Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə (AJQA) 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakının erməni işğalından azad etməsinin 93-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) prezidenti Sevil Yusifova Azərbaycanın keşməkeşli tarixinə bir daha nəzər salaraq bildirib ki, 1918-ci ildə Azərbaycanda erməni daşnakları tərəfindən aparılmış kütləvi qırğınlara son qoymaq üçün Türkiyə Qafqaz İslam Korpusu Nuru Paşanın rəhbərliyi altında qardaş Azərbaycana köməyə gələrək Bakını işğaldan azad edib. "Bizim həmyaşıdlara nəsib olmayıb ki, məktəb illərində bu tarixi öyrənək. Ancaq bugünkü şagirdlərin şansı daha böyükdür. Onlar milli kimliklərini dərk etmək üçün düzgün tarixi öyrənə bilirlər" - deyə AJQA-nın prezidenti qeyd edib. Daha sonra millət vəkili Fazil Mustafa da öz çıxışında tarixi həqiqətlərə toxunaraq, öz fikirlərini bildirib və bu önəmli tarixi hadisədən- Qafqaz İslam Ordusunun göstərdiyi şücaət ətrafında maraqlı söhbət aparıb. Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı erməni daşnakları və rus bolşevik qüvvələrinə qarşı qəhrəmanlıqla sinə gərib. Lakin bir sıra məqamlarda Azərbaycanın ciddi dəstəyə ehtiyacı olub: " Məhz bu çərçivədə can Azərbaycanın apardığı mübarizəsində qardaşlıq yardımına yetişən və Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlaliyyətinin qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu keçib".
Qeyd edək ki, tədbirdə siyasi-ictimai xadimlərlə yanaşı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də iştirak edərək Azərbaycanın 93 il öncə əldə etdiyi tarixi azadlığına münasibət bildiriblər.
RÖVŞƏN RƏSULOV