PDF Oxu

Sosial

  • 12

“MÜASİR AZƏRBAYCAN - 20 : davamlı və sürətli inkişaf strategiyası”

“MÜASİR AZƏRBAYCAN - 20 : davamlı və sürətli inkişaf strategiyası”

Dünən Səbail rayon icra hakimiyyəti və "Azərbaycan" qəzetinin təşkilatçılığı ilə "Ramada" otelində "MÜASİR AZƏRBAYCAN - 20: davamlı və sürətli inkişaf strategiyası" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, həmçinin, rayonun sənaye, elm, təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, gənclər, din xadimləri, mətbuat işçiləri iştirak etdi.

Millət vəkili B.Sadıqov tədbirdə çıxış edərək Azərbaycanın müstəqilliyinin 20 illiyindən, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda apardığı mübarizədən, həyata keçirdiyi siyasətdən danışdı: "Prezident Administrasiyasının tövsiyəsi ilə müstəqilliyimizin 20 illiyi ilə bağlı yerlərdə tədbirlər keçirilir. Səbail rayon strateji əhəmiyyətli bir rayondur. Siyasi proseslərin bir çoxu məhz bu rayonun ərazisində baş verib".

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, müasir, güclü Azərbaycan dövlətinin müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur: "Bu il Azərbaycanın tarixində müstəsna rol oynayan bir hadisə - dövlət müstəqilliyimizin 20 ili tamam olur. Azərbaycan xalqı əldə etdiyi azadlığı və müstəqilliyini yüksək qiymətləndirir, onu daimi və dönməz edən dahi şəxsiyyətə - Ümummilli Liderimiz Heydər Əliyevə öz dərin rəğbətini ifadə edir. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, bilavasitə, məhz Ulu Öndər Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində əbədiləşmişdir".

"1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ilk illərdə kompleks problemlərlə üzləşdi. Bu problemlərin başında həmin vaxtlar respublikaya "rəhbərlik" edənlərin qətiyyətsizliyi, "kölə psixologiyası"nda yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali mənafeyini mərkəzin maraqlarına qurban vermələri dayanırdı" fikrini söyləyən A.Əsgərov onu da vurğuladı ki, həmin ərəfədə Dağlıq Qarabağda münaqişə yenicə alovlanırdı: "Ermənistan ərazilərimizi anneksiya etmək hərbi təcavüzünü genişləndirirdi. Mövcud vəziyyətdən istifadə edərək hakimiyyəti silah gücü ilə ələ alan AXC-Müsavat cütlüyünün iqtidarı dövründə isə ölkəmiz tam olaraq anarxiya və xaos girdabına yuvarlandı, daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Gəncədə baş vermiş hadisələrindən sonra ölkəmiz, faktiki olaraq, parçalanmaq və müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Bu mürəkkəb situasiyada Azərbaycana ölkəni dərin böhrandan çıxaracaq, dağıdıcı qüvvələri və meyilləri neytrallaşdıracaq, xaos və anarxiyaya son qoyacaq və müstəqilliyimizi əbədi edəcək lider tələb olunurdu. Bu missiyanın öhdəsindən isə yalnız xalqımızın böyük oğlu Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə gələ bilərdi. Xalqın istək və tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya gəldi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlərlə qısa zaman kəsiyində vətəndaş müharibəsi təhlükəsinin, hakimiyyət böhranı və boşluğunun, anarxiyanın qarşısını aldı. Həmin dövrdəki prosesləri praqmatik təfəkkürün fonunda dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur".

A.Əsgərov bildirdi ki, müstəqilliyimizin bərpasından ötən illər paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunun tarixində də öz izlərini qoymuşdur: "Ölkə başçısı rayonda aparılan işlərə xüsusi əhəmiyyət vermiş, mütəmadi olaraq, burada aparılan işlərin gedişatı ilə maraqlanmış, açılış mərasimlərində şəxsən iştirak etmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi altında hər bir azərbaycanlı üçün müqəddəs məbədgaha çevrilmiş Heydər Əliyev Fondunun, unikal mədəniyyət mərkəzi olan "Üns" teatrının, dünya mədəniyyət inciləri sırasına salınan Beynəlxalq Muğam Mərkəzinin və bir çox yeni obyektlərin tikintisi başa çatmış, rayonda yerləşən, demək olar ki, bütün elm, təhsil, mədəniyyət mərkəzləri, istirahət yerləri əsaslı təmir olunaraq abadlaşdırılmışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"da Səbail rayonuna geniş yer ayrılmış, yay aylarında aparılan işlər çərçivəsində 5 orta, 1 peşə məktəbində, 2 uşaq və texniki yaradıcılıq mərkəzlərində əsaslı təmir-yenidənqurma işləri artıq başa çatmışdır. Gələn il respublikamız "Eurovision-2012" Mahnı Müsabiqəsinin iştirakçılarını qəbul edəcəkdir. Çox sevindirici haldır ki, müsabiqə üçün yeni konsert meydançası - "Bakı-Billur" zalı məhz Səbail rayonu ərazisində tikilir. Hazırda Bayraq Meydanından mərkəz istiqamətində yeni magistral yol çəkilir, mühəndis-kommunikasiya qurğuları quraşdırılır. Göründüyü kimi, müstəqillik illərində respublikamızın digər rayonları ilə yanaşı, Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonu da sosial-iqtisadi cəhətcə sürətlə inkişaf etmiş, insanların həyat səviyyəsi durmadan yüksəlmişdir. Səbail rayonunda qazanılan uğurlar, əldə olunan yüksək nəticələr Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir. Bu gün xalq öz rəhbərinə inanır, taleyini etibar etdiyi Prezidentinin gördüyü işləri, atdığı bütün addımları dəstəkləyir, Onun başçılığı altında Azərbaycanın gələcəyinə inamla baxır".

Dəyirmi masada ADİU-nun dosenti, universitetin YAP ilk ərazi təşkilatının sədri, tarix elmləri namizədi Zəfər Bayramov - "İqtisadi sahədə keçmiş ənənələr bərpa olunur və yeni tipli iqtisadiyyat Səbail rayonunun yüksəlməsində əsas amilə çevrilir", YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Faiq Qurbanov "Rayonun inkişafı sosial sferaya diqqətin artırılmasına təkan verir", Badamdar qəsəbə sakini, iş adamı Fəxrəddin Quliyev "Abadlıq və quruculuq rayonda əsas fəaliyyət istiqamətidir", 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova "Heydər Əliyev Fondu Səbail rayonunda xeyirhaqlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilib" mövzularında çıxış etdilər.

Çıxış edənlər müstəqilliyin qazanılmasının Azərbaycan xalqı üçün çətin və şərəfli olduğunu bildirdilər və bu gün müstəqil bir dövlətdə yaşadıqları üçün qürur hissi keçirdiklərini vurğuladılar.


R.Kamalqızı

Digər xəbərlər