Bəşər sivilizasiyasının ən qədim nümayəndələrindən olan türk xalqı daim öz mədəniyyəti, tarixi keçmişi, bütün formalarda sərgilənən dəyərli, əhəmiyyətli varlığı ilə daim digərlərindən seçilmişdir. Bəlkə də söyləmək olar ki, böyük türk dünyası dünya sivilizasiyasında ayrıca, xüsusi bəşəriyyət olaraq öz aliliyini, yüksəkliyini nümayiş etdirmişdir. Əbəs yerə deyil ki, kökü mədəniyyətə söykənən hər bir xalqın formalaşması da məhz bu amildən irəli gələrək, öz həyat axarını tapmışdır.
Haqqında bəhs edilən "Sivilizasiyaların kəsişməsində türk dünyası" kitabında da müəllif, iqtisad elmləri namizədi Ərəstü Həbibbəyli bir çox incə məqamlara toxunaraq, buradakı fikirləri elmi-publisistik baxışlarla oxucularına təqdim etmişdir.
Kitabın ilk səhifəsində yer almış Ulu Öndər Heydər Əliyevin kəlamı da nəşrin özünəməxsusluğundan, faydalılığından verilən xəbərdir: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları arasında fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".
Nəşrin girişində də sivilizasiyalararsı münasibətlərə toxunan müəllif vurğulamışdır ki, fəlsəfə və geopolitika sahəsində də bu mövzu əsas oriyent, göstərici kimi görünməyə başlamışdır. Bu və bu kimi digər maraqlı məsələlərə toxunan Ə.Həbibbəyli, eyni zamanda, məşhur sivilizoloqlar Samuel Hantinqton, Arnold Toynbi, Fernan Brodel, Kristofer Dauson kimi alimlərin fikirlərindən yararlanaraq, maraqlı faktorlarla çıxış etmişdir.
Kitabın mündəricatına nəzər salarkən, burada müxtəlif mövzuların bir nöqtəyə- qədim türk xalqının mədəniyyətinə doğru istiqamət götürdüyü aydın olur. Belə ki, "Sivilizasiya-bəşəriyyəti birləşdirən, yoxsa ayıran anlayış kimi", "Türk və pravoslav-slavyan sivilizasiyaları: harmoniya yaxud qarşıdurma", "Türk sivilizasiyasının Qərb sivilizasiyası ilə münasibətləri", Çin sivilizasiyası ilə münasibətlərin özünəməxsusluğu", "Türk sivilizasiyası islam mədəniyyətinin əhatə dairəsində", "Türk və ərəb sivilizasiyalarının dialoqu", "Türk-İran sivilizasiyaları arasında olan münasibətlər" kimi mövzular bir-birindən doğan mühüm fikirlərin vahid nöqtəyə tərəf istiqamət almasına xidmət edir.
Ə.Həbibbəylinin gəldiyi maraqlı qənaətə görə, Azərbaycanda, eləcə də, bütün dünyada qədim türk tarixinə rast gəlinir ki, bu da türk sivilizasiyasının zamanında böyük vüsət almasını yetərincə təsdiqləyir. Kitabda dərc edilmiş müxtəlif qədim türk abidələrinin şəkilləri, türk toponimlərinin adları da bu özəlliyi vurğulamağı vacib edir. Buna misal kimi Gəmiqayada Göy Tanrı inancının əks olunduğu təsvir və bu təsvir haqqında qeyd edilmiş sözləri göstərmək mümkündür: "İslamaqədərki türk dini əqidəsində və bütövlükdə türk dini inanc sistemində tenqriçilik (bəzən "Göy Tanrı" dini və ya tanrıçılıq da adlanır) aparıcı yer tutmuş və bünövrə rolunu oynamışdır. Hun, Göytürk xaqanlıqlarında əsas olan bu dini inancda müqəddəs varlıqlar, təbiət qüvvələri, atalar kultu olsa da yeri-göyü yaradan ən uca varlıq "Göy Tanri" hesab edilirdi..."
Sonda sözügedən kitab haqqında bir amili və fikri vurğulamaq olar ki, bu nəşr həqiqətən də, özündə bütün vacib xüsusiyyətləri, o cümlədən, elmi xüsusiyyətləri birləşdirərək, məntiqi nəticələrlə çıxış edir. Çünki bu vəsaiti həm masaüstü kitab kimi, həm də elmi dərs vəsaiti kimi oxumaq tarixlə, sivilizasiya ilə, sosiologiya ilə maraqlanan hər bir şəxsə kifayət qədər maraqlı məlumatlar verir. Ən əsası isə buradakı qədim türk dünyasının dünya sivilizasiyasındakı liderlik rolu əhəmiyyətli və əhəmiyyətli olduqca da vacibliyi əxz etdirir. Məhz kitabın "Nəticə" bölümündə də bu mühüm faktora toxunulur: "Göründüyü kimi, çox qədim tarixə və davamlı ənənələrə malik olan türk dünyası təmsilçilərinin digər sivilizasiyalarla dialoqu geniş mənada bəşər sivilizasiyasının formalaşması və inkişafında mühüm rol oynamışdır..."
RƏFİQƏ KAMALQIZI