Dünən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı rayon icra hakimiyyəti ilə birlikdə YAP-ın yaranmasının 19-cu ildönümünə həsr olunmuş geniş tərkibli iclas keçirib. İclasda rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə, YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov partiya fəalları, idarə və müəssisə rəhbərləri iştirak edib.
Tədbir başlamadan öncə yığıncaq iştirakçıları Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər. Sonra geniş tərkibli iclas Gədəbəy şəhər mədəniyyət evində davam etdirilmişdir.
İclasda geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov YAP-ın yaranma tarixi haqqında iclas iştirakçılarına məlumat verib. R.Muradov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı dövrdən möhtəşəm siyasi təşkilat kimi fəaliyyət göstərib: "Məhz bunun nəticəsidir ki, YAP regionda ən güclü siyasi təşkilat kimi formalaşmışdır". Natiq çıxışında onu da xatırlatdı ki, yenicə müstəqillik qazanmış Azərbaycanı bürüyən xaos, mənəm-mənəmlik iddiaları gənc dövlətimizin suverenliyini təhlükə qarşısında qoydu: "Bacarıqsız, cılız düşüncəli "rəhbərlər" ucbatından Azərbaycan tarixi şəratin verdiyi qismət payından, müstəqilliyindən məhrum olmaq ərəfəsində idi. Ulu Öndər Heydər Əliyev siyasi və mənəvi repressiyalar nəticəsində Azərbaycana geri döndü. Həmin zamanlar səriştəsiz vəzifə düşgünləri, kreslolarını qoruyan rəhbərlər Ulu Öndərin Bakıda yaşamasına razı qalmadılar. Bu vaxt qeyrətli naxçıvanlılar öz isti ürəkləri ilə Ulu Öndər Heydər Əliyevi Naxçıvana dəvət etdilər və qısa zamanda-1990-cı il oktyabr ayında Naxçıvan Ali Sovetinin deputatı seçildi..."
Sonra R.Muradov YAP-ın yaranmasının 19-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi çoxsaylı YAP Gədəbəy rayon təşkilatı üzvləri adından təbrik etdi. Ona can sağlığı, uzun ömür, həyata keçirdiyi nəhəng işlərdə uğurlar diləyib.
Rayon təşkilatının sədri öz çıxışının sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönmü münasibəti ilə yığıncaq iştirakçılarını da təbrik etdi və onlara siyasi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Sonra söz YAP Gədəbəy rayon təşkilatının yaradılmasında xidmətləri olan, Gədəbəy RİH-in başçısı Kamran Rzazadəyə verildi. K.Rzazadə YAP-ın yarandığı gündən Azərbaycanın inkişafı naminə çalışdığını və bütün partiyalara liderlik etmək haqqının olduğunu çatdırdı: "Ulu Öndərin rəhbərliyi ilə yaradılan YAP bu gün Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan xalqına xidmət edir və xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirir. Partiyamız bu gün xalq tərəfindən sevilir. Mən əminəm ki, YAP daima yaşayacaq və inkişaf edəcəkdir".
Çıxış edən digər tədbir iştirakçıları, YAP fəalları YAP-ın respublikadakı möhtəşəm rolundan və siyasi fəallığından danışaraq, bildirdilər ki, xalq tərəfindən qəbul olunan Yeni Azərbaycan Partiyasının Azərbaycana demokratiyanın və sabitliyin gətirilməsində əvəzsiz rolu olmuşdur.
RÖVŞƏN RƏSULOV