PDF Oxu

Sosial

  • 19

İran Ermənistanın “lobbisi” rolunda...

İran Ermənistanın “lobbisi” rolunda...

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu "İran ətrafındakı qalmaqal fonunda İran-Ermənistan münasibətləri" mövzusunda mətbuat konfransı keçirib. M.Əhmədoğlu onu da vurğulayıb ki, bu gün İran onu əhatə edən müharibə ehtimalının kifayət qədər yüksək olduğu məqamda müsəlman ölkələrinə deyil, məhz ikiüzlü Ermənistana üz tutur.

Politoloq İranın nüvə texnologiyası ilə bağlı gördüyü son işlərə dünyanın əksər ölkələri tərəfindən təhdidlər fonunda Ermənistana sığınması, erməni lobbisinin dəstəyinə ümid etməsi ilə bağlı məlumat verib. M.Əhmədoğlu İranın düşdüyü vəziyyəti təhlil edərək qeyd edib ki, Tehran nüvə texnologiyaları ilə bağlı dünyanı qane edəcək bir söz deməyib: "Bundan başqa İranda Buşer AES-ni işlədən elə onu yaradan rus mütəxəssisləridir. Əgər İranın bir AES-i işlətməyə gücü çatmırsa, nüvə silahını istehsal etsə, onu necə idarə edəcək? Nüvə obyektində olan qəzanı idarə edən mütəxəssislər lazımdır".

Politoloq hesab edir ki, bu və digər məsələlər İrana qarşı müharibə ehtimalını artırır: "Bu vəziyyətdə İran Ərəb dövlətlərində baş verən prosesləri öz xeyirinə olduğunu bildirir, lakin əməldə çətin bir vəziyyətdə ərəb dövlətlərinə üz tutmadı. O, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindədir, həmçinin, Ermənistana üz tutur".

M.Əhmədoğlu bildirib ki, İrana qarşı müharibəni şərtləndirən vacib amil İsraildir: "Ərəb ölkələri ilə gərginlikdən istifadə edən İsrail İranı bombalamaqla onların rəğbətini qazanmaq istəyir. Eyni zamanda, İranın xarici işlər naziri Əli Əkbər Salehi əli müsəlman qanına batmış, Azərbaycanın torpaqlarının işğalını həyata keçirmiş Ermənistandan yardım istədi".

"İran belə bir vaxtda müsəlman ölkələrinə üz tutmaqdansa Şanxay Əməkdaşlıq Təşkilatına müraciət edib" fikrini söyləyən politoloq burada Rusiya, Çin amili və onların dünyanın böyük dövlətləri ilə münasibətləri korlamamaq istəyi İranı yeni ünvan axtarmağa vadar etdiyini vurğulayıb: "Ermənistana səfər edən İranın xarici işlər naziri Əli Əkbər Salehi hakim yetkililərlə viza rejiminin ləğvi, ölkələr arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi məsələsini müzakirə edib. Onu da deyim ki, İran XİN başçısının vizanın ləğv edilməsi, İrandan Ermənistana gedəcək turistlərin sayının 1 milyon nəfərə çatdırılması və digər vədlər İranın anti-Azərbaycan siyasətinə kökləndiyinin göstəricisidir. Həmçinin, tam əminliklə bildirim ki, Əli Əkbər Salehi keçirdiyi görüşlərin heç birində Qarabağ məsələsinə toxunmayıb. Amma İranın bəzi rəsmiləri Azərbaycan daxilində gedən proseslərə müdaxilə edir, dövlətimiz əleyhinə tənqidi fikirlər söyləyirlər. Mən tam səmimi deyə bilərəm ki, Azərbaycan dövləti və cəmiyyətinin böyük əksəriyyəti İrana qarşı müharibənin əleyhinədir, çünki orada xeyli sayda azərbaycanlı var, həmçinin, nüvə obyektlərində yarana biləcək qəza Azərbaycana da təsirini göstərəcək. Azərbaycan BMT təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və İran Azərbaycanla məsləhətləşsəydi, onu narahat edən məsələlərin BMT-də qaldırılmasına nail ola bilərdi. Əksinə, İran Azərbaycan daxilində destruktiv siyasət aparmaq istəyir. İranın qaldırdığı hicab məsələsi dini deyil, siyasi məsələdir. Çünki dini məsələ olsaydı, hicaba riayət etməyən Suriya ilə yaxşı münasibətlərdə olmazdı və əksinə hicab geyiminə çox ciddi yanaşan Səudiyyə Ərəbistanı ilə əlaqələri bu qədər soyuq olmazdı".


Aytən Səmədova

Digər xəbərlər