YAP Nizami rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva YAP-ın keçdiyi yola nəzər salaraq, bildirdi ki, ötən əsrin sonunda daxili və xarici qüvvələrin törətdikləri təxribatlar nəticəsində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanan Azərbaycanda iqtisadi böhran, vətəndaş itaətsizliyi hökm sürürdü: "Bunun səbəbi isə, ölkəyə dövlətçilik və idarəetmə işində səriştəsi və bacarığı olmayanların hakimiyyətə gəlmələri idi.
Ölkədə yaranan xaos hamını eyni məqsəd ətrafında birləşməyə məcbur etdi: Azərbaycanın düşdüyü bəlalardan qurtara biləcək, milyonların etimadını qazanmış böyük şəxsiyyətə, müdrik siyasətçiyə, liderə ehtiyacı var idi. Xalq bu inamda idi ki, o dövrdə Naxçıvan MR Ali Məclisinin sədri kimi tək Muxtar Respublikada yox, bütünlükdə Azərbaycan üçün tarixi hadisələrə imza atan, birlik və həmrəyliyin təməlini qoyan müdrik siyasətçi Heydər Əliyevdən başqa xalqı düşdüyü çətin vəziyyətdən qurtara biləcək ikinci bir lider ola bilməzdi. Ümumxalq rəyini nəzərə alan respublikanın görkəmli ziyalıları bu məqsədlə Ulu Öndərə müraciət ünvanladılar. Beləliklə, 21 noyabr 1992-ci il tarixdə Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə hər zamanın partiyası olan Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi".
S.Vəliyeva onu da vurğuladı ki, partiyanın qət etdiyi 19 ilə nəzər salan hər bir insan təsdiq edər ki, YAP asan olmayan, şərəfli bir inkişaf yolu keçib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov bildirdi ki, yarandığı ilk gündən kəmiyyət və keyfiyyətcə dəyişməyi, müasirliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən saf əqidəli insanları ətrafına toplayan YAP-ın milyonların partiyası olduğunu tarix özü sübut etdi: "Müstəqilliyini yenicə əldə edən ölkəmizə qarşı törədilən təxribatlar, göstərilən təzyiqlər, daxili çəkişmələr, Ermənistan tərəfindən torpaqlarımızın işğalı, dövlət çevrilişlərinə cəhd halları insanların sabaha olan inamını sarsıdırdı. Parçalanmaq və vətəndaş qarşıdurması ərəfəsində olan Azərbaycanın müstəqilliyinin və suverenliyinin qarantı olan Heydər Əliyev məsuliyyətin ağırlığından qorxmayaraq insanları ardınca apara bildi. Bu gün partiyanın keçdiyi yola nəzər salınması, eyni zamanda, müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycanın müasir tarixinin öyrənilməsi deməkdir.
Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqovun çıxışında qeyd etdi ki, tarixi zərurətdən yaranan YAP-ı, eyni zamanda, Azərbaycanda demokratiyanı inkişaf etdirdi, sivil mübarizə ənənələrini formalaşdırdı, seçkilərin xalqın istəyinə uyğun keçirilməsi təcrübəsini təkmilləşdirdi: "Partiyanın Sədri, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi "Əsl siyasət real, konkret iş görməkdən ibarətdir" sözləri partiyanın proqramı kimi tətbiq olunur. Təcrübə göstərir ki, siyasət, ilk növbədə, praktik işlərdir. Artıq illərin sınağından çıxmış bu təcrübədən istifadə edən Yeni Azərbaycan Partiyasının fəalları vədlərini əməli işləri ilə yerinə yetirirlər".
"YAP bu gün bölgənin aparıcı siyasi təşkilatıdır"- fikrini söyləyən T.Budaqov daim xalqın mənafeyinə uyğun siyasət yeridən partiyanın beynəlxalq əlaqələrinin getdikcə genişləndirildiyini bildirdi: "Neft strategiyasını hazırlayıb həyata keçirməklə ölkə iqtisadiyyatına böyük təkan verən Ulu Öndər Heydər Əliyevin ənənəsini davam etdirən partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran mühüm problemlərin həllində partiyanın böyük rolu olmuşdur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ölkəmizin dünya enerji təhlükəsizliyi xəritəsində önəminin artması diplomatiyamızın uğuru olmaqla Heydər Əliyev siyasətinə sadiqliyin ifadəsi kimi dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə inamı artırır".
YAP Nizami rayon təşkilatı gənclər birliyinin sədri Əli Pənahov, Heydər Əliyev adına BNEZ ilk ərazi təşkilatının sədri Samir Əhmədov çıxış edərək vurğuladılar ki, gənclərin, qadınların partiyaya axını onu göstərir ki, təşkilatın günümüzlə səsləşən, ölkənin daxili və xarici siyasətini əks etdirən təkmil, mükəmməl proqramı, aydın məqsəd və məramları var. Siyasi mübarizədə dünya təcrübəsində sınaqdan çıxmış demokratik tələblərə, müasir, sivil mübarizə üsullarına üstünlük verən partiyanın iş prinsipinin əsasında inandırma metodologiyası dayanır.
Çıxış edənlər YAP-ın əsas diqqət yetirdiyi şəffaflıq və obyektivlik prinsiplərinə sədaqətlilik təcrübəsi daim öyrənilir, təbliğ edilir. Partiyanın region dövlətlərindəki siyasi qurumlarla əməkdaşlığı, bir daha göstərir ki, qonşu ölkələrdə bu partiya ilə rəqabət apara biləcək siyasi təşkilat yoxdur.
RƏFİQƏ HÜSEYNOVA