Son illər ölkəmizin sürətli inkişafı, dünyanın aparıcı ölkələri arasında söz sahibinə çevrilməsi bəzi Azərbaycanı sevməyən xarici qüvvələri narahat etməyə başlayıb. "Eurovision" musiqi müsabiqəsi ərəfəsində müəyyən qüvvələr Azərbaycanın nüfuzuna ciddi cəhdlə ziyan vurmaq məqsədilə dünyanın müxtəlif kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə yazılar dərc etdirilər.
"Guardian" və "The Economist" kimi qəzetlər "Eurovision" mövzusunu gündəlikdə saxlamaqla iddia edirlər ki, guya Azərbaycanda insan haqları və media azadlığının pozulması ölkəmizdə belə tədbirlərin keçirilməsini sual altında qoyur.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ölkədə "Eurovision"la bağlı çox ciddi çalışmalar gedir: "Azərbaycan bu tədbiri keçirmək üçün kifayət qədər maliyyə imkanlarına, lazımı kadr potensialına malikdir. Bu işlərin aparılma səviyyəsi hətta qrafiki qabaqlayır. Bununla bağlı irəli sürülən iddialar subyektiv mülahizələrdir və heç bir real həqiqəti əks etdirmir".Ölkədəki demokratik azadlıqların və jurnalistlərin həbsi məsələsinə gəlincə politoloq qeyd edib ki, Böyük Britaniyanın özündə insan haqlarının kobud şəkildə pozulması, medianın məhdudlaşdırılması və sair bu kimi hallar kifayət qədərdir: "20 ildir ki, istiqlaliyyətini qazanmış bir ölkədə Avropa standartları səviyyəsində demokratiya tələb etmək mümkün deyil. Hər ölkənin özünün spesifik və milli xüsusiyyətləri var və ona uyğun da işlər aparılır. Azərbaycanda yalnız bir jurnalist həbs edilib. O da müəyyən bir iddialarla həbs olunub. Yəni bu jurnalist fəaliyyətinə aid deyil. Bu məsələləri bəhanə edib, Avropa əhəmiyyətli incəsənət tədbirinin guya Azərbaycanda keçirilə bilməyəcəyi haqda iddialar irəli sürmək ölkəmizə düşmən olan qüvvələrin təxribatıdır. Biz bu təxribatları müxtəlif janrlarda, donlarda çox görmüşük. İnkişaf etmiş Qərb ölkələrində belə polisin kütləvi tədbirlərin iştirakçılarına qarşı zor tətbiq etməsi, xüsusilə başqa ölkələrdən gəlmiş və həmin ölkədə vətəndaşlığı olan şəxslərə qarşı amansız rəftarı ilə bağlı yüzlərlə fakt gətirmək mümkündür. Son dövrlərdə bu İngiltərədə özünü daha aydın surətdə göstərir. İngiltərə polisi müəyyən hüquqlarını tələb edən maaşların qaldırılması, təhsil haqlarının artırılması ilə bağlı edilən etirazlara amansızcasına müdaxilə edir, onların qarşısını alır. Biz deyə bilmərik ki, İngiltərə də demokratiya yoxdur. Hətta inkişaf etmiş demokratik ölkələrdə belə polis, məmur qabalığı, özbaşınalığı və bu kimi hadisələrə rast gəlmək mümkündür".
Bu xəbərlər böhtan və şərdən başqa bir şey deyil və narahat olmağa dəyməz deyən Q. Hüseynlinin sözlərinə görə, bu qəbildən olan adamlar sadəcə olaraq Azərbaycanın sürətli inkişafından çox narahatdırlar.
Siyasi ekspert Elman Nəsirov isə bildirib ki, Azərbaycanın "Eurovision"a hazırlaşdığı bir dövrdə, dünyanın ölkəmizə diqqətinin cəlb edildiyi məqamda anti-Azərbaycan qüvvələri də heç şübhəsi ki, dinc oturmayıblar, hər fürsət düşdükcə onlar Azərbaycanın bu uğurlarına kölgə salmaq üçün müxtəlif yollardan, vasitələrdən istifadə edirlər: "Belə bir deyim var: "Bir müvəffəqiyyət qazananda bəzən iki düşmən qazanırsan". Azərbaycanın sözügedən mədəniyyət uğuru ilə yanaşı, digər müvəffəqiyyəti də ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına 2 illik qeyri-daimi üzv seçildi. Azərbaycan artıq dünyadakı proseslərə bağlı söz demək, mövqe bildirmək, səs vermək hüququ əldə etdi və belə olan təqdirdə Azərbaycanın beynəlxalq nüfuzu və imici artır. Bu özünü mədəniyyət və diplomatik sferada özünü göstərdikcə təbii ki, əleyhdarlarımız da fəallaşırlar, əks proseslərə daha ciddi şəkildə start verirlər. Amma BMT-də keçirilən seçkilər göstərdi ki, Azərbaycanı dünyanın 155 dövləti müdafiə edir. Azərbaycanla bağlı beynəlxalq aləmdə kifayət qədər müsbət mövqe formalaşıb. Anti-Azərbaycan təbliğatına daha çox vəsait xərcləyən qüvvələri narahat edən odur ki, 2012-ci ildə "Eurovision" Azərbaycanda keçirilərkən ölkəmizin həqiqətləri, sivil dövlət olması, bütün sahələrdə inkişaf və tərəqqisi dünyanın gözü qarşısında olacaq. Onlar təlaş içərisindədirlər. Ona görə qabaqlayıcı addım kimi belə yazılar dərc etdirilər. Yalnız elə proseslər var ki, onun qarşısını almaq mümkün deyil. Bir avropalının gəlib Azərbaycanı görməsi və öz təəssüratı ilə geri qayıtması minlərlə belə yazıdan daha güclü rezonansa və təsir imkanına malikdir".