PDF Oxu

Sosial

  • 28

Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

14 Noyabr Dünya Diabet Günüdür. Bu münasibətlə dünən Azərbaycan Diabet Cəmiyyəti tərəfindən dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, səhiyyə mütəxəssislərinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində Dünya Diabet Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Tədbiri giriş sözü ilə açan ADC-nin sədri Möminat Ömərova bu əlamətdar günün yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günü (ÜDG) kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet (ŞD) ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nin dəyişilməz amalı belə səslənir: "Güc birlikdədir!" 2009-2013-cü illər üçün ÜDG-nin 5 illik kampaniyasının mövzusu: "Diabetin təlimi və qarşısının alınması"dır.

M.Ömərova bildirib ki, hazırda dünya 13 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan şəkərli diabet ciddi sosial-tibbi problemlər yaradaraq, ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2030-cu ilədək diabetdən dünyasının dəyişənlərin sayı iki dəfə arta bilər. Odur ki, insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədi ilə BMT-nin Baş Assambleyası 20 dekabr 2006-ci ildə qətnamə qəbul etmişdir. Dünyanın 170-dən çox ölkəsi 2007-ci ildən başlayaraq hər il 14 noyabr tarixini Dünya Diabetlə Mübarizə Günü kimi qeyd edir. Azərbaycanda da diabet xəstəliyi sürətlə artır. Belə ki, Azərbaycanda 150 minədək insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda diabet xəstələrin maarifləndirilməsi istiqamətində bir sıra layihələr hazırlanmışdır.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Rafiq Məmmədhəsənov bu xəstəliyin yaranma səbəblərinə və onun profilaktikasına toxunaraq, şəkərli diabetin qarşısını alınması məqsədi ilə görülən işlərə nəzər salıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəkərli diabetin qarşısını alınması məqsədi ilə gənclər arasında fiziki təlimin artmasına və bu sahədə yaradılan şəraitə toxunub. Bu məqsədlə rayonlarda müxtəlif idman komplekslərinin açıldığını nəzərə çatdırıb. Gənclərin sağlamlığı üçün ölkəmizdə idmana xüsusi diqqət yetirildiyini deyən nazir müavini diabetli uşaqlar üçün düşərgələr təşkil edildiyini vurğulayıb.

Diabet Gününə həsr olunmuş tədbirdə BMT-nin baş katibi Pan Gi Munun Dünya Diabet Günü ilə bağlı müraciəti oxunub. Eyni zamanda, Beynəlxalq Diabet Federasiyasının bu ilin aprel ayında Brüsseldə qəbul etdiyi Xartiya barədə məlumat verilib. Qeyd olunub ki, Xartiya Dünya İnsan Haqları Bəyannaməsinin insan sağlamlığı haqqında əsas müddəalarını özündə əks etdirir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və başqaları xəstəliyin törətdiyi ağır fəsadlardan danışaraq, onun qarşısını alınmasında insanların maarifləndirlməsinin əhəmiyyətini qeyd ediblər.


ZÜMRÜD

Digər xəbərlər