ATƏT-in Minsk Qrupu münaqişəni niyə həll edə bilmir?
1994-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi yönümündə ATƏT-in Minsk Qrupu yarandı. Bu qrupun üzərinə düşən vəzifə və öhdəlik Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə qısa zamanda həlli idi. Lakin düz 17 ildir ki, məsələ hələ də həll olunmamış vəziyyətdə qalıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri ikili standartlardan çıxış edir. Dünyada sülhün, əmin-amanlığın təminatçısı rolunda çıxış edən ABŞ, Fransa və Rusiya real dünyada sülhün əldə olunmasına maraqlı deyillər. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə regiona müxtəlif adlar altında səfərlər edib, görüşlər keçirib, bəyanatlar veriblər. Amma çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdikləri bəyanatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər heç bir əhəmiyyətli rol oynamayıb. Hətta torpaqlarımızın yarı faizini işğal etmiş Ermənistan var qüvvəsi ilə çalışır ki,"DQR" tanınsın. Belə olan halda, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən necə danışmaq olar?
Millət vəkili Elman Məmmədov da qəzetimizə verdiyi açıqlamasında ATƏT-in Minsk Qrupunun fəaliyyətindən müəyyən qədər narazı olduğunu bildirdi: "Təbii, ATƏT-in Minsk Qrupunun mövcud münaqişəyə riyakarcasına yanaşması, qeyri-konstruktiv mövqeyi, ikili standartı, işğalçıya havadarlıq etməsi bizdə çox böyük təəssüf hissi doğurur. Məhz bütün bu sadaladığım amillərə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi hələ indiyə qədər çözülməmiş vəziyyətdə qalıb" deyə millət vəkili Elman Məmmədov bildirdi.
Millət vəkili əlavə etdi ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan hər üç dövlət özünü dünyanın ağası sayır. Ona görə də baş verən bütün proseslərə yalnız öz maraqları prizmasından yanaşırlar.
Rusiya və Amerikanın Ermənistan kimi "işğalçı dövlət"i adı ilə çağırmaması həmin dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə ikili standartdan yanaşması kimi qiymətləndirmək olarmı" sualını millət vəkili belə cavablandırdı: "Söhbət burada həmin dövlətlərin Cənubi Qafqaza olan müəyyən strateji maraqlarından gedir. Demək olar ki, artıq neçə illərdir bu regiona Rusiya imperiyası nəzarət edibdir. İndi isə bu qədər hegamonluqdan sonra nəzarəti əlindən qətiyyən vermək istəmir və bu məqsəd uğrunda da daima mübarizə aparır. Bunun üçün də, həmişə olduğu kimi, işğalçı Ermənistan onun dayaq nöqtəsi və forpostudur".
E.Məmmədov açıqlamasında onu da bildirdi ki, Ermənistan hakimiyyəti bilsə ki, onların bu təcavüzkarlığını, işğalçılıq siyasətini müdafiə edən hər hansı güclü bir qüvvə mövcud deyil və Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda, ona heç kim dəstək olmayacaq, yəqin ki, Ermənistan hakimiyyətinin cəsarəti çatıb alçaq hərəkət etməz. Reallıqda ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğalçı Ermənistana çox böyük təzyiq və təsir imkanları var. Hər üç ölkə Ermənistana qarşı bu imkanlara malikdir. Təzyiq və təsir imkanları az olan Fransanın belə işğalçı Ermənistanın siyasi hakimiyyətinə çox ciddi siyasi təsir imkanları mövcuddur. Bu gün Fransa, demək olar ki, Ermənistanı silahlandıran ölkələrdən biridir.
Millət vəkilinin sözlərinə görə, işğalçını silahlandırmaq, maddi və mənəvi dəstək vermək məlum münaqişənin sülh yolu ilə həlli deyil, ən azı bu münaqişənin dondurulmasına və xeyli uzadılmasına xidmət edir. Eyni sözləri Rusiya dövləti haqqında da deyə bilərik. Rusiya Ermənistanın mövcudluğuna təminatçı olan və Ermənistanı sıfırdan yaradan dövlətdir. Demək olar ki, işğalçı dövlətin iqtisadiyyatının yarısı Rusiyadan asılıdır.
E.Məmmədov onu da qeyd etdi ki, eyni sözləri ABŞ haqqında da söyləmək olar. Əslində, bu gün ABŞ-la rəqabət apara biləcək ölkə yoxdur və o, dünyanın ən güclü dövlətlərindən biridir . ABŞ Cənubi Qafqazda güclüdür, nüfuza malikdir və istədiyi vaxt Ermənistana çox ciddi təsir və təzyiq edə bilər. Lakin ABŞ-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində hardasa maraqlı deyil.
E. Məmmədov qeyd etdi ki, ATƏT-in Minsk Qrupu mövcud münaqişənin həllində daha ciddi səylər göstərməli, konkret mövqe ortaya qoymalıdır. Hər dəfə yalnız boş-boş bəyanatlar verməklə kifayətlənməməlidir.
Millət vəkili onu da söylədi ki, Azərbaycanın bundan sonra ermənilərə güzəşt ediləcək bir qarış belə ərazisi yoxdur. Təcavüzkar Ermənistan hakimiyyəti çox yaxşı bilir ki, Azərbaycan Ordusu qarşısında Ermənistan ordusu çox cılız və aciz bir dəstədir.
AYLANA RZAYEVA