Milli Məclisin ötən iclasında birinci oxunuşdan keçən "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu" layihəsi bu gün parlamentdə yenidən deputatların müzakirəsinə çıxarıldı və qanun layihəsi qəbul olundu.
Qeyd edək ki, eks-prezidentlərlə bağlı bu sənədə rəğmən Milli Məclisin xeyli sayda deputatı ayrıca olaraq "Ümumilli Lider haqqında" qanunun da qəbul edilməsi təklifini irəli sürüb. Həmin deputatlar Azərbaycan dövlətinin oturuşmasında, eləcə də, onun inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin rolunun əvəzsiz olduğunu, Onun digər prezidentlərlə müqayisəolunmazlığını önə çəkərək, belə bir sənədin qəbulunun zəruriliyini qeyd ediblər.
Həmçinin, Ümummilli Liderimiz Heydər Əliyevin irsinin qorunması haqqında qanunun hazırlanması üzrə işçi qrupunun yaradılması təklifi ilə də çıxış ediblər. Bu təklif cəmiyyətdə kifayət qədər aktual mövzu kimi qarşılanmaqdadır. Bu məsələ ətrafında millət vəkillərinin fikir və rəylərini öyrəndik.
Milləi vəkili Tahir Süleymanov: "Ümummilli Lider haqqında" qanunun qəbul edilməsi olduqca çox vacibdir"
- Artıq Azərbaycan cəmiyyətində Ümummilli Liderimiz Heydər Əliyev barədə ayrıca olaraq qanunun hazırlanmasının olduqca böyük əhəmiyyətlidir. Çünki bütün dəyərli həyatını xalqının inkişafına həsr etmiş böyük bir insanın irsinin qorunub saxlanılması və bunun hüquqi qüvvəyə salınması olduqca vacib məsələdir. Qeyd edim ki, dünən keçmiş prezidentlərlə bağlı qanun layihəsi müzakirə olundu və qanun qəbul olundu. Bu baxımdan hesab edir ki, bu qanunla bərabər, yaxud da, daha sonra xüsusi olaraq Heydər Əliyev haqqında bir qanun layihəsi hazırlanaraq müzakirə edilib, təsdiqlənməlidir. Çünki Ümummilli Liderimiz Heydər Əliyev heç bir sabiq Prezidentlə, heç bir rəhbərlə, nəinki Azərbaycanda heç dünya səviyyəsində müqayisə edilə bilməyəcək dərəcədə böyük bir zirvəyə, ağırlığa, nüfuza sahib olan şəxsiyyətdir. Azərbaycan xalqı qarşısında etdikləri, həqiqətən də, Onu Ümummilli Liderimiz, Ulu Öndər səviyyəsinə gətirib çıxarıb. Təbii ki, xalq da öz öndərini bütun dövrlərdə, bütun tarixi şəraitlərdə və şərtlərdə qorumaq əzmindədi və onu qoruyacaq. Bunun üçün mütləq Heydər Əliyev haqqında ayrıca olaraq bir qanunun olması çox əhəmiyyətlidir.
Millət vəkili Ayaz Orucov: "Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevlə bağlı ayrıca və xüsusi bir qanun qəbul edilməsinə ehtiyac var"
- Eks-prezidentlər haqqında qanunun qəbul edilməsi ölkəmizdə aparılan islahatların bir nümunəsidir və bu dövlətçilik ənənələri baxımından əhəmiyyətlidir. Eyni zamanda, hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevlə bağlı ayrıca, xüsusi bir qanun qəbul edilməsinə ehtiyac var. Bu, həm Onun adının qorunması, əbədiləşdirilməsi, irsinin tədqiq edilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Belə bir qanun qəbul edilməsi vacibdir. Çünki hesab edirəm ki, Ümummilli Lider Heydər Əliyev irsinin elmi cəhətdən dərindən araşdırılması, təhlil edilməsi, ictimaiyyətə çatdırılması və gələcək nəsillərin müstəqil Azərbaycanımızın qurucusu, bütün türk dünyasının lideri haqqında geniş məlumatlanması çox vacibdir. Bundan sonra da, Ulu Öndər Heydər Əliyev haqqında dərin və keyfiyyətli əsərlərin yazılmasına böyük ehtiyac var. Hesab edirəm ki, eyni zamanda, Ulu Öndərimiz Heydər Əliyevin şəxsiyyəti və bütün fəaliyyəti ilə bağlı elmi araşdırmalara, dissertasiyaların yazılmasına, daxili və xarici fəaliyyətinə dair tədqiqatların aparılmasına həmişə ehtiyac olacaq. Bütün bu deyilənləri nəzərə alsaq, belə bir qanun qəbul olunması vacibdir".
Millət vəkili Nizami Cəfərov: "Ulu Öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, Onun irsi hər birimiz və gənclərimiz üçün böyük həyat yoludur"
- Sözsüz ki, açığını bildirmək istərdim ki, Ümummilli Liderimiz Heydər Əliyev və Onun tarixi fəaliyyəti haqqında Milli Məclisdə yeni qanunlar hazırlanacaq. Çünki Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, Onun irsi hər birimiz və gənclərimiz üçün böyük həyat yoludur. Qeyd edim ki, bu gün qəbul etdiyimiz hər bir qanunda Heydər Əliyev ideyaları var. Hər bir qanun, əslində, Ulu Öndərimiz Heydər Əliyevin fəaliyyətində, yaradıcılığından ilhamlanaraq yaradılır və bu, həmişə olacaqdır. Amma bütün bunlarla bərabər xüsusi qanunlarda yaradılacaq. Çünki bu qanunlara böyük ehtiyac var.
Millət vəkili Tahir Rzayev: "Çünki Ulu Öndərimiz Heydər Əliyev böyük şəxsiyyət olmaqla, həm də Onun irsi gələcək nəsillərimiz üçün böyük örnəkdir"
- Əlbəttə ki, belə bir qanunun qəbul edilməsinə bütün Azərbaycan xalqının, Azərbaycan dövlətinin ehtiyacı var. Çünki Ulu Öndərimiz Heydər Əliyev böyük şəxsiyyət olmaqla, həm də Onun irsi gələcək nəsillərimiz üçün böyük örnəkdir. Ona görə də, belə bir qanunun müzakirəyə çıxarılması gələcək nəsillərin işıqlı gələcəyini düşünmək baxımında da çox vacibdir. Çünki gələcək nəsillər həyatını öz xalqının xilası və müasir inkişafı üçün həsr etmiş bir dahi insanın keçdiyi zəngin həyat yolunu öyrənməlidirlər.
Millət vəkili Aydın Mirzəzadə: "Hesab edirəm ki, qanunun tələbləri baxımından belə Ümummilli Liderimiz Heydər Əliyev irsinin qorunması haqqında qanuna ehtiyac var"
- Ümumiyyətlə, belə bir qanuna ehtiyac var. Çünki Ulu Öndər Heydər Əliyev sıradan bir şəxs deyil. O, Azərbaycan xalqının, bütün türk xalqlarının lideridir. Ümumiyyətlə götürdükdə, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixdə əlamətdar rol oynamış bir şəxsdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və Azərbaycançılığın formalaşmasında müstəsna rolu oldu. O, Azərbaycan dövlətinin müstəqilliyini, faktiki olaraq, bütün həyatı hesabına yaratdı və bugünkü müstəqilliyimiz, inkişafımız Ümummilli Liderimiz Heydər Əliyev dühasına görə mövcuddur. Hesab edirəm ki, qanunun tələbləri baxımından belə Ümummilli Liderimiz Heydər Əliyev irsinin qorunması haqqında qanuna ehtiyac var.
R.HÜSEYNOVA