PDF Oxu

Sosial

  • 33

Yeni Azərbaycan Partiyası regionda ən monolit və ən mütərəqqi partiyadır

Yeni Azərbaycan Partiyası regionda ən monolit və ən mütərəqqi partiyadır

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının VI konfransı keçirilib. Konfransdan öncə nümayəndələr Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu və yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzərək, Ulu Öndərə hörmət və ehtiramlarını ifadə ediblər.

Samux rayon icra hakimiyyətinin akt zalında davam edən VI konfrans dövlət himninin səslənməsi ilə öz işinə başlayıb. VI konfransın işində Milli Məclisin Sədr müavini, millət vəkili Valeh Ələsgərov, millət vəkili, akademik Asəf Hacıyev, Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev iştirak ediblər.

Konfransda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov V konfransdan hesabat məruzəsi ilə çıxış edərək, ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edib. Natiq bildirib ki, adı əbədiyaşar Liderimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası artıq 19 ildir ki, öz üzərinə düşən tarixi missiyanı uğurla davam etdirir: "Partiyamız müstəqil Azərbaycan Respublikasında ən mütərəqqi, ən monolit partiya olmaqla, milyonların sevimlisinə çevrilmişdir. Fəxr edirik ki, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, partiya quruculuğu sahəsində də Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında sıralarında 560 mindən çox vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır".

G.Bayramov onu da vurğulayıb ki, YAP-ın ilkin, çoxsaylı, mübariz dəstələrindən biri olan və artıq mükəmməl tərzdə formalaşmış Samux rayon təşkilatı hesabat dövründə öz işini partiya Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin, Siyasi Şuranın qərar və göstərişlərinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir: "Rayon təşkilatının fəaliyyəti, əsasən, partiyanın sosial bazasının möhkəmləndirilməsindən, ideya-siyasi təbliğat işinin gücləndirilməsindən, partiyanın məram və məqsədlərinin əhali arasında daha geniş yayılmasına nail olmaqdan, partiya mütəşəkkilliyinin artırılmasından, işin forma və metodlarının daim təkmilləşdirilməsindən ibarət olmuşdur. Əvvəlki illərə nisbətən rayon gənclər birliyinin, rayon təşkilatının qadınlar şurasının işi daha da genişləndirilmiş, rayon təşkilatının ilk təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiyanın maarifçilik işi gücləndirilmişdir. Bu gün 3636 nəfər YAP üzvü, 53 ilk partiya təşkilatında birləşmişdir. Konfransdan keçən müddət ərzində 1354 nəfər YAP sıralarına qəbul edilmişdir".

Sonra YAP Samux rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Rövşən Qurbanovun hesabat məruzəsi də dinlənilib. Məruzələr ətrafında Qarayeri 1 saylı orta məktəbin "Əməkdar müəllimi" Göyçək Namazova, YAP Samux rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Qarayev, rayon mərkəzi xəstəxanasının həkimi Vidadi İsrafilov, YAP üzvü Günay İsmayılova çıxış etmişlər.

Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, millət vəkilləri Valeh Ələsgərov və Asəf Hacıyev konfrans iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik ediblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətdən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs ediblər.

Sonra konfransda təşkilati məsələlərə də baxılıb. YAP Samux rayon təşkilatının 31 nəfərdən ibarət şurası və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu və Bayramov Gündüz Çankay oğlu yenidən YAP Samux rayon təşkilatının sədri seçilibdir.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilibdir.


R.HÜSEYNOVA

Digər xəbərlər