PDF Oxu

Sosial

  • 7

“Reket”çilik mətbuatın üz qarasına çevrilir

“Reket”çilik mətbuatın üz qarasına çevrilir

Mətbuat Şurası "reket"çiliklə bağlı tədbirləri gücləndirsə də, nəticə ondan ibarətdir ki, bu sahədə hələ də problemlər qalmaqdadır. Bu mənada, ümumiyyətlə, "reket" qəzetlərin qeydiyyatı ləğv oluna bilərmi? Mətbuat Şurası "reket"çiliklə məşğul olan qəzetlərin qarşısını necə ala bilər? Bu suallara aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.

Natiq Məmmədli,

"Kaspi" qəzetinin baş redaktoru:


- Mətbuat Şurası "reket" qəzetlərin tamamilə aradan qaldırılması istiqamətində çox ciddi işlər görür. Ancaq MŞ-nin bu istiqamətdə gördüyü işlər ictimai tənbeh xarakteri daşıyır. Düşünürəm ki, "reket", faktiki olaraq, kriminal hadisədir. Bu da Cinayət Məcəlləsində tənzimlənməlidir ki, sözügedən problemdən tamamilə yaxa qurtara bilək. Yəni, bu problemin həll olunmasına hüquqi məsuliyyət olmalıdır.

Mətbuat Şurası imkanları və səlahiyyətləri çərçivəsində "reket"çiliklə mübarizə istiqamətində kifayət qədər işlər görərək tədbirlər həyata keçirir. Sadəcə olaraq, sözügedən problemin tamamilə aradan qaldırılmasında MŞ-nin gördüyü işlər yetərli deyil. Ona görə də, Mətbuat Şurasının səlahiyyətlərinin artırılmasına zərurət var. Düşünürəm ki, həmin səlahiyyətlər MŞ-yə verilərsə, onun təsir imkanları daha güclü olar.


Aydın Quliyev,

"Bakı-Xəbər" qəzetinin baş redaktoru:


- Mətbuat Şurasının "reket"çiliklə bağlı ardıcıl fəaliyyəti var. Amma etiraf etmək lazımdır ki, hələ də "reket"çiliklə məşğul olan qəzetlərin kökünü tam şəkildə kəsmək qeyri-mümkündür. Bu, müəyyən qədər təbii nəticədir. Çünki mətbuatda "reket" faktoru illər boyu Azərbaycanda yaranıb. Təbii ki, bu da aydın məsələdir ki, illər boyu yaranan bir problemin kökünü qısa müddət ərzində kəsmək bir qədər çətindir. Burada Mətbuat Şurasının "qara siyahı"sına adı daxil edilmiş ayrı-ayrı mətbuat orqanlarının fəaliyyətinin ləğv olunmasının hüquqi əsaslarının yaradılması, bu gün aktual mövzu kimi gündəmdə müzakirə edilməkdədir. Eyni zamanda, MŞ-nin ayrı-ayrı üzvləri müxtəlif vaxtlarda müəyyən təşəbbüslərlə çıxış ediblər. Düşünürəm ki, "reket"çiliklə məşğul olan qəzetlərin tamamilə aradan qaldırılması istiqamətində addımların atılması üçün müəyyən bir hüquqi bazanın yaradılmasına ehtiyac var.

Mətbuat Şurası hər cür vasitələrdən istifadə etməklə "reket"çiliklə məşğul olan qəzetlərin kökünü kəsməyə çalışıb. Bu gün Mətbuat Şurası bu problemin həlli naminə bütün imkanlardan və səlahiyyətlərdən istifadə edir. Fikrimcə, MŞ-dən bu problemin həll olunmasında bundan artığını tələb etmək bir az ədalətsizlik olar. Sadəcə olaraq, MŞ-yə müəyyən əlavə səlahiyyətlərin verilməsi üzərində düşünmək daha yaxşı olardı.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər