PDF Oxu

Sosial

  • 27

Sumqayıtda “İlham Əliyev 8 il      hakimiyyətdə” “Qurucu İlham dövrü” mövzusunda dəyirmi masa keçirilib

Sumqayıtda “İlham Əliyev 8 il hakimiyyətdə” “Qurucu İlham dövrü” mövzusunda dəyirmi masa keçirilib

Dünən Sumqayıt şəhər Tarix Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "İlham Əliyev 8 il hakimiyyətdə" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada millət vəkilləri, müxtəlif dövlət təşkilatlarının rəhbərləri, tanınmış ziyalılar iştirak ediblər.

Dəyirmi masanı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq ölkə Prezidenti İlham Əliyevin səkkiz illik fəaliyyəti ərzində görülən işlərdən və bu dövrün tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkə rəhbəri İlham Əliyev səkkiz illik fəaliyyət dövrü ərzində sosial, iqtisadi, mədəniyyət və eləcə də digər sahələrdə nəhəng uğurlara imza atıb. Ölkə Prezidenti Ümummilli Lider Heydər Əliyev siyasi kursunu ardıcıl uğurlarla davam etdirərək, Azərbaycan xalqının firavan həyatını təmin etmişdir: "Prezident İlham Əliyevin uğurlu, praqmatik fəaliyyəti Azərbaycanın, Azərbaycan xalqının rifahı və daha xoş gələcəyinə hesablanmış mütərəqqi addımlardandır".

E.Əzizov onu da vurğuladı ki, dövlət başçısının həm daxili, həm də xarici siyasəti nəticəsində respublikamız nəinki regionda, eyni zamanda, dünya dövlətləri arasında nüfuzunu artırmış lider ölkə kimi daim irəliyə doğru addımlayır: "Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə bu qalib siyasətin ən uğurlu nəticələrindən biridir. Artıq Azərbaycan dünyada söz deyən bir ölkə kimi tanınır və qəbul edilir".

Daha sonra tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qeyd etdi ki, bütövlükdə, Prezident İlham Əliyevin fəaliyyətinə nəzər salsaq, görərik ki, aparılan müdrik siyasət, bilavasitə, Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamı və uğurlu nəticələridir: "Prezident İlham Əliyevin səkkiz illik fəaliyyəti dövründə respublikada gedən davamlı inkişaf daha da sürətlənmiş, əhalinin güzəranı, yaşayış səviyyəsi dinamik şəkildə artmışdır. Azərbaycanın bütün regionlarında aparılan abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması və bu kimi digər əhəmiyyətli amillər öz təsdiqini yetərincə tapmışdır. Məhz buna görə də Azərbaycan xalqı öz sevimli Prezidenti ətrafında daha sıx birləşərək, respublikamızın inkişafında yaxından iştirak edir".

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev isə vurğuladı ki, ölkəmizdə yürüdülən mütərəqqi siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan qüdrətli dövlət kimi qiymətləndirilir və beynəlxalq aləmdə lider dövlət kimi tanınır: "Bu isə Azərbaycan xalqının lideri, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticəsidir. Cənab Prezidentin səkkiz illik yorulmaz fəaliyyəti dövründə respublikamız hərtərəfli və bütün sahələrdə inkişaf edərək öz qüdrətini, potensialını sərgiləmişdir. Ulu Öndər Heydər Əliyevin xalqına miras qoyduğu müstəqil Azərbaycan daima çiçəklənir və inkişaf edir".

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Qubadlı rayon icra hakimiyyətinin başçısı Mais İsaqov və digərlərinin dəyirmi masaya təqdim etdiyi İlham Əliyevin 8 illik fəaliyyətinin müxtəlif sahələrini əhatə edən mövzular ətrafında çıxışlar və həmin çıxışlar əsasında dekabrın sonunadək işıq üzü görəcək kitab haqqında geniş fikir mübadiləsi aparıldı.

Onu da qeyd edək ki, dəyirmi masanın yekununda Prezident İlham Əliyevin hakimiyyəti illərinin intensiv inkişafı və böyük quruculuq dövrü "Qurucu İlham dövrü" olduğunu vurğulayan bəyanat qəbul edildi.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər