"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaşadığımız 20 il ərzində əzəmətli, möhtəşəm inkişaf mərhələsi keçib. 20 il ərzində Azərbaycan əhəmiyyətli dərəcədə dəyişib, bir millətin əldə etdiyi müstəqillik 20 il ərzində nə verə bilərsə, bu müddətə bir millət nələri qazana bilərsə, Azərbaycan onları artıqlaması ilə nail ola bilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar bölgələrdə böyük tədbirlər keçirilir, Yeni Azərbaycan Partiyası da bu tədbirlərə qoşularaq Azərbaycanın 20-ci ildönümünü qeyd edir.
Ötən əsrin 90-cı illərinin əvvəllərindəki xaos və anarxiyadan qurtulan Azərbaycan indi bölgənin ən güclü, ən qüdrətli dövlətinə çevrilib, deyən Ə.Əhmədov qeyd edib ki, ölkəmiz dünya səviyyəsində öz rolunu və mövqeyini əhəmiyyətli dərəcədə yüksəldib, ordusunu qüdrətləndirib: "Azərbaycan müstəqilliyinin 20 ili Azərbaycana möhtəşəm bir inkişaf gətirib. İnsanların rifahı dəyişib və bütövlükdə Azərbaycanın özü və dünyadakı rolu dəyişib".