18 Oktyabr Dövlət Müstəqilliyi Günü Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə və ölkəmizdən kənarda dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Müstəqilliyimizin bərpa edilməsindən keçən 20 il ərzində qazanılan nailiyyətlər, görülən işlər təşkil edilən elmi konfranslarda, simpoziumlarda təhlil edilir, qiymətləndirilir, rəsmi tədbirlər vasitəsilə təbliğ olunur. Bu silsilə tədbirlərin davamı olaraq YAP Nəsimi rayon təşkilatı və gənclər birliyinin təşkitlatçılığı ilə Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində əsgərlərlə bayram görüşü keçirilib.
Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova açaraq, müstəqillik tarixi və 20 illik tarixi dövrə nəzər salıb. O bildirib ki, müasir dövrümüzdə dünya birliyində və dünya dövlətləri arasında özünə layiqli yer tutan Azərbaycan yaşadığı müstəqilliyi 1991-ci ildə əldə etməsinə baxmayaraq, bu müstəqilliyin kökü tarixin səhifələrindən süzülüb gəlir.
Məlahət Həsənova müstəqilliyimizin ilk illərində Azərbaycanda baş verən ictimai-siyasi olayları diqqət çəkib ölkənin yaşadığı böhranlı vəziyyətə də nəzər saldı. Məhz belə bir məqamda Azərbaycana xalqımızın, millətimizin milli dövlətçilik tarixini özünə qaytaran bir Şəxsiyyətin - Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqın xilaskarlıq tarixini yazdı. Bu Şəxsiyyət xalqının, millətinin tarixini dərindən bilən, onu sevən və ənənələrimizi yaşatmaq missiyasını öz çiyinləri üzərinə qaldıran Heydər Əliyev idi. Heydər Əliyev hələ sovet məkanında yaşadığımız illərdə Azərbaycanın gələcək inkişafına yollar açırdı. 1969-cu il 14 iyun tarixində özünə qarşı yaratdığı inamın, etimadın və qətiyyətin nəticəsində Heydər Əliyev Azərbaycana rəhbər təyin edildi. Bu təyinat dövlətçiliyimizin yenidən çiçəklənməsinə və təkmilləşərək inkişaf etməsinə səbəb olan ən önəmli hadisə idi. İmperiya tərkibində olmasına baxmayaraq, ölkəmizdə hərtərəfli inkişafın təməli məhz Heydər Əliyev tərəfindən qoyuldu. Məlahət Həsənova bu inkişafın sovetlər dağıldıqdan sonra yaranan müstəqil Azərbaycan dövlətinə, Azərbaycan xalqının inkişaf yolu keçməsinə zəmin yaratmış olduğunu bildirdi. Müstəqilliyin ilk illərində xalqın qarşılaşdığı çətinliklər yenə də Ümummilli Liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə aradan qalxmış oldu. Həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın Ümummilli Liderinə çevirməklə bərabər, dövlətimizi də dünyanın qabaqcıl dövlətləri sırasına yüksəltdi.
Bu gün əsası Ulu Öndərimiz tərəfindən qoyulan müstəqil dövlətçilik tariximizin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurlar davam və inkişaf etdirildiyinin şahidi oluruq. Dövlətimizin həyata keçirdiyi siyasətdə Heydər Əliyev irsinin öyrənilməsi, onun davam etdirilməsi və təkmilləşdirilməsinə böyük önəm verilir.
Görüş çərçivəsində təşkilatçılar hərbi xidmətdə olan əsgərlərlə ünsiyyət qurmuş, onların problemləri ilə yaxından tanış olmuşlar. Eyni zamanda, hərbi hissəyə üç ədəd televizor hədiyyə edilib.
Bayram tədbiri bədii hissə ilə başa çatıb.
NƏZAKƏT