PDF Oxu

Sosial

  • 21

“Dünya əhalisinin durumu-2011” hesabatında Azərbaycana dair olan yanlış məlumatlar heç bir mənbəyə əsaslanmır

“Dünya əhalisinin durumu-2011” hesabatında Azərbaycana dair olan yanlış məlumatlar heç bir mənbəyə əsaslanmır

BMT-nin Əhali Fondu "Dünya əhalisinin durumu-2011" ("State of world population-2011") adlı hesabatını yayımlayıb. Planet əhalisinin əsas inkişaf tendensiyalarını əhatə edən hesabatda insanların sağlamlığı, təhsili, ömür uzunluğu və həyat keyfiyyətinə birbaşa təsir edən cəhətlər əks olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hesabatda Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar da əksini tapıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Statistika Komitəsi tərəfindən ana və uşaq ölümünə dair göstəricilər illər üzrə dəqiqliyi ilə hesablanıb. Həmin göstəricilər, eyni zamanda, ÜST tərəfindən qəbul olunub və hesabatlarında əks olunub.

Respublika əhalisinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının müstəsna rolu olub. Qeyd etmək lazımdır ki, səhiyyə proqramları dövlət tərəfindən maliyyələşdirilir. Bu proqramların icrasına bu günə kimi 200 milyon manatdan artıq büdcə vəsaiti sərf olunub.

Ana və uşaqların sağlamlığının qorunması Dövlət Proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 6-sı (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba, Sabirabad) artıq fəaliyyət göstərir. Son illərdə respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində səhiyyənin, bir çox sahələrində olduğu kimi, ana və uşaqların sağlamlığının qorunması işində də uğurlarımız göz qabağındadır. Əgər 1993-cü ildə respublikada 0-1 yaşadək körpə ölümü hər min diri doğulana 28,2% təşkil edirdisə, son iki ildə bu göstərici 11%-ə enib. 0-5 yaşadək uşaq ölümü 1993-cü illə müqayisədə hər min diri doğulana 44,4%-dən 4,3%-dək azalmışdır. Ana ölümü əmsalı 1993-cü illə müqayisədə hər 100 min diri doğulana 34,4-dən 2010-cu ildə 15,7-dək azalıb.

Əhalinin maarifləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində evdə doğuşlar əhəmiyyətli dərəcədə azalıb. 2010-cu ilin statistikasına görə, bu göstərici ümumi doğuşların 2,3%-ni təşkil edir. Bu statistik rəqəmlər Azərbaycan səhiyyəsinin uğurla inkişaf etdiyini göstərən amillərdir. Ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir.

Prezident cənab İlham Əliyevin fərman və sərəncamları ilə ölkə səhiyyəsində islahatların aparılması bu gün respublikanın səhiyyə sistemində yeniləşməyə, ab-havanın sağlamlaşdırılmasına, əhaliyə göstərilən xidmətin yüksək səviyyəyə qaldırılmasına yönəlib. Səhiyyə müəssisələrində təmir, tikinti və abadlaşdırma, saxta dərmanlarla mübarizə və digər məsələlərə dair görülən işlərin başlıca istiqamətləri əhalinin sağlamlığına, tibbi xidmətin səviyyəsinin yüksəlməsinə xidmət edir. İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. Son illər ərzində görülmüş işlər bu sahənin mütəxəssisləri tərəfindən təqdirə layiq olaraq qiymətləndirilir. Hətta bu uğurlar dünya dövlətlərinin də diqqətindədir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çan Bakıda keçirilən ÜST-in Avropa Regional Komitəsinin 61-ci sessiyasında çıxışı zamanı bildirmişdir ki, Azərbaycanda bütün insanların sağlamlığının təmini barədə öhdəlik götürülüb: "Çalışırsınız ki, bütün region inkişaf etsin. Siz iqtisadi çətinliklər, cəmiyyətin qocalması kimi problemləri həll etmək istəyirsiniz. Siz istəyirsiniz ki, Azərbaycan səhiyyəsi insanların müalicəsi üçün daha açıq olsun".


N.ƏLƏDDİNQIZI

Digər xəbərlər