəş onları daha tez vurur. Azyaşlı uşaq və yaşlıları günün vurması isə ya müşahidə edilmir, ya da nadir hallarda baş verir.

Günvurmanın ilk əlamətlərinə gəlincə, xəstəlik əsasən ürəkbulanması, fasilələrlə qusma, baş ağrısı, gicəllənmə və rəngin avazıması ilə müşahidə olunur. Günvurmanın üç ağırlıq dərəcəsi (yüngül, orta və ağır) var. İsti otaq və ya sexdə işləyənlərin isti vurma halı da günvurmaya bənzər əlamətlərlə müşahidə olunur. Yüngül dərəcədə bədən temperaturu 38 dərəcəyədək yüksəlir, halsızlıq, baş gicəllənmə, ürək bulanma, tər, baş ağrısı müşahidə oluna bilər. Orta dərəcəli günvurmada bədən temperaturu artıq 40 dərəcəyə yaxın olur, halsızlıq baş verir, huşun itirilməsi, qıcolma da mümkündür. Bədən temperaturu yüksək olduğu üçün ətrafa reaksiya da itir. Ağır dərəcəli günvurmada bədən temperaturu 40 və 40 dərəcədən yüksək olur. Bədən quru olur, huşsuzluq, tez-tez xroniki qıcolma baş verir, xəstənin ətraf mühitə heç bir reaksiyası yaranmır. Bu mərhələdə yardım olunmasa, xəstənin həyatında ciddi təhlükə yarana bilər.


Mütəxəssislər tövsiyə edir

Günvurma hadisəsinin baş verməməsi üçün mütəxəssislər əhaliyə, ilk növbədə, bir sıra tövsiyələrə riayət etməyi məsləhət görür. Belə ki, sutkanın 11.00-18.00 saatlarında açıq havada, gün altında mümkün qədər az olmaq vacibdir. İsti havada orqanizmin su və duz mübadiləsini tənzimləmək məqsədi ilə maye qəbulunun artırılması, çimərliklərə səhər - 11.00-a qədər və axşam saatlarında - 19.00-dan sonra getmək daha məqsədəuyğundur. Ürək-damar, endikrinoloji, sinir sistemi xəstələrinin, hamilə qadın, azyaşlı uşaq, qoca və ahılların isti hava şəraitində qeyd edilən tövsiyələrə daha ciddi riayət etmələri vacib sayılır. Çünki mütəxəssislər temperaturun həddindən artıq yüksək olmasının insan orqanizmində bir sıra problemlər yaratdığını bildirir. Günvurma, səhhətindən asılı olmayaraq, istənilən adamı yaxalaya bilər. Belə ki, günvurma insanda beyin damarlarının daralmasına, dəri damarlarının genişlənməsinə, qanın qatılaşmasına və təzyiqin aşağı düşməsinə səbəb olur. Günvurmadan hətta göz bəbəklərində qansızmalar və burun qanaxması da baş verə bilər. Sadalanan hallar ortaya çıxan zaman xəstəyə vaxtında tibbi yardım göstərilməzsə, günvurma ölümlə nəticələnə bilər. Qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkən insanlara gün şüaları daha çox mənfi təsir göstərir. Şüaların təsirindən onlarda hətta beyinə qansızma - insult baş verə bilər. Ürək xəstəliyi olan insanların günvurmadan infarkt keçirməsi də mümkündür.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər