PDF Oxu

Sosial

  • 7

Fransadakı erməni lobbisi təşviş içindədir

Fransadakı erməni lobbisi təşviş içindədir

Son vaxtlar Azərbaycan və Fransa dövlətləri arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi, ümumilikdə, erməniləri ciddi narahat edib. Çünki erməni lobbisinnin əsas dayaq nöqtələrindən olan Fransanın da itirilməsi ermənilərin çox ciddi problemlərlə üzləşmələri deməkdir. Bu nöqteyi-nəzərdən Fransa prezidenti Nikolya Sarkozinin Azərbaycana səfərinin planlaşdırılması erməniləri ciddi narahat etməyə başlayıb.

Fransa prezidentinin Azərbaycana nəzərdə tutulan səfəri hər iki ölkə arasında əlaqələrin inkişafına hansı müsbət nəticələri verəcək? Fransadakı erməni lobbisinin təsiri nəticəsində hakimiyyətin Dağlıq Qarabağ məsələsinə mövqeyində ikili yanaşmalar müşahidə olunur. Fransa prezidentinin ölkəmizə səfəri bu ikili mövqeyi dəyişə bilərmi?

Millət vəkili Sabir Rüstəmxanlı bizimlə söhbətində bildirdi ki, Azərbaycan və Fransa dövlətlərinin siyasi və iqtisadi münasibətlərinin normal qaydada inkişaf etməsi son dərəcə mühümdür. Çünki Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Bu baxımdan, Fransa prezidenti Nikolya Sarkozinin ölkəmizə səfər etməsi çox yaxşı haldır. Eyni zamanda, Fransa prezidentinin səfəri hər iki dövlətin daha yüksək səviyyədə inkişaf etməsində mühüm rol oynayacaq. Bir sözlə, Fransa prezidentinin Cənubi Qafqaza səfəri Azərbaycanda görüşləri, şübhəsiz ki, həm Dağlıq Qarabağ münaqişəsinin həll olunması, həm də hər bir işi obyektiv qiymətləndirmək baxımından çox önəmlidir. Düzdür, Fransa kimi ölkələr bir sıra məsələlərdə qərarlarını reallıqlara və həqiqətlərə söykənərək yox, daha çox məsələlərə öz siyasi maraqlarına uyğun tərzdə yanaşırlar. Amma buna baxmayaraq, yenə də bu kimi görüşlər müəyyən məsələlərə işıq salaraq aydınlıq gətirə bilir. Bu baxımdan, Nikolya Sarkozinin ölkəmizə səfər etməsini həm Azərbaycanın, həm də bölgənin maraqları baxımından əhəmiyyətli görüş hesab edirəm.

S.Rüstəmxanlı ermənilərin Fransada güclü lobbiyə malik olmalarına toxunarkən, bildirdi ki, Fransada erməni lobbisinin fəaliyyət göstərməsi bir neçə yüz illik tarixə söykənir: "Ona görə də, erməni lobbisinin Fransa siyasətinə təsir etmək imkanları genişdir. Bildiyiniz kimi, Fransada Azərbaycan diasporası getdikcə daha da güclənərək inkişaf edir. Bu baxımdan, Fransada erməni lobbisinin fəaliyyəti müəyyən müddətdən sonra sona çatacaq. Təbii ki, həmin ölkədə diasporamızın fəaliyyət göstərməsi nəticəsində vətəndaşlarımızın sayı da artacaqdır. Yəni, həmin vətəndaşlarımız da Fransanın seçki proseslərində və iqtisadiyyatında müəyyən söz sahibi olacaqlar. Amma hələ ki, tərəzinin erməni tərəfi ağır gəlir. Belə olan halda da, erməni lobbisinin Fransa siyasətinə təsir etməsi labüddür".


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər