Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata istinadən, Fransanın nüfuzlu "Le Point" (Nəzər nöqtəsi) həftəlik jurnalında Bakı şəhəri və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən məqalə dərc olunub.Fransanın ən nüfuzlu üçlük jurnalları siyahısına daxil olan "Le Point" (Nəzər nöqtəsi) həftəlik jurnalında dünyanın yeni dəbdə olan şəhərlərinə həsr edilmiş xüsusi reportaj çərçivəsində Bakı şəhəri və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən və "Bakı - Qara qızıl ölkəsinin bəyaz gecəli şəhəri" başlığı altında məqalə dərc edilib.
Məqalədə 1994-cü ildən etibarən Azərbaycanda əsil iqtisadi inqilabın baş verdiyi, dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandığı və bu tarixdən sonra neft-qaz və qeyri neft-qaz sektorlarının sürətlə inkişaf etdiyi və bunların nəticəsində keçmiş Sovet İttifaqı ölkəsi olan və 18 oktyabrda müstəqilliyinin bərpa edilməsinin 20 illiyini qeyd edəcək Azərbaycanın, bu gün regionda ən zəngin ölkələrdən birinə çevrildiyi bildirilir. Həmçinin, məqalədə vurğulanır ki, yalnız bu il ərzində Bakı şəhərində 5 ədəd 5 ulduzlu mehmanxananın açılması planlaşdırılır. Artıq bir sıra dünya şöhrətli mağazalar (butiklər) və müasir restoranlar burada fəaliyyət göstərir.
Daha sonra qeyd edilir ki, 2012-ci ilin yazında "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi Bakı şəhərində, demək olar ki, günün bütün saatlarında tikinti-quruculuq işləri aparılır və Azərbaycanın qədim Odlar Yurdu olmasını simvollaşdıran Alov Binaları tikilir, və beləliklə, Azərbaycanın sabahı yaradılır.
Eyni zamanda, Bakıda cavanların əsasən getdiyi dəbdə olan yerlərdən geniş bəhs edilir və fransız yazıçısı Aleksandr Dümanın "Qafqaza səyahət"i kitabında Azərbaycan mətbəxi haqqında yazdıqlarını dadmaq üçün fransız oxucularına Bakı şəhərinin restoranlarına baş çəkmək və İçərişəhəri səyahət etmək məsləhət görülür.
Ümumiyyətlə, məqalədə Azərbaycan və onun paytaxtı Bakı şəhəri haqqında müsbət məlumat verilir, və yeni dəbdə olan şəhərlər sırasında Bakı şəhəri Avropanın Dubayı adlandırılır. "Le Point" jurnalı dünya səyahətçiləri üçün yeni dəbdə olan şəhərlər siyahısına Bakı şəhərindən başqa Braziliyanın paytaxtı Braziliya şəhərini, Mərakeşin paytaxtı Rabat şəhərini, Niderlandın Rotterdam şəhərini, ABŞ-ın Portland şəhərini və Kambodjanın paytaxtı Pnompen şəhərini aid edibdir və Şərqi Avropa regionundan yalnız Bakı şəhəri bu siyahıda yer tutubdur.
ZÜMRÜD