PDF Oxu

Sosial

  • 58

Paytaxtımız “Eurovision-2012” Mahnı Müsabiqəsində çoxsaylı qonaqları qəbul etməyə hazırlaşır

Paytaxtımız “Eurovision-2012” Mahnı Müsabiqəsində çoxsaylı qonaqları qəbul etməyə hazırlaşır

Azərbaycan bu gün böyük bir hadisə ərəfəsində yaşayır. Səkkiz aydan sonra dünya ictimayyətinin diqqəti ölkəmizə yönələcək. Beynəlxalq mahiyyət daşıyan "Eurovision-2012" Mahnı Müsabiqəsi paytaxtımızda start götürəcək. Bu, artıq dünya miqyasında Azərbaycanın yeri olduğunu ifadə edən faktordur. Azərbaycan bu gün özünün inkişaf tempi, dünyaya inteqrasiya prosesi, zəngin potensialı olan dövlət kimi dünyada sözünü deyə bilir.

Artıq Azərbaycanın, demək olar ki, hər bir məkanında "Eurovision-2012" Mahnı Müsabiqəsinə hazırlıq işləri görülür. Ölkəmiz saysız qonaqları qarşılamaq üçün ciddi məsuliyyət qarşısındadır. Bununla əlaqədar olaraq 57-ci "Eurovision" mahnı yarışmasına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq hazırlıqlar başlanılıb. Hazırlıqlar sırasında çoxsaylı qonaqları qəbul edəcək Bakı şəhərində hazırda tikilən otellərin tikintisinin tezləşdirilməsi məsələsi dayanır. Hazırda Azərbaycanda 6-ya yaxın böyük hotellərin tikintisi gedir və ilin sonuna bu hotellərin tikintisi başa çatacaq. Bununla yanaşı, Bakıda çoxsaylı kiçik həcmli hotellər tikilir ki, bu da qonaqların seçim etməsinə imkan verəcək. Həm qiymət, həm də keyfiyyət baxımından olan müxtəliflik onların ixtiyarına veriləcək.

Mədəniyyət və Turizm Nazirliyi "Eurovision-2012" müsabiqəsini işıqlandırmaq üçün ölkəmizə gələcək çoxsaylı media mənsubları üçün də xüsusi tanıtım tədbirlərinin keçirilməsini nəzərdə tutur. Bu ərəfədə Avropa mediasına Azərbaycan mədəniyyəti, görməli və gəzməli yerləri onların diqqətinə çatdırılmalıdır. Dövlətin mövcud turizm potensialı tam şəkildə təqdim edilməlidir.

Azərbaycan turizm ölkəsi olduğundan qonaqları qarşılamaq və yerləşdirmək baxımından lazımi səviyyədə potensiala malikdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı artıq mehmanxanalara tövsiyələr verilib. Müsabiqəyə hazırlıqla bağlı sentyabrın 1-dən otellərdə yer satışları dayandırılacaq. Gələn qonaqlar və iştirakçılar yerləşdirildikdən sonra yerlər azad şəkildə satışa buraxılacaq. "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi günlərdə qonaqlara göstəriləcək xidmətin səviyyəsi yüksək qurulacaq. Xidmətlə bağlı işlər müvafiq dövlət qurumları tərəfindən, Azərbaycan Turizm İnstitutu, tədris mərkəzləri, treninq kursları vasitəsilə həyata keçiriləcək. Lakin yerlərdə də xidmətləri beynəlxalq səviyyədə qurmaq üçün lazımi işlər görülməlidir. "Eurovision-2012" Mahnı Müsabiqəsinin təşkili çərçivəsində "Azərbaycan Hava Yolları" QSC Heydər Əliyev Beynəlxalq Aeroportunun tamamilə yenidən qurulmasını da həyata keçirir.

"Eurovision-2012" Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar ekskursiya xidməti genişləndirilməli, bununla bağlı əlavə mütəxəssislər hazırlanmalıdır. "Eurovision-2012" Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar gələn il Azərbaycana gələcək turistlərin sayı dəfələrlə artacaq. Gələn insanların otel, nəqliyyatla təmini məsələsi əvvəlcədən həll ediləcək. Azərbaycan bunun öhdəsindən yüksək səviyyədə gələcək. Bunun üçün kadrlar hazırlamaq nəzərdə tutulub. Turistlərin 60-70 faizinin Azərbaycanda ilk dəfə olacağı gözlənilir. Azərbaycan turizminə maraq oyatmaq üçün turistləri Bakı, Bakıətrafı ərazilər, Abşeron və digər yerlərlə tanış etmək əsas məsələlərdəndir. Bunu nəzərə alaraq, muzeylərin fəaliyyəti gücləndirilməli, Xəzər dənizinə ekskursiyalar təşkil edilməli, milli yeməklər təqdim olunmalıdır. Bu turistlərin şəhərimizə olan marağının artmasına dəlalət edən amillərdəndir. "Eurovision-2012" müsabiqəsi yüksək səviyyədə keçirilsə, növbəti illərdə Azərbaycana gələn turistlərin sayı dəfələrlə arta bilər. Eyni zamanda, bu, Azərbaycana qonaq gələcək avropalıların ölkəmizlə bağlı təəssüratlarını artıracaq.

