Yeni Azərbaycan Partiyasının Şamaxı rayon qərargahında partiyanın yaranmasının 19 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə təzə-tər çiçəklər düzdülər. Tədbir YAP Şamaxı rayon təşkilatının qərargahında davam etdirilərkən partiyanın Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov çıxış edərək, bildirdi ki, YAP-ın yaranması müstəqilliyimizin yenidən bərpa olunmasının ildönümünə də təsadüf edir: "Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığı hər kəsə aydındır. Həmin zamanlarda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyev ümumilikdə Azərbaycanın yaşadığı problemlərin həlli istiqamətində yorulmadan çalışırdı. Məhz Azərbaycan xalqının istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müraciətinə verdiyi tarixi cavabında Onun öz xalqına, vətəninə nə qədər hörmət və məhəbbətlə, həssas yanaşması bariz nümunədir".
Tarix elmləri namizədi, dosent Zərifə Cavadova isə çıxışında Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoyduğunu bildirdi: "İqtidar partiyası kimi YAP Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin aparıcı qüvvəsi kimi xalqımızın qarşısında duran vəzifələrin həllinə öz əvəzsiz töhfəsini vermiş və bu gün də Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir".
YAP Şamaxı rayon təşkilatı gənclər birliyinin sədri Elnar Kərimov, Müəllimlər İnstitutunun Şamaxı rayon filialının tələbəsi Pərviz Zəkəriyev, rayon ağsaqqallar şurasının sədri Aydın Alcanov da öz çıxışlarında qeyd etdilər ki, partiyanın qarşısında mühüm vəzifələr dayanır və bu vəzifələrin icrasında onun üzvü olan hər kəs yaxından iştirak etməlidir: "Bu vəzifələrin ən başlıcası Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın ən qüdrətli, zəngin dövlətinə çevirməkdir. Onun bu siyasətini hazırda partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir".
Tədbirin sonunda Müəllimlər İnstitutunun Şamaxı rayon filialının tələbələrinə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.
RƏFİQƏ KAMALQIZI