PDF Oxu

Sosial

  • 9

İşğalçı ölkə artıq növbəti iyrənc yola əl atır

İşğalçı ölkə artıq növbəti iyrənc yola əl atır

Son dövrlərdə Ermənistan ordusu barədə neqativ xəbərlərin, demək olar ki, hər gün yayılmasının şahidi oluruq. Sözsüz ki, bu xəbərlər Ermənistan ordusunun real vəziyyətini əks etdirir və ölkə rəhbərliyinin ordunun acınacaqlı vəziyyətə düşməsinə qarşı hər hansı bir addım atmaq imkanında olmadığının təzahürüdür. Belə ki, orduda fərarilik, aclıq, maddi imkanların çatışmaması, rüşvətxorluq, ordudan yayınma, əsgərlərin döyülməsi, onlara qarşı təhqiramiz bir münasibətin formalaşması, zorakılıq və s. kimi neqativ hallar Ermənistan ordusunun xarakterik xüsusiyyətinə çevrilmişdir. Məsələ ilə bağlı açıqlama verən politoloq Elman Nəsirli son günlərdə Ermənistanda baş verən qiyam olayı və erməni əsgərinin təhqir olunduğu videoçarxın yayılması artıq ölkə ordusunun iç üzünü bir daha açmış olduğunu söylədi: "Ermənistan ordusunun düşdüyü vəziyyət o qədər acınacaqlıdır ki, bu ölkənin vətəndaşı olmayanlar da orduya çağırılır. Orduda yaranmış bu vəziyyətdən çıxmaq o qədər asan olmayacaq. Çünki hələ ordunu komplektləşdirməyi belə bacarmayan Ermənistan hökuməti orduda olan problemləri necə aradan qaldıracaq? Bunun üçün ilk dövrlərdə ali təhsil almaq üçün ordudan icazə verilmiş gəncləri cəlb etmək fikrinə düşən Müdafiə Nazirliyinin bu planı da ordunun komplekləşdirilməsinə kömək edə bilmədi. Bundan sonra isə vəziyyətdən çıxmaq üçün digər alternativləri düşünən Müdafiə Nazirliyi son günlərdə daha bir ideya irəli sürüb. Dünyada analoqu olmayan bir məsələni gerçəkləşdirmək fikrinə düşən ermənilər bu dəfə də Ermənistan vətəndaşı olmayan erməniləri orduya çağırmaq qərarına gəlib. Bunun üçün, ilk növbədə isə, əsas himayədar rolunda çıxış edən Rusiya vətəndaşları olan ermənilər nəzərdə tutulur. Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentdəki çıxışında xarici ölkə vətəndaşı olan ermənilərin Ermənistan ordusu sıralarında hərbi xidmət etməsi ilə bağlı məsələnin hazırda müdafiə nazirliyində müzakirə olunduğunu söyləyib. Seyran Ohanyan iddia edib ki, xarici ölkə vətəndaşları olan ermənilər Ermənistan ordusunda xidmət etməyə icazə verilməsi üçün müraciət edirlər. O, bu məsələnin yaxın günlərdə Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla müzakirə etmək niyyətində olduğunu söyləyib. Qeyd edək ki, Rusiyanın Gümrüdəki hərbi bazasında əsasən erməni əsilli hərbçilər qulluq edirlər".

E.Nəsirli onu da bildirdi ki, S.Ohanyanın bu bəyanatı çox maraqlı olduğu qədər, eyni zamanda, insanda gülünc bir təəssürat da yaradır: "Belə ki, Ermənistan vətəndaşlarının orduda xidmət etməmək üçün ölkəni tərk etdiyi məlum olduğu halda, Ohanyan xarici ölkə vətəndaşları olan ermənilərin Ermənistan ordusunda xidmət etmək istəyinin olduğunu bildirir. Axı bu, nə dərəcədə reallığı əks etdirən bir bəyanat ola bilər? Ermənistan rəhbərliyi orduda olan qeyri-sabit və acınacaqlı vəziyyəti düzəltmək üçün, ordunu tam komplektləşdirmək üçün xarici ölkə vətəndaşlarını orduya cəlb etmək məcburiyyətindən irəli gəlir. Əlbəttə, Rusiya ilə bu məsələ razılaşdırıldıqdan sonra digər himayədar ölkələrə də müraciət etmək olar. Məsələn, Fransaya. Güman etmək olar ki, daim Ermənistanın maraqlarından çıxış edən Fransa da bu məsələdə Ermənistandan öz köməyini əsirgəməyəcək. Lakin buna həmin ölkələrin vətəndaşları olan ermənilər razılaşacaqlarmı? Əlbəttə ki, yox. Əgər bir insan öz ölkəsini, orduda xidmət keçməmək üçün tərk edibsə, o, yenidən bu orduya qatılmaq istəyərmi? Yalnız müəyyən güc vasitələrindən istifadə etməklə bu işi yerinə yetirmək olar. Bu mənada, Ohanyanın sözləri çox məntiqsiz və gülüncdür".

R.Hüseynova

Digər xəbərlər