“İranın indiki rəhbərliyi üçün yalan və dinimizin zahiri əlamətləri daha üstündür”
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, dini və mənəvi dəyərlərin alt-üst olduğu İranda istinad ediləcək və ya müqəddəs bilinəcək heç nə qalmayıb: "Qurani-Kərimin ayələri, müqəddəs bilinən hədislər, İran İslam Respublikasının banisi S.R.Xomeyninin fikirləri də sərbəst variantda təfsir olunur və hərəkət yaradır. Yalan yüksək çinli dini və siyasi rəsmilərin dilində bərəkətli nemətə çevrilir, yalanla qazanılan çörəyi daha halal hesab edirlər.
"Saqqal qoy, həftədə bir dəfə Cümə məscidinin videokamerasına düş, sonra sərbəstsən: yalan danışa, digərlərini aldada, hər cürə alçaq əməllərlə məşğul ola, pornoqrafiq saytlara baxa bilərsən". Əslində, dinimiz batiniyyət dinidir. Dinimizin əsas fəlsəfəsi insanlara xidmət etmək, onların təhlükəsizliyinə və rahatlığına şərait yaratmaqdır. Quranda və müqəddəs hesab olunan hədislərdə ciddi işarələr var ki, canınıza təhlükə gələn anda yalan danışmaq təhlükədən qurtulmağın yeganə yoludursa, o yalanı danışın. Azərbaycanda "islamçıların" böyük əksərinin şüarı bunun tam tərsi idi: "Dininizə təhlükə gələrsə, canınızdan keçin, amma dininizi qurtarın".
"Can olmayandan sonra din nəyə lazımdır" sualına heç kim cavab axtarmır. Və ya heç bir islam alimi "dininizə təhlükə gələrsə, canınızı verin, amma dininizi qurtarın" fikrinin nəinki əsaslı, hətta yarıqurama mənbəyini də göstərə bilməz. Olsa-olsa, bu fikir 5-10 il bundan qabaq İranda hansısa molla karxanasında düzəldilmiş fikirdən başqa bir şey deyil. Siyasətdə də vəziyyət elə belədir: ölkənin prezidenti sosializmi və kommunizmi tərifləyərək, kapitalizmi ən ağır sözlərlə söyməklə ölkədə kapitalizm qurur. M.Əhmədinecatın kapitalizm qurmaq istiqamətindəki zəhməti Beynəlxalq Valyuta Fondu tərəfindən dərin qiymətləndirildi və ona "kapitalist əməyi qəhrəmanı" adını verdi. İndi İranda qiymətlərin liberallaşmasının başqa adı yoxdur. Bu ölkəni quran Ayətullah Xomeyni "nə qərbi nə şərqi, cumhure islami" tezisini ortalığa qoydu. Əslində, bu iqtisadi ukladın islam iqtisadiyyat yolu ilə inkişaf etməsi üçün rəhbər tezis idi. Bütün dünyada islam iqtisadiyyatının nüfuza mindiyi vaxt İran İslam Respublikası islam iqtisadiyyatçılığından qaçdı. Ölkənin banisi Xomeyninin daha iki fikrinə qarşı hörmətsizlik nümayiş etdirilir. Bu gün İranın hərbi aviasiyasının əsasını təşkil edən ABŞ təyyarələrinin silahlanmada istifadəsi Xomeyni tərəfindən qadağan edilmişdi. Amma indikilər həmin təyyarələrdən istifadə edir. Və ya inqilabın rəhbəri o zaman 33 milyon olan İran əhalisindən iki milyon qadının hicabsız gəzmək hüququnu tanımışdı. Bu fikir Fransadan İrana gələrkən verdiyi son müsahibədə aşkar deyilir. Azərbaycan torpaqlarını işğal etmiş xristian Ermənistanı Qurani-Kərimin "əl-Məidə" surəsinin 51-ci ayəsindəki göstərilən meyarlara uyğun gəlir. Amma İran ildən-ilə Ermənistana siyasi humanitar dəstəyini artırır. Rəsmi məlumata görə, bu iki ölkə arasında iqtisadi əlaqələr ötən ilə nisbətən 40% artmışdır.
İndi bütövlükdə region üçün, xüsusilə İranın daha çox aid olduğu Yaxın Şərq regionu üçün mürəkkəb dövrdür. Belə dövrdə İran qaydasız siyasət və mənəviyyat prinsiplərini dəyişsəydi, ilk növbədə İranın özünün xeyrinə olardı. İndiki dövr İrandan daha konkretlik və daha dəqiqlik tələb edir.