Məlum olduğu kimi, sentyabrın 13-də BMT Baş Assambleyasının 66-cı sessiyasının ilk iclası keçiriləcək. 65-ci sessiyada müzakirə edilməyən "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihələri 66-cı sessiyada müzakirə olunacaq. 66-cı sessiyanın ilk iclasında yoluxucu xəstəliklərə həsr olunmuş toplantı, sentyabrın 22-də isə Durban bəyannaməsinin qəbulunun və irqi ayrı-seçkiliklə mübarizəyə dair fəaliyyət proqramının qəbulunun 10-cu ildönümünə həsr olunmuş iclasın keçirilməsi nəzərdə tutulub. BMT Baş Assambleyasının 66-cı sessiyasında nəzərdə tutulan müzakirələr sentyabrın 27-dək davam etdirilcək.
"SƏS"ə açıqlamasında politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycanla bağlı iki qətnamənin məlum sessiyada müzakirəyə çıxarılması ilə bağlı Serj Sarkisyan öz iradını KTMT-nin Astanada keçirilən iclasında Belarus prezidenti Lukaşenkaya bildirmişdir. Guya bu, KTMT-nin nizamnaməsinə ziddir. Lukaşenko isə, Serj Sarkisyana cavabında bunun Azərbaycanın haqq işi olduğunu söyləyib.
Politoloq, həmçinin, qeyd etdi ki, təcavüzkar ölkə bu məsələdən olduqca narahatdır. Çünki yaxşı bilirlər ki, məlum qətnamələrin qəbulu işğalçı Ermənistanın iflası üçün müəyyən imkanlar yaratmış olacaq və uduzan işğalçı dövlət olacaq.
Politoloqun sözlərinə görə, BMT müstəvisində Azərbaycanın dostları Ermənistanın dostlarından qat-qat çoxdur: "Azərbaycan əleyhinə təcavüzkar Ermənistanın hansısa qərar qəbul etdirməsi mümkünsüzdür. Əksinə, BMT müstəvisində Azərbaycan Respublikası daha fəal hərəkət edə və öz haqq işini isbatlaya bilir. Təcavüzkar ölkəni isə, çox ciddi şəkildə təlaşlandıran məsələ məhz budur".
Politoloq əlavə etdi ki, bir sıra böyük millətlər var ki, öz müqəddəratını təyin edə bilmir. Bu mənada, təcavüzkar Ermənistan hansı haqla hər dəfə müqəddərat məsələsindən danışır.
Politoloq ikili standartlarla problemə yanaşma tərzinin düzgün olmadığını da vurğuladı: "Heç zaman hansısa münaqişələrin həllində ikili standartlar, yanaşmalar qətiyyən doğru hal deyil. Belə hallar problemin həllinə deyil, uzanmasına və həll olunmamasına gətirib çıxarır. Bəzi supergüc adlandırılan dövlətlərin mövcud münaqişəyə ikili siyasət yürütməsi nəticəsində problem hələ də tənzimlənməyib".Politoloq açıqlaması zamanı onu da bildirdi ki, BMT-də qəbul edilən qərarlar bu cür ikili yanaşma tərzlərininin, sterotiplərin dağıdılmasına, məsələnin daha da obyektiv həllinə hüquqi və siyasi baza yaratmış olur. Ermənistan prezidenti Serj Sarkisyanın son məlum bəyanatına toxunan politoloq bunu Sarkisyanın növbəti sərsəmləməsi kimi dəyərləndirdi. Politoloqun sözlərinə görə, dünya birliyinin ictimai rəyində hələ ki, təcavüzkar Ermənistanın Azərbaycana təcavüz etməsi barədə məlumatlar o qədər də yetkin formada deyil. Yəni dünya az məlumatlandırılıb. Bəzi xristian dairələri bu məsələni sanki görməzliyə çalışırlar. Politoloq əlavə etdi ki, BMT müstəvisində aparılan siyasi dialoqlar, müzakirələr məlum təcavüz faktını ortaya çıxarmış olacaq. Və Azərbaycanın ermənilər tərəfindən təcavüzə məruz qaldığını, bunun nəticəsində ölkəmizə dəymiş ziyan və insanların öz doğma yurd-yuvalarından didərgin salınması faktları ortaya çıxarılacaq. Bunun da nəticəsində Azərbaycanın haqlı mövqeyinə inam daha da artacaq.
Q.Hüseynli onu da bildirdi ki, Azərbaycan BMT-də öz hüququnu müdafiə edə bilər. Çünki Azərbaycan hansı sərhədlərdə BMT-yə daxil olubsa, həmin sərhədlərin də bu gün toxunulmazlığını, təmin edilməsini tələb edir. Bu, sərhədlərin iyirmi faizinin işğal edilməsi faktının sübut edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi haqqında fikirlərin sərbəst şəkildə ictimai rəyə yol açmasına imkan yaradacaq. O ki qaldı Sarkisyana onun siyasi portretini cızmaq lazım gəlsə, orada bütün qəddarlıq, cinayətkar əməllər həkk olunacaq. Dağlıq Qarabağda adi bir işdə çalışmış biri olub. Sonradan etdiyi "qəhrəman"lıqlara, törətdiyi cinayət əməllərinə və ən nəhayət, Xocalı soyqırımında iştirak etdiyinə görə "səhra komandiri" rütbəsinə yüksəlib. Politoloq vurğuladı ki, Ermənistan rəhbərinin "tərcümeyi-halında" daha çox qətliamlar, soyqırımlar, uşaqları qətlə yetirmək kimi azğın əməllər yer alıb. Körpə uşaqları qətlə yetirməkdən həzz alan bir ölkə başçısından bundan savayı hansı bəyanatı gözləmək olar? Politoloq Sarkisyanın söylədiklərini həm tarixi, həm də siyasi nöqteyi-nəzərdən bir kütbeyinlik əlaməti olduğunu vurğuladı.
AYLANA RZAYEVA