Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatınını sədri, millət vəkili Sədaqət Vəliyeva və Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin üzvü Rövnəq Abdullayev Nizami rayon Şərifzadə 94b ünvanında 400 nəfərə yaxın sakinin iştirak etdiyi iftar süfrəsi təşkil edib.
İftar mərasimində YAP Nizami rayon təşkilatının rəhbərliyi, millət vəkilləri, Nizami rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Müqəddəs ayda ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP tərəfindən bu cür humanizm aksiyalarının davamlı şəkildə keçirildiyini bildirən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva oruc tutub nəfsinə sahib olan insanlara bol ruzi, xoşbəxt həyat arzuladı. Bildirdi ki, ölkəmizdə həmişə milli-mənəvi dəyərlərlə yanaşı, dini dəyərlərə və prinsiplərə də, ən yüksək səviyyədə diqqət və qayğı göstərilib: "Milli müstəqilliyimizin banisi olan Ulu Öndərimiz Heydər Əliyev humanizm prinsiplərinə böyük dəyər verərək, xalqımızın ən mütərəqqi ideyalar ətrafında sıx birləşməsinə nail oldu. Ulu Öndərin əsasını qoyduğu zəngin irsi bu gün hər birimiz üçün örnəkdir. Azərbaycan müsəlman ölkəsi olmaqla yanaşı, dünyəvi prinsiplərə də böyük önəm verir. Bu gün dövlətimiz dünyada özünün layiq olduğu yeri tutub. Çünki Ulu Öndərimiz Heydər Əliyevin zəngin irsinin və Onun uğurlu yolunun ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirmiş olduğu məqsədyönlü siyasət məhz bu cür yüksəlişin təmin olunmasına səbəb olub. Ona görə də, ölkəmizdə bütün sahələrdə inkişaf və tərəqqini görməmək qeyri-mümkündür. Ölkəmizin bütün bölgələrində quruculuq-abadlıq işləri böyük sürətlə davam etdirilir. Yeni-yeni sənaye və istehsalat müəssisələri açılır ki, bu da, sözsüz, insanların sosial rifah halının daha da, yaxşılaşdırılmasına xidmət edir. İnanırıq ki, bu cür böyük sürətlə inkişaf edən dövlətimiz Dağlıq Qarabağ probleminin də, həllinə yaxın zamanlarda nail olacaqdır. Bunun üçün isə hər bir vətəndaş aparılan siyasətə öz dəstəyini bu və ya digər formada göstərməlidir. Eyni zamanda, aparılan məqsədyönlü siyasət ölkəmizdə demokratiyanın, vətəndaş cəmiyyəti quruculuğunun inkişafına da birmənalı xidmət etmiş olur. Bu ilin payızında keçiriləcək parlament seçkilərində də, vətəndaşlarımızın 1993-cü ildən bu günə qədər keçirilmiş bütün seçki proseslərində olduğu kimi, böyük fəallıq nümayiş etdirəcəyi isə heç kəsdə şübhə doğura bilməz". S.Vəliyeva rayon ictimaiyyətinin nümayəndələrini ölkəmizdə keçirilən ictimai siyasi proseslərdə aktivlik nümayiş etdirməyə səslədi və müqəddəs Ramazan ayı münasibəti ilə onlara bir daha təbriklərini çatdırdı.
Nizami rayon ictimaiyyəti nümayəndələri adından çıxış edənlər YAP tərəfindən bu cür aksiyaları xeyirxah prinsiplərin davamı kimi dəyərləndirdilər. Bütün bu humanist addımlara görə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Tapdıq Qurbanlı