Gədəbəy rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı "Müasir, azad, müstəqil Azərbaycan" mövzusunda təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzindəki Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.
Parkın ətrafına toplaşmış və əllərində Azərbaycan bayraqları, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev və ölkəmizi qısa vaxt ərzində dünyaya tanıdan Prezident İlham Əliyevin portretlərini tutan rayon sakinləri böyük sevinclə bu tarixi hadisə ilə bağlı keçirilən toplantıda iştirak etməkdən qürur duyduqlarını bildirirdilər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Gədəbəy rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə müstəqil ölkəmizin son 20 ildə keçdiyi çətin və şərəfli yola həsr olunmuş məruzə ilə çıxış etdi: "1991-ci il oktyabrın 18-də Azərbaycan dövlətinin suverenliyi rəsmən bəyan edilsə də, ilk illərdə müstəqilliyimizi qoruyub saxlamaq onu qazanmaqdan çətin oldu. Bir tərəfdən xarici düşmənlər, digər tərəfdən ölkə daxilində gedən hakimiyyət davası Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Məhz belə bir çətin vaxtda Ümummilli Liderimiz Heydər Əliyev öz xilaskarlıq missiyası ilə, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və ölkədə yaranmış xaos və özbaşınalıqlara qısa vaxt ərzində son qoydu. Prezident İlham Əliyev Ulu Öndərin başladığı işləri uğurla davam etdirdi. Avropaya sürətlə inteqrasiya edən Azərbaycan məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün regionda lider dövlətə çevrilmişdir". Sonra hərbi orkestrin marş sədaları altında təntənəli bayram nümayişi oldu. Əvvəlcə əsgərlər meydandan mətin addımlarla keçdilər. Sonra əllərində Azərbaycanın dövlət bayrağını tutmuş atlılar, faytonlar və respublikamızın, eləcə də, rayonun 20 ildə qazandığı uğurları əks etdirən şüarlar tutmuş rayon sakinləri iftixarla meydandan keçdilər.
Nümayişdən sonra Muğam Teatrının kollektivi gədəbəylilər üçün rəngarəng proqramla böyük bayram konserti verdi. Konsertdə muğam ustaları Vətəni, qəhrəmanlığı vəsf edən mahnılarla bayram təntənəsinə xoş ovqat bəxş etdilər. Həmçinin, Gədəbəy xalq aşıqları ansamblı üzvlərinin çıxışları da toplantı iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Bayram şənliyi atəşfəşanlıqla başa çatdı.
Aytən Səmədova