PDF Oxu

Sosial

  • 6

ABŞ-Azərbaycan: strateji əməkdaşlıqda yeni üfüqlər və potensial imkanlar

ABŞ-Azərbaycan: strateji əməkdaşlıqda yeni üfüqlər və potensial imkanlar

ABŞ Konqresinin xarici hərbi yardımlar proqramı çərçivəsində Azərbaycan və Ermənistana ayırdığı maliyyə vəsaiti ilə bağlı müzakirələr davam edir. Məlum olduğu kimi, Barak Obama hökuməti Azərbaycanın hərbi potensialının gücləndirilməsinə, eyni zamanda, Xəzər dənizində sərhədlərin mühafizəsi və terrorizimə qarşı müdafiə məqsədi ilə tədbirlərin həyata keçirilməsinə 10 milyon dollar vəsait ayırıb. Ermənstana isə yardımlar 3 dəfə azaldılaraq 2,5 milyona endirilib...

Erməni lobbisi bunu "ədalətsizlik" kimi qiymətləndirsə də, bu tendensiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni elementlərin ortaya çıxmasına zəmin yarada bilər. Bəlli olduğu kimi, son illər bir-birini sürətlə əvəzləyən hadisələr elə bir intensiv xarakter almışdır ki, bu Dağlıq Qarabağ münaqişəsinə getdikcə artan diqqətin təsadüfi olmadığını deməyə əsas verir.

Dağlıq Qarabağ münaqişəsini gündəmin ən aktual mövzusuna çevrilməsini şərtləndirən digər bir amillərdən biri də ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyan etdikləri yeni prinsiplərdir. Danışıqların şərtlərinə uyğun olaraq bu təkliflər konfidensial saxlanılsa da, çox güman həmsədrlər əvvəlki illərlə müqayisədə bu dəfə geosiyasi reallıqları daha çox nəzərə alıblar. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ekspertlər və beynəlxalq dairələr tərəfindən işlədilən yeni mərhələnin mahiyyəti da məhz həmin geosiyasi amilə bağlıdır. Konkret olaraq bu mərhələnin özəlikləri ondan ibarətdir ki, formalaşan yeni dünya düzəni əgsər regional münaqişələr kimi Dağlıq Qarabağ probleminin həlli prosesinə də birbaşa təsir etmək gücünə malikdir.

Bu kontekstdən, sözsüz ki, Azərbaycan ABŞ-ın ən yaxşı strateji müttəfiqidir və Amerika regiondakı ölkələr içərisində məhz Azərbaycana xüsusi önəm verir. Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ Strateji Araşdırmalar Mərkəzində "Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda keçirilən dəyirmi masada ölkələr arasındakı münasibətlərin perspektivləri müzakirə edilib. Barak Obama Administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti barədə məruzə edən İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer qeyd edib ki, Birləşmiş Ştatlar regionun sabitliyində və təhlükəsizliyində çox maraqlıdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında öz dəstəyini əsirgəmir.

Bu strateji maraq ABŞ üçün Azərbaycanın Əfqanıstana gedən karvanların etibarlı tranziti rolunda çıxış etməsi deməkdir. Bundan əlavə, Azərbaycanın İranla həmsərhəd olması Ağ Ev üçün çox ciddi faktordur. Azərbaycan üçün isə Birləşmiş Ştatlarla təhlükəsizlik sahəsində əməkdaşlıq tamam fərqli maraqlar əsasında aparılır: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli.

