PDF Oxu

Sosial

  • 11

Dünyanın diqqətini çəkən Azərbaycan

Dünyanın diqqətini çəkən Azərbaycan

"Eurovision - 2012" Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi ölkə həyatında canlanma yaradıb. Ölkənin, demək olar ki, bütün sahələrində lazımı səviyyədə işlər görülməkdədir. Azərbaycan haqqında olan təsəvvürlərin gerçəkləşməsində bu müsabiqənin müstəsna rolu var. Ölkənin müstəqillik tarixində əldə olunan nailiyyətlər, onun iqtisadiyyatının, turizminin inkişafı, eləcə də, mədəniyyət aləmindəki zənginliyi paytaxtımıza səfər edəcək əcnəbi qonaqların diqqətini cəlb edəcək. Azərbaycanın çoxəsrlik tarixi əsasında formalaşmış memarlıq üslubundakı abidələr haqqında çox şeyləri deyəcək.

"Eurovision" Mahnı Müsabiqəsinin rəsmi saytında Azərbaycan haqqında yerləşdirilən məlumatda ölkəmizin tarixi ətrafında məlumat verilib. Belə ki, Azərbaycan, Bakı, İctimai Teleradio haqqında məlumatlar yer alıb. Məqalələrdə Azərbaycanın iqtisadiyyatından və milli mətbəxindən də bəhs edilir. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanın iki hissəyə bölündüyü, 70 il ərzində rus imperiyasının əsarəti altında qaldığı və 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdiyi qeyd olunur.

Bakı haqqında məlumatda köhnə şəhərdə məscidlər, tarixi binalar, Şirvanşahlar və Qız Qalası YUNESKO-nun dünya irsi siyahısına salınıb. Bakı, həmçinin, öz mədəniyyəti, yüksələn biznes sektoru ilə tanınır və "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi edəcək. Bakı Qafqazın ən böyük şəhəri və Azərbaycanın paytaxtıdır. Bu və ya digər məlumatlar Azərbaycanla bağlı həqiqətlərə bir səyahətdir.

Bakı Kristal Arenanın tikintisinin 8 ayda tamamlanacaq

Dünyanın diqqətini çəkən Azərbaycanda böyük işlər görülməkdədir. Ən əsası isə artıq "Eurovision - 2012" Mahnı Müsabiqəsinin keçirəcəyi Bakı Kristal Arenanın tiktintisinə başlanılıb. Bayraq Meydanının yanında yerləşəcək arenanın tikintisi Almaniyanın "Alpine Bau Deutchland AG" şirkəti tərəfindən həyata keçirilir. Arenanın tikintisinin 8 ayda tamamlanacağı nəzərdə tutulub. Hazırlanmış layihə əsasında arenanın xarici görünüşü gümbəz formalı olacaq, səhnənin arxasında isə Xəzər dənizi mənzərəsi görünəcək. Bakıda keçiriləcək "Eurovision-2012" yarışmasına kimi Milli Parkın ərazisi Bayraq Meydanına qədər uzadılacaq.

"Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycanın naviqasiya xəritəsi təqdim olunacaq

Bakıda "Eurovision-2012" Mahnı Müsabiqəsində istifadə olunacaq otellərin ilkin siyahısı da təqdim olunub. Otellərin bir hissəsi hal-hazırda tikilir və ilin sonuna qədər hazır olacaqlar. Bundan əvvəlki müsabiqələrdə olduğu kimi iştirakçılar və mətbuat nümayəndələri üçün kifayət qədər yer artıq seçilib. Bütün bunlarla yanaşı, "Eurovision-2012" müsabiqəsi ərəfəsində "Nokia" şirkəti smartfon istifadəçiləri üçün Azərbaycanın naviqasiya xəritəsini təqdim edəcək. Azərbaycanın naviqasiya xəritəsində magistral yollar və yaşayış məntəqələri göstərilib. Bununla yanaşı, "Nokia Maps" proqramı marşrutların çəkilməsi funksiyasını da daxil edir. "Nokia Maps" kartoqrafiya servisi pulsuz təqdim olunur. Bu servis şəhərlərin xəritələrini və sxemlərini yükləmək və xəritədə nöqtə kimi qeyd oluna bilən müxtəlif yerlər haqqında məlumatın saxlanması və ötürülməsi üçün istifadə olunur. Xəritələrlə işləmək və marşrutları hesablamaq üçün funksiyalar pulsuz təqdim olunur.

Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqədə 40-dan artıq ölkə iştirak edəcək. "Eurovision-2012" müsabiqəsinə hazırlıqla bağlı məşvərət qrupunun növbəti iclası bu ilin oktyabrında Cenevrədə keçiriləcək. Qeyd edək ki, "Eurovision - 2012" yarışmasının yarımfinalları mayın 22-si və 24-də, final mərhələsi isə 26-da baş tutacaq.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər