PDF Oxu

Sosial

  • 9

“Azərbaycanda sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,55 trilyon kubmetrədək artıb”

“Azərbaycanda sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,55 trilyon kubmetrədək artıb”

"İlkin hesablamalara görə, "Abşeron" yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 350 milyard kub metr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" yatağının açılması münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" strukturundan ilk qazın 2020-2022-ci ildə hasil ediləcəyi gözlənilir: "Hazırda qazma qurğuları ilə bağlı problem mövcuddur. Lakin bu problemlərin aradan qaldırılması üçün mütəxəssislərimiz işlər aparır. Belə ki, qurğunun alınması və tikintisi üçün danışıqlar aparılır. Belə olan halda "Abşeron" strukturundan ilk qazı 2020-2022-ci ildə ala biləcəyik. Əgər həmin nöqtədə platforma tikilərsə, prosesi beş il daha tezləşdirə bilərik".

2012-ci ilin ilk yarısında Abşeronda 4000 metr dərinliyindən 1500 metr məsafədə yan quyu qazılmasına başlanacağını da vurğulayan X.Yusifzadə bildirib: "Kəşfiyyat müddəti ərzində saziş sahəsində fasilə lay dəstəsinə layihə dərinliyi 6600 metr olan bir quyunun qazılması nəzərədə tutulub. Əlavə kəşfiyyat müddəti, yəni üç il ərzində layihə dərinliyi 6600 metrə qədər və layihə horizontu olan iki quyu qazılmalıdır".

Xoşbəxt Yusifzadə həmçinin vurğulayıb ki, Azərbaycanda sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,55 trilyon kubmetrədək artıb: "Əgər bundan öncə ölkənin qaz ehtiyatları 2,2 trln. kubmetr həcmində qiymətləndirilirdisə, "Abşeron" strukturunun açılması ilə bu həcm 2,550 trln. kubmetrədək çatacaq. Belə ki, strukturun qaz ehtiyatları 350 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bununla yanaşı, Azərbaycanın "Babək" strukturunda qaz ehtiyatları 400 mlrd. kubmetr, "Ümid - 200-300 mlrd. kubmetr həcmində qiymətləndirilir. Eyni zamanda, "Asiman", "Şəfəq", "Naxçıvan" və s. strukturlar ölkənin qaz balansını artıracaq və Azərbaycana olan diqqət bir qədər də artacaq".

Digər xəbərlər