ABŞ-a Azərbaycan lazımdır, yoxsa Ermənistan? Bu suala cavab olaraq onu bildirmək olar ki, SSRİ-nin dağılması anından indiki ana qədər Ermənistan Rusiyanın forpostu rolunda çıxış edir. Azərbaycan torpaqlarının 20 faizindən çoxunu 20 ildən çoxdur ki, işğal altında saxlayır. Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətlərə olan ərazi iddiaları və siyasətin nəticəsi olaraq regionun inteqrasiya proseslərindən təcrid olunması məhz ABŞ-ın Cənubi Qafqaz siyasətinə böyük zərbələr vurur. Ermənistan ABŞ-ın Cənubi Qafqazda strateji maraqlarının təmin olunması üçün həyata keçirdiyi siyasətdə parçalayıcı rolu oynayır. Özündə Rusiyanın hərbi bazalarını saxlayaraq və Rusiyanın siyasi dəstəyinə arxalanaraq, işğalçılıq siyasətindən, əsassız ərazi iddialarından əl çəkmir. ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən uzaqlaşdırmaq və Cənubi Qafqaz bütövlükdə Qərbə inteqrasiya etdirmək üçün siyasi səylər göstərir. Ermənistanı Avropaya yaxınlaşdırmaq məqsədilə Türkiyənin imkanlarından istifadə etmək məqsədi güdür. Lakin ABŞ-ın siyasəti səmərə vermir. Ermənistan istəsə belə Rusiyanın orbitindən çıxa bilmir.

Azərbaycana gəldikdə isə bu dövlət hal-hazırda Cənubi Qafqazda və Mərkəzi Asiyada ABŞ-ın strateji maraqlarının təmin olunmasında dayaq elementi rolunu oynamaq iqtidarındadır.Azərbaycan ABŞ-la ikitərəfli əməkdaşlığa üstünlük verməklə yanaşı, həm də bu dövlətin beynəlxalq aləmdə həyata keçirdiyi bir çox siyasətinə dəstək olur. Beynəlxalq antiterror koalisiyasının üzvüdür.Azərbaycanla Ermənistanın beynəlxalq aləmdə siyasi çəkisi eyni olmadığından, hər iki dövlət ABŞ üçün eyni əhəmiyyət kəsb edə bilməz. Bu baxımdan Azərbaycanın rolu ilə Ermənistanı eyniləşdirmək olmaz. Bunu bir neçə səbəblə izah etmək olar.

Nəzərə almaq lazımdır ki, geosiyasətdə,strateji maraqların təmin olunmasında coğrafi məkan, məsafə amili mühüm rol oynayır. Məsələn, ABŞ-ın Xəzər regionu siyasətində Türkiyə öz coğrafi mövqeyinə və məsafə yaxınlığına görə ABŞ üçün əsas dayaq elementi rolunu oynayır. Türkiyə bir güc mərkəzi olaraq ABŞ-ın Xəzər regionu siyasətində icraedici, vasitəçi və köməkedici rola malikdir.Coğrafi məkan, məsafə amilinə daha bir nümunə olaraq, onu göstərmək olar ki, ABŞ özünün Əfqanıstandakı hərbi birləşmələrinin müəyyən qədər ehtiyaclarını ödəmək üçün Qırğızıstanın "Manas" aviabazasından istifadə edib. Azərbaycan da öz coğrafi mövqeyinə görə ABŞ-ın, eləcə də, Türkiyənin Mərkəzi Asiyadakı strateji maraqlarının təmini üçün əlverişli tranzit rolunu oynayır.Azərbaycan hər iki dövlət üçün Mərkəzi Asiyaya giriş qapısıdır. Qazaxıstan neftinin müəyyən bir qismi Azərbaycan üzərindən dünya bazarlarına çıxarılır.Ermənistanın isə hal-hazırda belə imkanları çox məhduddur. Coğrafi amilə onu da əlavə etmək olar ki, Azərbaycan həm Rusiya, həm də İranla sərhəddə yerləşdiyindən də ABŞ üçün böyük siyasi, iqtisadi və hərbi əhəmiyyətə malikdir.

Onu da qeyd etmək lazımdır ki, strateji maraqların təmin olunması üçün iqtisadi, hərbi, siyasi potensial və əhalinin çoxluğu amili də mühüm əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycanın potensialı onu gətirib çıxarıb ki, Cənubi Qafqazda böyük təsiredici bir güc mərkəzi rolunu oynayır, bölgənin lider dövlətidir.ABŞ regionda öz strateji maraqlarını təmin etmək üçün Azərbaycanın potensialından hər zaman istifadə edə bilər.ABŞ-ın strateji maraqlarını böyük potensiala malik olan dövlət daha yüksək səviyədə təmin edə bilər.

