Dünən Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş amerikalı tələbələr üçün yay məktəbinin bağlanış mərasimi keçirilmişdir.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova proqramın əhəmiyyətindən, ADU-nun beynəlxalq əlaqələrinin inkişafında rolundan danışmış, tələbələri təbrik etmiş, onların gələn il yenidən Azərbaycana gələcəklərinə əminliyini bildirmişdir.
Təxminən iki ay davam edən ÖDT Proqramının amerikalı tələbələrin yeni təcrübə qazanmasında rolundan danışan J.Qəribova qeyd etmişdir ki, Bakıda olduqları müddətdə onlar şəhərin görməli yerlərini gəzmiş, muzeylərdə, Botanika bağında, Atəşgahda, Yanardağda olmuşlar. Amerikalı gənclər Azərbaycanın qədim tarixi məkanlarından sayılan Şəki və Gəncə şəhərlərində, Göygöl rayonunda da olmuş, maddi mədəniyyət abidələrini ziyarət etmişlər.
Bildirilmişdir ki, səkkiz həftə ərzində 11 amerikalı tələbə Azərbaycan dilini öyrənmiş, ölkəmizin mədəniyyəti, tarixi, etnoqrafiyası haqqında biliklərə yiyələnmişlər. Bununla yanaşı, onlardan ikisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tar və fleyta üzrə musiqi dərsləri almışlar. Tələbələr azərbaycanlı ailələrdə yaşayaraq ailə mədəniyyətini, psixologiyasını da öyrənmişlər. Bu il Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini müxtəlif səviyyələrdə bilən tələbələr daxil edilmişlər. Proqramın ev sahibliyi funksiyasını ADU yerinə yetirmişdir. Proqram çərçivəsində müdavimlərə həftədə azı 20 saat olmaqla qruplarda intensiv dil təlimi keçirilmiş, mədəni-maarifləndirici təcrübə təqdim olunmuşdur.
ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat katibi Kis Bin, mədəniyyət işləri üzrə attaşe Kristofer Cons proqramın qarşılıqlı olması zəruriliyindən, tələbə gənclərin inkişafında rolundan danışmış, gələcəkdə həyata keçiriləcək uzun müddətli mübadilə proqramlarının iki ölkə üçün əhəmiyyətini qeyd etmişlər. Bildirilmişdir ki, 2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədi ilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramına start vermişdir. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir. Builki yay məktəbində iştirak edən tələbələr Azərbaycan dili də daxil olmaqla, 14 prioritet dili öyrənən 575 bakalavr və magistr sırasındadırlar. Onlar proqramda iştirak etmək istəyən 5200 ərizəçi arasından seçilmişlər.
Səfirliyin əməkdaşları yay məktəbinin təşkilinə, amerikalı tələbələrə göstərilən diqqət və qayğıya görə ADU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.