PDF Oxu

Sosial

  • 16

Mətbuat Şurasının “reketçiliklə” bağlı səlahiyyətlərinin artırılmasına ehtiyac var

Mətbuat Şurasının “reketçiliklə” bağlı səlahiyyətlərinin artırılmasına ehtiyac var

Mətbuat Şurası "reketçiliklə" bağlı tədbirləri gücləndirsə də, nəticə ondan ibarətdir ki, bu sahədə hələ də problemlər qalmaqdadır. Bu mənada, həmin qəzetlərin, ümumiyyətlə, qeydiyyatı ləğv oluna bilərmi? Mətbuat Şurası "reketçiliklə" məşğul olan qəzetlərin qarşısını necə ala bilər? Bu suallara aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.


Elçin Mirzəbəyli,

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:


- Mətbuat Şurasının "reketçiliklə" bağlı səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu məsələ uzun müddətdir ki, gündəmdədir. Azərbaycanda iki qurum fəaliyyət göstərir. Radio Teleradio Şurası radio və televiziyaların, Mətbuat Şurası isə yazılı medianın fəaliyyətini tənzimləyir. Teleradio Şurasının sanksiyalar tətbiq etmək, lisenziyalar vermək və qeydiyyatını ləğv etməklə bağlı məhkəməyə müraciət etmək hüquqları var. Ancaq Mətbuat Şurasının yazılı mediaya bu addımları atmaq səlahiyyətləri və hüquqları verməyə ixtiyarı yoxdur. İndiki şəraitdə hüquqi bir boşluq var. Çünki burada Teleradio Şurası da, Mətbuat Şurası da KİV-lərin iş fəaliyyətini tənzimləyir. Necə ola bilər ki, onlardan birinin səlahiyyətləri çərçivəsində sanksiyalar tətbiq etmək hüququ var, amma digərinin yoxdur? Bu baxımdan, düşünürəm ki, bu sahədəki müəyyən boşluqların aradan qaldırılmasına ehtiyac var.

Mən "reket" sözünü qəbul etmirəm. Çünki onların bu cür hərəkətlərə yol vermələri fırıldaqçılıq və dələduzluqdan irəli gəlir. Fırıldaqçılıq və dələduzluq da müxtəlif formalarda olur. İndiki şəraitdə isə həmin şəxslər media vasitəsilə öz əməllərini həyata keçirirlər. Hansısa bir məmuru şantaj və təhdid edərək pul qazanmaqla məşğul olurlar. Bu isə qanunvericiliyin tələblərinə görə cinayət məsuliyyəti yaradır.


Yunus Oğuz,

"Olaylar" qəzetinin baş redaktoru:

- Mətbuat Şurası ölkədə fəaliyyət göstərən qəzetlərin qeydiyyatı ilə məşğul olmur. Düşünmürəm ki, "reketçiliklə" məşğul olan qəzetlərin fəaliyyəti birdən-birə tamamilə ləğv olunsun. Bu baxımdan, fikrimcə, bu tip qəzetlərin "reketçiliklə" məşğul olmalarının qarşısının alınmasına uzun illər lazımdır. Bu illər ərzində də "reket" qəzetləri tamamilə sıradan çıxarmaq olar.

Mətbuat Şurası hər zaman "reketçiliklə" məşğul olan qəzetlərlə mübarizə aparıb. Mətbuat Şurası bu sahədə öz səlahiyyətlərini gücləndirir və "reket" qəzetlərinin adlarını açıq şəkildə elan edir. Mətbuat Şurasının bəzi üzvləri elan edərək bildirib ki, MŞ-nin səlahiyyətləri artırılmalıdır. Bu baxımdan, sözügedən məsələnin müzakirə edilməsinə ehtiyac var.


GÜLYANƏ

Digər xəbərlər