Bu gün Kənd Təsərrüfatı Nazirliyində YAP Yasamal rayonu Kənd Təsərrüfatı Nazirliyi Ərazi ilk partiya təşkilatının üç illik hesabat-seçki yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, nazir müavini Aslan Aslanov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasətin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, aqrar sahədə qazanılan uğurlar, 1990-93-cü illərdə ölkədəki ictimai-siyasi vəziyyət, YAP-ın yaranma zəruriliyi barədə geniş məlumat verdi.
YAP Yasamal rayonu Kənd Təsərrüfatı Nazirliyi Ərazi ilk partiya təşkilatının sədri Vilayət Süleymanov təşkilatın 3 illik fəaliyyəti barədə çıxış etdi.
Qeyd etdi ki, müstəqilliyimizin 20 illiyi ərzində istər ulu öndərimiz Heydər Əliyev tərəfindən, istərsə də onun layiqli davamçısı Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən, ölkəmizin bütün sahələrində istər təhsil, mədəniyyət, turizm, nəqliyyat, tikinti quruculuq işlərinin, istərsə də infrastruktur layihələrinin həyata keçirilməsi göz qabağındadır.
Hesabat ilində Kənd Təsərrüfatı naziri Cənab İsmət Abasovun partiya təşkilatına diqqət və qayğısı sayəsində Nazirliyin xidmət təşkilatlarında mütəmadi olaraq silsilə tədbirlər keçirilmiş, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu olan Heydər Əliyevin regionlarda, eləcə də xidmət təşkilatlarında 1969-1982 və 1982-2003-cü illərə aid kənd təsərrüfatı sahəsində gördüyü işlərə və cənab Prezidentin həyata keçirdiyi siyasətə dair foto stendlər yaradılmışdı.
Ərazi ilk partiya təşkilatı özünün iş planına müvafiq olaraq mütəmadi olaraq istər Respublika səviyyəsində, istərsə də rayon səviyyəsində keçirilən tədbirlərdə həmişə aktiv iştirak etmiş, lazımi tədbirlərin görülməsi üçün təşkilati tədbirlərin keçirilməsini təmin etmişdir. Belə ki, 2008-ci ilin oktyabrın 15-də keçirilən Prezident seçkilərində, eyni zamanda 2010-cu ildə keçirilən parlament seçkilərində partiyanın 45 nəfər üzvü həm Prezident seçkilərində, həm də parlament seçkilərində aktivlik göstərərək YAP Yasamal rayon təşkilatının dairə və məntəqə seçki komissiyalarında müşahidə və məşvərətçi qismində iştirak etmişlər.
YAP Yasamal rayonu Kənd Təsərrüfatı Nazirliyi Ərazi ilk partiya təşkilatı, istərsə də Yeni Azərbaycan Partiyası sıralarına qəbulla bağlı, eyni zamanda üzvlük haqqının toplanıb YAP Yasamal rayon təşkilatına ödənilməsini müqayisə etsək görərik ki, 2008-ci ildə partiya üzvlərinin sayı 354 nəfər olmaqla, onlardan 60 nəfəri qadınlar, 44 nəfəri isə gənclər təşkil etmişdir. 2010-cu ildə isə partiya üzvlərinin sayı 371 nəfər olmaqla, 67 nəfəri qadınlar, 48 nəfəri isə gənclər təşkil etmişdir.
Çıxış edən YAP Siyasi Şurasının üzvü Əhliman Tağıyev, Qadınlar Şurasının sədri Solmaz Hüseynova və digərləri təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verdilər.
Yekunda yeni idarə heyətinin tərkibi, YAP Yasamal rayon təşkilatının konfransına nümayəndələr və ərazi partiya təşkilatının sədri vəzifəsinə Süleymanov Vilayət Məmməd oğlu açıq səs vermə yolu ilə seçildi.