15 Sentyabr Bilik Günü ilə bağlı respublikamızın bütün region və şəhərlərində geniş tədbirlər keçirilir. Dünən Daşkəsən rayonunda da keçirilən tədbirdə yeni inşa edilən "Yeni həyat" xeyir-şər evinin, Z.Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsinin açılışı olub.
Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 2011-2012-ci tədris ilinin başlanması və "Yeni həyat" xeyir-şər evinin istifadəyə verilməsi münasibətilə daşkəsənliləri təbrik etdi, onlara ən səmimi arzularını, istəklərini bildirdi: "Məhəmməd Peyğəmbər elmdən, təhsildən söz düşəndə deyirdi ki, xalqın övladlarına, hər bir ağıl sahibinə dörd şey vacibdir : elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Hər iki açılış tədbirində iştirakçıların əksəriyyətini ziyalılar - siz müəllimlər təşkil edirsiniz".
"Ulu Öndərimiz Heydər Əliyevin təhsil sahəsindəki siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi göz qabağındadır. Müəllimlərimiz isə, həmin ideyalara sədaqətlə xidmət göstəriblər" -deyən rayon icra hakimiyyətinin başçısı dünyanın ən gözəl peşəsi müəllimlik olduğunu vurğuladı: "Müəllim sevgidir, sərvətdir, biliyini, ürəyini paylaşmaqdır. Gələcəyimiz olan uşaqlarımızın ilk dəfə həyata baxışını da formalaşdıran siz müəllimlərsiniz. Dünyanın, bəşəriyyətin sevgiyə, səmimiyyətə, müəllim təliminə həmişə ehtiyacı olubdur. Çinlilərin gözəl bir atalar sözü vardır : bir il sonranı düşünürsənsə, düyü ək, on il sonranı düşünürsənsə, ağac ək, yüz il sonranı düşünürsənsə, tərbiyəli və elmli nəsil yetişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev çox böyük siyasi ustalıqla iqtisadi kapitalı insan kapitalına çevirir".
Ə.Abıyev onu da bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə rayonda son illər xeyli iş görülmüşdür: "Fondun hesabına rayonda iki orta məktəb tikilmiş, bir uşaq bağçası və Uşaq-Gənclər İdman Məktəbi əsaslı təmir olunmuşdur. Belə diqqət, qayğı üçün daşkəsənlilər Heydər Əliyev Fondunun rəhbərliyinə həmişə minnətdarlıq edirlər".
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı öz çıxışında ölkəmizdə gedən uğurlu işlərdən, regionların sosial-iqtisadi inkişafından, dövlət başçısı İlham Əliyevin beynəlxalq aləmdə razılıqla qarşılanan daxili və xarici siyasətindən danışdı, rayonun pedaqoji ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar, "Yeni həyat" xeyir-şər evinin qapılarının daim daşkəsənlilər üçün xeyir işlərə açılmasını arzulayıb.
Açılış mərasimlərində rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri, YAP rayon təşkilatının şura üzvləri, rayon sakinləri, veteranların nümayəndələri öz çıxışlarında daşkəsənlilərə göstərilən bu diqqət və qayğı üçün ölkə başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər. Tədbir rayon instrumental ansamblının ifa etdiyi xoş musiqi sədaları altında başa çatıb.
RƏFİQƏ