Bu günlərdə Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları öz növbəti konfranslarını keçirməkdə davam edirlər. Belə ki, növbəti konfranslardan biri də dekabrın 3-də Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatında gerçəkləşib.
YAP Qobustan rayon təşkilatının VI konfrans nümayəndələri və qonaqlar ilk öncə rayonun mərkəzində salınmış Heydər Parkında partiyanın qurucusu və yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, Ona sonsuz hörmət və ehtiramlarını ifadə etmişlər.
Sonra konfrans öz işinə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla konfrans iştirakçıları tərəfindən anılıb.
Qeyd edək ki, YAP Qobustan rayon təşkilatının VI konfransında iştirak etmək üçün seçilmiş 240 nəfər nümayəndədən 221 nəfəri konfransın işində iştirak edib. Eyni zamanda, konfransın işində YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İcra katibliyinin məsul işçisi Qalib Əsgərov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qonaq qismində iştirak ediblər.
İlk olaraq çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev təşkilatın V konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən geniş məruzə ilə çıxış edib. O məruzəsində xüsusi olaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı öz fəaliyyətini Heydər Əliyev ideyalarını, Yeni Azərbaycan Partiyasının IV Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaları yerinə yetirilməsinə yönəldib: "Əvvəlki illərə nisbətən gənclər birliyinin, qadınlar şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişləndirilib. Eləcə də, 1940 nəfər YAP üzvü, 52 ərazi ilk partiya təşkilatında birləşir. Onlardan 506 nəfərini qadınlar, 698 nəfərini gənclər təşkil edir".
Sonra isə məruzələr ətrafında Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Hüseynov, YAP Qobustan rayon təşkilatı qadınlar şurasının sədri Lalə Maxsudova, zona təcrübə stansiyası ilk təşkilatının sədri Atabəy Cahangirov çıxış edərək, V konfransdan keçən dövr ərzində YAP Qobustan rayon təşkilatı tərəfindən görülmüş çoxsaylı işlərin qənaətbəxş hesab edilməsini təklif etdilər.
Konfransın işində iştirak edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında möhtəşəm quruculuq işlərindən geniş şəkildə bəhs etdilər. Partiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə YAP Qobustan rayon təşkilatının VI konfrans iştirakçılarına müfəssəl və ətraflı məlumatlar verdilər.
Konfransda, həmçinin, YAP Qobustan rayon təşkilatının 23 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. Füzuli Qərib oğlu Güləliyev yenidən yekdilliklə Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri seçildi.
Daha sonra YAP Qobustan rayon təşkilatının VI konfransın qərar layihəsi oxundu. Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edildi.
Sonra isə konfrans nümayəndələrinin iştirakı ilə Qobustan rayonunda ictimaiyyətlə birgə "hərəyə bir ağac əkək" kampaniyası keçirildi.
R.RƏSULOV