Regional etnik və milli amil də strategiyada böyük əhəmiyyət kəsb edir. Azərbaycan, əsasən, türk kökənli xalqın yaşadığı bir dövlət kimi türk dünyasında birləşdirici "həlqə" rolunu oynayaraq, türk dövlətləri içərisində müəyyən təsiredici imkanlara malikdir. Azərbaycan vasitəsilə digər türk kökənli dövlətlərin inteqrasiyasını müəyyən qədər təmin etmək olar.Ermənistan isə regionda tamamilə yuxarıda sadalanan imkanları olmayan bir dövlətdir.

Din amili də mühüm rol oynayır.Azərbaycan islam ölkəsi olaraq regionda və qonşuluqda yaşayan və islam dininə etiqad edən xalqlara təsiretmə imkanlarına malikdir. Ermənistan isə bu imkanlara malik deyil. Güclü dövlətçilik, sabit rejimli və təhlükəsiz cəmiyyət amili də strateji maraqların təmin olunmasında əsas şərtdir. Bu baxımdan da Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. Xarici siyasətin xarakteri, xarici siyasət kursunun mahiyyəti də mühüm təsiredici əhəmiyyət kəsb edir. Ermənistan regionda qeyri-sabitliyə əsaslanan işğalçı siyasət həyata keçirir.Azərbaycan isə bunun əksinə olaraq,beynəlxalq hüquqa müvafiq sülh siyasətini dəstəkləyir.Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ABŞ-ın region maraqlarının təmin olunmasına böyük imkanlar yaradır.

Sadalanan amillər onu göstərir ki, Ermənistan ABŞ-ın Xəzər regionu siyasətində Azərbaycan qədər əhəmiyyət kəsb edə bilməz.Bu baxımdan da Azərbaycan torpaqları işğal altında olaraq və Ermənistan bu siyasətdən əl çəkməmiş ABŞ Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasına çalışmaqla, Azərbaycan kimi böyük potensiala malik olan dövlətlə strateji müttəfiqlik əlaqələrini itirə bilər ki, bu da ABŞ-ın Xəzər regionu siyasətinə ən böyük zərbə olar.

Təbii ki, Azərbaycanın önəmi yalnız geosiyasi təsəvvürlərdən və karbohidrogen ehtiyatlarından asılı deyil. Rəsmi Bakının diqqət mərkəzində qalması həm də İlham Əliyev iqtidarının məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Yəni zəngin karbohidrogen ehtiyatlarına və əlverişli geosiyasi-coğrafı mövqeyə malik olan ölkənin böyük dövlətlərlə hərtərəfli əlaqələr qurması yalnız düşünülmüş və praqmatik siyasət nəticəsində mümkün ola bilərdi. Bu baxımdan, ərazisinin kiçik həcminə və əhalisinin sayına görə çox da böyük olmayan Azərbaycanın dünya siyasətinin axarını müəyyənləşdirən dövlətlə-ABŞ və onun müttəfiqlərilə münasibətlərini dərinləşdirə bilməsi təqdirəlayiq gerçəklikdir. Bütün bunlar məhz Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyinin məhsuludur. Ümummilli Lider Heydər Əliyevin geosiyasi reallıqdan çıxış edərək, düzgün siyasət yürütməsi Azərbaycanın Qərblə bərabərhüquqlu əlaqələr qurmasına imkan yaratmışdır.

Birləşmiş Ştatlar yaxın dostu Azərbaycanla, onun rəhbərliyilə əməkdaşlığı inkişaf etdirməkdə və möhkəmləndirməkdə maraqlı olduğunu dəflərlə təsdiqləyib. Bu da təbiidir, çünki hər iki dövlətin maraqları üst-üstə düşür. İstər beynəlxalq terrorla mübarizədə, istərsə qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində rəsmi Bakının yürütdüyü siyasət deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan uğurlu əməkdaşlıq bundan sonra da inkişaf edəcək. Ən əsası odur ki, yeni dövrün çağırışlarına birlikdə cavab vermək üçün hər iki dövlətin rəhbərliyi əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar və bu istiqamətdə yeni-yeni addımların atılacağı şübhə doğurmur...


"Səs" analitik qrupu

Digər xəbərlər