PDF Oxu

Sosial

  • 33

Mütərəqqi və mütəşəkkil partiya

Mütərəqqi və mütəşəkkil partiya

Dünən YAP Oğuz rayon təşkilatı icra hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının 19 illiyinə həsr olunmuş geniş tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzüblər. Sonra tədbir rayon təhsil şöbəsinin akt zalında davam edib. YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib və onları Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə çağırıb.

S.Məhərrəmov onu da bildirib ki, 19 il fəaliyyət göstərməsinə baxmayaraq, Yeni Azərbaycan Partiyasının çox zəngin siyasi mübarizələrlə dolu, şanlı tarixi vardır: "XX əsrin sonlarında Azərbaycan xalqının həyatında yaranmış mürəkkəb ictimai-siyasi proseslərin gedişində meydana çıxmış Yeni Azərbaycan Partiyası bu gün regionun ən nüfuzlu partiyalardan birinə çevrilmişdir. Çünki bu partiyanın yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev olub".

Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını vurğulayan S.Məhərrəmov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud durumun çox mürəkkəb olduğunu xatırlatdı: "1990-cı ilin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. "91-lər"in "Səs" qəzetində müraciəti dərc olundu. Həmin müraciət, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu ağsaqqalları bu müraciətlə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş edirdilər. Ümummilli Liderimiz Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin mane olması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın 40 bölgəsindən seçilmiş 550 nümayəndənin təmsil olunduğu konfrans Heydər Əliyevin Sədrliyi ilə 1992-ci il noyabrın 21-də keçirilmişdir. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilmişdir. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük məsuliyyət götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaranmışdır".

Tədbirdə partiyanın fəalları - Qərənfil Məcidova "Yeni Azərbaycanın yeni Lideri", Mariya Həsrətova "Yeni Azərbaycan Partiyası və Azərbaycan qadını", Elnur Əliyev "Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi" mövzularında çıxış ediblər. Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.


Rəfiqə

Digər xəbərlər