Dünən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının sədr müavini Cavanşir Əliyev Azərbaycanın bugünkü inkişafını, onun dünya miqyasında özünə layiq yer qazanmasını xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin tarixi nailiyyətləri ilə səciyyələndirdi.
C.Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün də istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 19 il ötdüyünü diqqətə çatdırdı. Bu illər ərzində YAP həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atmışdır. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Heç şübhəsiz ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur.
C.Əliyev onu da vurğuladı ki, bu gün ölkəmizdə hüquqi dövlət quruculuğunun və qazanılan nailiyyətlərin birbaşa səbəbkarı və təşkilatçısı olan YAP-ın gündən-günə daha da mükəmməlləşib, öz sıralarını genişləndirərək, inkişaf etdiyini bildirdi: "Sevindirici haldır ki, bu gün YAP-ın üzvlərinin böyük əksəriyyətini Ulu Öndərimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin böyük önəm verdiyi gənclər "ordusu" təşkil edir. Bu, Yeni Azərbaycan Partiyasının gücünə güc qatır. "Dünənin, bu günün, sabahın" partiyası olan Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır".
Sonra hesabat məruzəsi ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərazi ilk partiya təşkilatının sədri, zavodun direktoru Səfixan Məmmədov Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını söylədi: "Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev muxtar respublikanın müdafisini təmin etmək, sosial-iqtisadi durumunu yaxşılaşdırmaqla yanaşı, Azərbaycanın taleyüklü məsələlərinin həlli istiqamətində ciddi səylər göstərirdi. Onun ümumilikdə Azərbaycan xalqının istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müraciətinə cavabında da xalqına, vətəninə nə qədər böyük hörmət, məhəbbətlə yanaşdığı aydın görünür. Müraciətə cavabında Azərbaycanın dövlət müstəqilliyini əldə etməsini tarixi hadisə kimi qiymətləndirən Ümummilli Lider Heydər Əliyev bildirmişdir: "Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir."
S.Məmmədov onu da vurğuladı ki, 1992-ci il noyabrın 21-də təsis konfransını müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıraları, çox keçmədi ki, kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndi. Bu gün partiyanın sıralarında 560 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir".
S.Məmmədov, həmçinin, ötən müddət ərzində görülən işlər haqqında məlumat verdi. O, qeyd etdi ki, ilk partiya təşkilatının 840 nəfər üzvü var: "Onların 330 nəfərini gənclər, 285-ni isə qadınlar təşkil edir".
Partiya üzvlərinin keçirilən bütün seçkilərdə, həmçinin, ictimai-siyasi proseslərdə fəallıq göstərdiyini deyən S.Məmmədov bu fəallığın gələcəkdə də davam edəcəyini bildirib: "Əmin edirik ki, gələcək işlərimizdə öz fəallığımızı daha da artıraraq, üzvü olduğumuz möhtəşəm Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalacaq, həmin ideyaların həyata keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcəyik".
Tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxışında partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən geniş bəhs etdi. Vurğulandı ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması da bu xidmətlərin əsas tərkib hissələrindəndir. Partiyanın yarandığı dövrə nəzər salsaq, onun nə qədər əhəmiyyətli bir hadisə olduğunu aydın görərik. K.Kərimov ölkəmizin Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazandığı uğurlardan danışdı. Bildirdi ki, düzgün seçilən yol ölkəni daim inkişafa, tərəqqiyə aparır. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur. YAP nəinki Azərbaycanın, bölgənin ən güclü siyasi qüvvəsidir. Natiq qeyd edib ki, bu islahatların yerlərdə uğurla həyata keçirilməsində YAP üzvləri də xüsusi fəallıq göstərirlər.
Çıxışına "YAP-ın üzvü olmaq hər kəs üçün həm məsuliyyətli, həm də fəal vətəndaşlıq mövqeyidir" sözləri ilə başlayan YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov əsasını Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu quruculuq siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi. Ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş sayan natiq xüsusilə vurğuladı ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-a inanır və yüksək etimad göstərir: "Xalqımız Prezident İlham Əliyevin və Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiklərini dəfələrlə nümayiş etdirib".
YAP Qaradağ rayon təşkilatının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərazi ilk partiya təşkilatının qadınlar birliyini sədri Məlahət Salmanova, ərazi ilk təşkilatı gənclər birliyinin sədri İlqar Qəhrəmanov çıxış edərək, YAP üzvü olduqları üçün qürur duyduqlarını və ölkədə aparılan siyasətin yerlərdə uğurla icra edilməsində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiklərini bildirdilər.
Sonra təşkilati məsələlərə baxıldı. Səfixan Məmmədov ərazi ilk partiya təşkilatının yenidən sədri seçildi. Həmçinin, YAP Qaradağ rayon təşkilatının IX konfransına 20 nəfər nümayəndə seçildi.
Sonda yığıncaq iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edildi.
RƏFİQƏ KAMALQIZI