Oktyabrın 14-də "Hilton Baku" otelində "Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimatı keçirilib. Kitabın müəllifləri "Qafqaz və qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqaz Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılovdur. Kitabın artıq London, Vaşinqton və Brüsseldə ingilis dilində təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən kitabın həmmüəllifi Eldar İsmayılov qeyd edib ki, bu elmi araşdırma Azərbaycanın işğal olunmuş ərazilərində münaqişənin həllindən sonra aparılacaq işlərə, fiziki infrastruktur və yenidənqurma məsələlərinin təhlilinə həsr olunub. E.İsmayılov bildirib ki, kitab Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişəsonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında yazılıb. Nazim Müzəffərli bildirib ki, münaqişədən sonra ərazilərdə bərpa işlərinə yönəldiləcək xərclər inflyasiya nəzərə alınmadan və alınmaqla hesablanıb. Müəllif araşdırmada bərpa işlərinə yönəldiləcək dövlət xərclərinin konkret məbləğinin də hesablandığını söyləyib. "Bu araşdırmada qəbul edilmiş ilkin şərtlər və ehtimallar əsasında aparılmış hesablamalara görə, postkonflikt ərazilərin bərpasına yönəldiləcək dövlət xərcləri 15,5 milyard manat və ya 19,4 milyard dollar, inflyasiya amili nəzərə alınmaqla isə 22,7 milyard manat və ya 28,4 milyard dollar təşkil edəcəkdir",- deyən N.Müzəffərli, eyni zamanda, qeyd edir ki, dövlət investisiyalarının faktiki məbləği kitabda göstərilən rəqəmlərdən fərqlənəcəkdir. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələnin bir tərəfidirsə, ərazilərin bərpası, postkonflikt inkişafı məsələnin digər tərəfidir, - deyən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib: "Bu kitab münaqişənin həllindən sonra meydana çıxan problemləri önə çəkərək, onların həlli yollarını təklif edir. Azərbaycan danışıqlar prosesinə ümidlə yanaşır, eyni zamanda bu prosesin müəyyən limitinin olmasını da nəzərə alır".
E.Aslanov qeyd edib ki, prioritet məsələ Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, işğal olunmuş ərazilərin azad edilməsidir. "Bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzü dünya birliyinin etinasızlığı ilə müşayiət olunur. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu günə qədər yerinə yetirilməmişdir. Bu güclü təşkilatın qərarlarının yerinə yetirilməməsi, bir tərəfdən, bir çox suallar meydana çıxarır, digər tərəfdən, dünyanın ikili standartlarla idarə olunmasını göstərir. Bu da dünyada münaqişələrin çoxalmasına gətirib çıxarır", - deyə E.Aslanov vurğulamışdır. O əlavə etmişdir ki, Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistan beynəlxalq məsuliyyətə cəlb olunmalıdır. E.Aslanov söyləmişdir ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmişdir. Amma reallıq ondan ibarətdir ki, Ermənistan bu gün status-kvonun saxlanmasında maraqlıdır. Bu isə bölgədə sülhün bərqərar olmasına xidmət etmir. Şöbə müdiri qeyd etmişdir ki, o vaxta qədər ki, dünya birliyi Ermənistana təzyiq göstərməyəcək, o zamana qədər bölgədə sülhün, sabitliyin bərqərar olması böyük maneələrlə qarşılaşacaq. Tədbirdə kitabın "Ön söz" müəllifi, Con Hopkins Universitetinin professoru Frederik Starr araşdırma ilə bağlı fikirlərini bildirib.
GÜLYANƏ