Azərbaycan bu gün belə bir səviyyədə qonaqları qarşılamağa hazırlaşır. Ölkənin bütün sahələrində, demək olar ki, böyük işlər görülməkdədir. Bu gün dünyanın nüfuzlu mətbu orqanları da Azərbaycanda gedən hazırlıq prosesindən, eyni zamanda, müstəqil dövlətin inkişaf yolundan yazaraq onun yüksək iqtisadi, mədəni potensiala malik dövlət olaraq təqdim edirlər. Azərbaycanda səfərdə olmuş tanınmış simaların Azərbaycan haqqındakı fikirləri də ürəkaçandır. Xarici ekspertlər qeyd edirlər ki, Azərbaycan "Eurovision-2012" Mahnı Müsabiqəsini Almaniya, İsrail və Rusiyadan heç də pis qəbul etməyəcək. 2012-ci ildə Azərbaycan çox gözəl bir şou təşkil edəcək. Azərbaycanın buna tam potensialı var. Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" qəzeti isə "Eurovision" müsabiqəsində qələbə ilə Azərbaycan özünü Avropa ambisiyaları və imkanlarına malik bir ölkə olduğunu bəyan etdiyini yazır. Avropa Birliyinin rəsmi qurumları Odlar Yurdu ilə yaxın tanışlıqda daha çox maraqlıdırlar. Buna səbəb Azərbaycanın bu gün sürətlə inkişaf edən və yalnız regional lider deyil, həm də postsovet məkanında ən perspektivli dövlətlərdən biri olmasıdır.

Amma təəssüflə deyək ki, bu gün Azərbaycandakı uğurlara, onun inkişafına, dünyada nüfuz qazanmasına göz yuman və bilərəkdən qara ləkə yaxmaq niyyətində olan yazı və şəxsi qərəzli mövqelərə də təsadüf olunur. Bu günlərdə "France-Presse" agentliyinə "France-Presse" agentliyində dərc edilən yazıda deyilir ki, aktivistlər ölkədə insan haqlarının vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hakimiyyət orqanlarına təzyiq göstərməyə çalışırlar. Onlar 2012-ci ildə Azərbaycanda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsindən yarışın verdiyi fürsətdən istifadə edərək, bu istiqamətdə kampaniyanı genişləndirməyə cəhd göstərirlər. Bir qrup hüquq müdafiəçisi siyasi dustaqların azad edilməsi üçün hökumətə çağırış edib, media azadlığındakı məhdudiyyətləri aradan qaldırmaq məqsədilə "Qeyri-azad ölkədə azadlıq musiqisi" şüarı altında kampaniyaya başlayıblar. "Vəziyyəti yaxşılığa doğru dəyişmək üçün "Eurovision" şansdır," kampaniyanın təşkilatçılarından biri olan Anar Məmmədli "France-Presse" agentliyinə belə bildirib.

Mənbədə daha sonra qeyd olunur ki, kampaniyanın fəal iştirakçıları artıq Facebook sosial şəbəkəsindən bu məqsədlə istifadəyə başlayıblar. Qrup ictimai müzakirələri keçirmək üçün müxtəlif layihələrin tətbiqini planlaşdırıb. Azərbaycan dueti Ell və Nikkinin mayda Düsseldorfdakı qələbəsinə diqqət çəkən agentlik bildirir ki, hakimiyyət orqanları güman edir ki, Bakıdakı yarış Avropada əsasən enerji ixracatçısı kimi tanınan bu müsəlman ölkəsinin imicini müsbətə doğru dəyişə bilər.

Bu cür qərəzli münasibət və şantaj iddialı olan şəxslərin ambisiyasının göstəricisidir. Azərbaycanın inkişafı, demokratik dünyəvi dövlət olması qaragüruhçu insanların "maraqlarına" zidd olduğundan hər cür vəchlə ölkədə aparılan abadlıq və quruculuq işlərinə göz yumur, onun iqtisadi potensialına, dünya miqyasındakı nüfuzuna xələl gətirməyə cəhd edirlər. Bütün bunlar əbəsdir. Görülən işlər və ekspertlərin məlum fikirləri bizlərə deməyə əsas verir ki, Azərbaycan "Eurvision-2012" Mahnı Müsabiqəsini lazımi səviyyədə demoktartik normalar əsasında həyata keçirəcək.

NƏZAKƏT

Digər xəbərlər