PDF Oxu

Sosial

  • 13

“Sarsılmaz, dönməz, əbədi müstəqillik-20”

“Sarsılmaz, dönməz, əbədi müstəqillik-20”

Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibəti ilə "Sarsılmaz, dönməz, əbədi müstəqillik-20" mövzusunda geniş tədbir keçirildi. Tədbiri İB-in baş direktoru Məhəmməd Məmmədov açaraq, 20 illiyini qeyd edəcəyimiz Azərbaycanın dövlət müstəqilliyinin asan əldə olunmadığını bildirdi: "Bunun üçün xalqımız azadlıq mübarizəsinə qalxaraq öz iradəsini ortaya qoydu. Xüsusən, müstəqilliyimizin təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən onun hələ Naxçıvan Ali Məclisinə rəhbərliyi dövründə qoyulmuşdu. Müstəqil dövlətin atributu olan üçrəngli bayrağımız məhz ilk dəfə onun təşəbbüsü ilə Ali Məclisin iclasına gətirildi. Sonrakı illərdə, yəni xalqın tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıtdıqdan sonra isə, O böyük insan müstəqilliyimizi əbədi və dönməz etdi".

M.Məmmədov çıxışında müstəqillik illərində rabitə və informasiya texnologiyaları sahəsində əldə olunan uğurlardan da danışdı: "1993-cü ildə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, digər sahələrdə olduğu kimi, rabitə sahəsində də quruculuq işlərinə start verildi. Sumqayıt və Gəncə şəhərlərində qardaş Türkiyə şirkətlərinin istehsalı olan elektron tipli ATS-lərin istifadəyə verilməsi bu quruculuğun mücdəsi oldu. Eyni zamanda, "Aztelekom" İB-də 2000 kanallı beynəlxalq telefon stansiyası və 6150 kanallı respublika daxili şəhərlərarası telefon stansiyası yaradıldı. 1995-ci ildə "Aztelekom" İstehsalat Birliyində "Alkatel-Teletaş" şirkətinin istehsalı olan S-12 tipli şəhərlərarası "Toll" və beynəlxalq "GW" (ci-dablyu) stansiyaları, Gəncə şəhərində S-12 tipli şəhərlərarası "Toll" stansiyası istifadəyə verildi. 1999-cu ildə Azərbaycanda telefon rabitəsinin mövcud olduğu həmin vaxta qədər ən böyük layihənin-"Trans-Asiya-Avropa" fiber optik kabel sisteminin Azərbaycan seqmentlərinin tikintisinə başlanıldı. 2000-ci ildə "Trans-Asiya-Avropa" fiber optik kabel sisteminin Azərbaycan seqmentlərinin tikintisi başa çatdırıldı. Bakı şəhərindən üç istiqamətdə: 575 kilometrlik Qazax-Gürcüstan, 345 kilometrlik Astara-İran və 125 kilometrlik Siyəzən magistralları istifadəyə verildi. İlkin olaraq 20 rayon və şəhərin mərkəzi ATS-inin qoşulduğu sistem, eyni zamanda, respublikanın rabitə şəbəkəsini İran və Gürcüstanın rabitə şəbəkələri ilə birləşdirdi. Layihənin reallaşdırılması ilə ölkəmizin rabitə şəbəkəsi dünya rabitə şəbəkəsi ilə inteqrasiya edilərək tranzit şəbəkəyə kimi fəaliyyət göstərməyə başladı. Ölkənin rabitə tarixində, ilk dəfə olaraq, ilkin şəbəkənin vahid mərkəzdən idarə olunması, telefon yükünün tənzimlənməsi, rezervlənməsi, statistik məlumatların əldə olunması, şəbəkənin vahid takt tezliyi ilə sinxronlaşdırılması imkanı yarandı. Tikintisi 2001-ci ildə böyük hadisə hesab olunan fiber optik kabel magistrallarının hazırda ümumi uzunluğu təqribən 5000 km təşkil edir. MDB ölkələri arasında birinci olaraq 2008-ci ildə Azərbayanda ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılması başa çatdırıldı. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək dedi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü respublikanın hər bir bölgəsində böyük əhval-ruhiyyə ilə qeyd olunur: "Cənab Prezidentin bu Sərəncamı bir daha göstərir ki, O, Azərbaycanın dövlət müstəqilliyinin qarantıdır və müstəqilliyimiz etibarlı əllərdədir. Xüsusən, dövlət başçısı xalqımızın rifah halının yüksəldilməsi, insanlarımızın qüdrətli ölkənin vətəndaşlarına çevrilməsini siyasi kursunun prioriteti hesab edir. Məhz onun qətiyyəli siyasətinin nəticəsidir ki, Azərbaycan dövləti regionda söz sahibinə çevrilmişdir".

Millət vəkili Azərbaycanın öz müstəqilliyini əldə etməsi üçün bir çox ağır sınaqlardan çıxdığını söylədi: "Belə bir vaxtda onun qorunub saxlanması üçün Ulu Öndər Heydər Əliyev qətiyyəti və fədakarlığı lazım idi. Məhz 1993-cü ildə bu böyük insan bir xilaskar kimi özünü vətənin ən ağır dövrünə çatdıraraq, ikinci dəfə qazandığımız müstəqilliyimizi itirməkdən qurtardı. Sonrakı illərdə isə Ulu Öndər ölkəmizə siyasi sabitlik və iqtisadi inkişaf gətirdi. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini layiqincə davam etdirir. Müstəqilliyimizi əldə etdiyimiz dövrdən bu günə qədər ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub". Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Fikrət İsmayılov da çıxış edərək bildirdi ki, 20 illik müstəqillik dövründə Heydər Əliyev ideyaları insanların qəlbinə, şüuruna hakim kəsilibdir: "İndi vətəndaşlarımız inanırlar ki, onlar bu ideya ilə ölkəmizi daha abad və qüdrətli görəcəklər. Bu gün xalqımız Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir və taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə - YAP-a etibar edir". Tədbirdə çıxış edən digər iştirakçılar da müstəqilliyimizin ölkəmizə verdiyi inkişaf və firavanlıqdan danışdılar.

Tədbir bayram konserti ilə başa çatdı.

R.KAMALQIZI

Digər xəbərlər