Dünən "Trend"də Bakı Sərgi Mərkəzində sentyabrın 13-də keçiriləcək XVII Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda çıxış edən "İtesa Kaspian" şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirdi ki, "BIHE 2011" sərgisində 19 ölkədən 124 şirkət iştirak edir. Bu şirkətlər sərgidə yüzdən çox məşhur brendi təmsil edəcəklər. Sərgidə Azərbaycan, Almaniya, Latviya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin aparıcı şirkətlərinin ən yeni ixtiraları nümayiş etdiriləcək.
O bildirdi ki, sərginin 40 faizini ekspozisiyanın daimi iştirakçıları təşkil edir. Onların arasında "Labservis" (Azərbaycan), "Akgun Software" (Türkiyə), "Amiko" (Rusiya) və digər şirkətlər var. Sərginin eksponentləri arasında ardıcıl olaraq ikinci ildir ki, Bavariya İqtisadiyyat, Nəqliyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bavariya Milli Stendi (Almaniya) iştirak edir. Alman istehsalçıları sərgidə müasir tibb avadanlıqları, cihazlar, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələri, həmçinin, Bavariya tibb müəssisələrinin xidmətlərini nümayiş etdirəcəklər. Bütövlükdə, "BIHE" sərgisinin ekspozisiyası tibbi məhsul və xidmətlərin - tibbi avadanlıqlar, əczaçılıq preparatları, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələrinin böyük çeşidi və bir çox digər məhsulları təqdim edir. Bu il laboratoriya avadanlıqları və "xaricdə müalicə" kimi perspektiv istiqamətlər üzrə fəaliyyət göstərən sərgi iştirakçılarının sayı xeyli artmışdır.
Direktor müavininin sözlərinə görə, layihə çərçivəsində ardıcıl olaraq ikinci ildir ki, əsas diqqəti innovasiyalı məhsullara yönəldən və ümumi ekspozisiyanın 35 faizini təşkil edən "İnnovasiyalar ərazisi" fəaliyyət göstərir. Sərgi çərçivəsində yeni mal və texnologiyaları təqdim edən bütün şirkətlər öz stendlərində və sərgi planında xüsusi nişanla qeyd olunacaqlar. Yenilikləri və şirkətlər ilə əlaqə məlumatlarını əks etdirən innovasiyalar kataloqunun nəşri isə artıq bir ənənəyə çevrilib.
B.Hidayətzadənin qeyd etdi ki, səhiyyə sərgisi ilə paralel VI Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi keçiriləcək. Sərgidə stomatoloji avadanlıqlar, istehlak malları və digər məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, o cümlədən, alman istehsalı olan 3D topoqraf nümayiş etdiriləcək. Həmçinin, "BIHE-2011" ilə eyni vaxtda Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi keçiriləcək. Burada peşəkar kosmetika və sağlamlıq vasitələri, müasir texnologiyalar nümayiş etdiriləcək.
Konfransda Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti Rəna Əliyeva çıxış edərək, bildirdi ki, Səhiyyə Nazirliyi və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçiriləcək sərgidə stomatoloji avadanlıqlar, tez-tez istifadə olunan materiallar və bir çox digər məhsullar təqdim ediləcək. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, həmçinin, Almaniya istehsalı olan 3D tomoqrafiya aparatı nümayiş etdiriləcək.
13-15 sentyabr tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən "Bakı Ekspo" sərgi mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi ("Beauty Azerbaijan-2011") keçiriləcək. Beş il ərzində "Beauty Azerbaijan" sərgisi hər il gözəllik sənayesinin mütəxəssislərini, eləcə də, bu sahənin məhsul və xidmətlərindən istifadə edən istehlakçıları bir meydançada toplayan peşəkar forum statusunu qazanmışdır.
Bu il öz beşillik yubileyini qeyd edən "Beauty Azerbaijan-2011" Azərbaycan beynəlxalq "Gözəllik və estetik tibb" sərgisi öz ekspozisiyasını xeyli genişləndirmişdir. Bu sərgi də eyni gündə, yəni sentyabr ayının 13-də öz işinə başlayacaqdır. Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və başqa ölkələrdən olan iştirakçılar sərgi çərçivəsində peşəkar kosmetika, bədən və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq üçün materiallar və bir sıra digər məhsulları nümayiş etdirəcəklər. Bu il, ilk dəfə olaraq, sərgidə kollagen kosmetik vasitələr və dişlərin qısa zaman ərzində ağardılması sistemləri nümayiş etdiriləcək.
Bu il sərgidə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi üzrə əhəmiyyətli artım müşahidə olunur ki, bu da sözügedən layihəyə olan tələbatdan və onun potensialından xəbər verir. Sərgidə, ümumilikdə, 35 şirkət təqdim olunur. "Beauty Azerbaijan-2011" sərgisində iştirak edən şirkətlərin coğrafiyasına Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya və Türkiyə kimi ölkələr daxildir. "Beauty Azerbaijan-2011" sərgisində əsas diqqət kosmetologiya, peşəkar kosmetika, habelə, bədən və saçlara qulluq vasitələrinə yönəldiləcək. Bundan əlavə, sərgidə geniş çeşiddə kosmetika, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq üçün materiallar, mezoterapiya məhsulları və s. təqdim edilir. Sərginin debütantları kollagen kosmetik vasitələr və dişlərin qısa zaman ərzində ağardılması sistemlərini nümayiş etdirəcəklər.
Tədbirdə səhiyyə sərgisinin layihə meneceri Elmira Axundova bildirdi ki, sərginin 40%-ni yerli şirkətlər, qalanını isə xarici şirkətlər təmsil edəcək. Sərgi öz işini 15 sentyabr tarixində yekunlaşdıracaq.
ZÜMRÜD