Azərbaycanın təkcə paytaxtında deyil, hətta ən ucqar bölgələrində başlanan və uğurla davam etdirilən abadlıq və quruculuq işləri, iri beynəlxalq layihələrin həyata keçirilməsi barədə məlumatları ölkə mətbuatı ilə yanaşı, dünyanın aparıcı qəzet və jurnallarından, televiziya kanallarında gedən silsilə verilişlərindən də izləmək olar.
Məlumat üçün bildirək ki, bu yaxınlarda dünyanın məşhur CNN telekanalı Azərbaycan haqqında, ölkəmizdə gedən quruculuq, yenidənqurma işləri, 20 il ərzində aparılan genişmiqyaslı investisiya layihələri və iqtisadi inkişafımız haqqında silsilə veriliş yayımladı. Bu, əslində onu göstərir ki, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqillikdən xalqımız layiqincə yararlana bilib. Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli rol oynayır.
Bütün bunlar xariciləri valeh etdiyi halda "sapı özümüzdən olan baltalar" hələ də köhnə havalara qol qaldırırlar. Ölkəmizdə gedən inkişafı görməməzliyə vurmaq bir yana, aparılan abadlıq-quruculuq işlərinə "hekayə" də yazırlar. Onlar bilməmiş deyillər ki, artıq onların qatarı çoxdan gedib. Bircə anlığa özlərini amerikalı CNN-çinin yerinə qoyub 20 il ərzində ölkəmizdə görülmüş işlərin miqyasına baxsınlar. Hətta ermənilər belə inkişafımıza qibtə ilə baxırlar, bəzi siyasət dəllalları isə hər inşa edilmiş binada bir "əmma" axtarırlar, qiymətində kiminsə maxinasiya etdiyini bəyan etməklə özlərini qəhrəman kimi göstərirlər. Amma molla demişkən, "bu daş, bu da tərəzi".
Bu yaxınlarda özünü müxalifət yönümlü qəzet adlandıran, əslində isə hansı məzhəbə qulluq etdiyini özü də bilməyən mətbu orqan Azərbaycan Prezidenti İlham Əliyevin Şəkiyə səfəri barədə məqalə yazmağa cəhd edib. Qəzet elə ilk cümləsindəcə təhriflərə yol verib, oxucularını aldatmağa, həqiqəti gizlətməyə çalışıb. Düzdür, Şəki sakinləri şəhərdə hansı işlərin görüldüyündən xəbərdardır, onlara hansısa bir qəzetin yol göstərməsi artıqdır. Amma cızma-qara məqalənin əslində respublikanın digər bölgələrində yaşayan oxuculara ünvanlandığı göz qabağındadır.
Məqalədə deyilir ki, guya "Prezident Şəkidə səfərdə olarkən şəhər rəhbərliyi dövlət başçısının keçəcəyi yolun üstündə olan köhnə, təmirsiz və bərbad binanı gizlətməyə çalışıblar. Onlar həmin binanın hündürlüyü və eni həcmində nəhəng parçanın üzərinə yenicə təmirdən çıxmış bina şəkli çəkiblər".
Amma məqaləni yazan müxbir də, həmin müxbiri Şəkiyə göndərən "redaktor" da binaların inşası, təmiri, yenidənqurulması zamanı istifadə olunan təhlükəsizlik vasitələrindən xəbərsizdirlər. Əgər belə olmasaydı, qəzet yazarları Şəki şəhərində də binanın üzünə çəkilmiş, tikinti standartlarına cavab verən, xüsusən də toz-torpağın qarşısını alan, şəhərin gözəlliyinə xələl gətirməyən parçanı başqa yerə yozmazdılar. Bakı şəhərində də binaların tikintisi zamanı örtüklərdən istifadə olunması faktı az deyil. Hazırda Dövlət Neft Şirkətinin binasının fasadı təmir olunur və binanın üzü xüsusi parça ilə örtülüb. Burada hansısa maxinasiya axtarmağa dəyərmi? Əlbəttə yox.
Qəzetdə dərc olunmuş həqiqətdən uzaq, qərəzlə dolu məqaləyə cavab da özünü çox gözlətməyib. Məsələ ilə bağlı Şəki İcra Hakimiyyətindən aldığımız cavab da çox maraqlıdır. Bildirilir ki, "dövlət başçısına son vaxtlar şəhərdə aparılan genişmiqyaslı tikinti-abadlıq, quruculuq işləri, həmçinin "Aşağı Karvansaray", M.F.Axundov, M.Rəsulzadə prospektləri, Salman Mümtaz küçəsi, "Abdulsalam hamamı", S.Rəhman adına Dövlət Dram teatrının binası, "Bayraq meydanı" və Təhsil Nazirliyinin balansında olan yataqxana binasının təsdiq olunmuş layihələri barədə ətraflı məlumat verilib. Hər şeyi qara rəngdə görmək istəyən bir neçə şəxs görülən işlərə kölgə salmaq məqsədilə bəzi KİV-də özlərinin bədnam fikirlərini ifadə edən, həqiqətə uyğun olmayan informasiya dərc ediblər. Guya, Təhsil Nazirliyinin balansında olan yataqxana binasının üzəri örtülərək ölkə rəhbərindən gizlədilib. Əslində isə sözügedən obyektin fasadına təmir və tikinti qaydalarına uyğun olaraq layihədə nəzərdə tutulan təmir-tikinti işlərini əks etdirən baner tutulub.
Çox bərbad vəziyyətdə olan yataqxana binasının Şəkinin milli memarlıq üslubuna uyğun yüksək zövqlə təmir ediləcəyini əks etdirən layihə barədə isə şəhər İHB ölkə rəhbərinə səfər zamanı məlumat verib".
Vəssalam, burada qaranlıq, deyəsən heç nə qalmadı. Cızma-qaraları ilə oxucuları çaş-baş salmağa çalışanlara isə üzümüzü tutub deyirik, əvvəlcə nədən yazdığınızı, nə üçün yazdığınızı düşünün. Çünki bu Azərbaycanın gələcəyi üçün, sizin gələcəyiniz üçündür. Gələcəyi görməyən insan isə məhvə məhkumdur.