Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Partiya Avropa və Asiyanın bir çox aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. YAP-ın beynəlxalq əlaqələrində Türkiyənin, MDB üzvü olan ölkələrin, Mərkəzi Asiya, Qərbi və Şərgi Avropanın, bir sıra digər dövlətlərin siyasi partiyaları ilə, həmçinin böyük nüfuza malik beynəlxalq təşkilatlarla münasibətlər mühüm yer tutur.
Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Belnəlxalq Konfransının işində yaxından iştirak edir və 2009-cu ildə qurumun Daimi Komitəsinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində Avropa Xalqları Partiyası ilə sıx əməkdaşlıq prioritet istiqamət təşkil edir. Hazırda YAP qurumun ATƏT Parlament Assambleyasındakı qrupunun üzvüdür və onun Avropa Xalqları Partiyasına müşahidəçi üzv kimi qəbul olunması üçün namizədliyi qeydə alınmışdır.
Avropa Xalq Partiyası (EPP) ilə münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. YAP mütəmadi olaraq, bu qurumun həyata keçirdiyi tədbirlərə və toplantılara dəvətlər alır. Yüksək səviyyədə qurulan qarşılıqlı əlaqələrin nəticəsidir ki, bu günlərdə YAP Gənclər Birliyinin nümayəndə heyəti Avropa Xalqları Partiyasının dəvəti ilə Brüsselə səfər etmiş və bir sıra görüşlərdə iştirak etmişdir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov 2009 - cu ildə Polşada keçirilən Avropa Xalqları Partiyasının seçki Konqresində iştirak etmişdir. Səfər ərəfəsində bir sıra qarşılıqlı görüşlər keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Avropa Xalqları Partiyasının prezidenti cənab Vilfred Martinsin rəhbərlik etdiyi nümayəndə heyətini partiyanın mənzil qərargahında qəbul etmişdir.
Görüşdə iki partiya arasında birgə əməkdaşlığın gələcəkdə inkişaf perspektivi və Yeni Azərbaycan Partiyasının Avropa Xalqları Partiyasına müşahidəçi üzv qismində qəbul olunması haqqında söhbət açılmış, qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Brüsseldə Avropa Xalq Partiyasının iqamətgahında bir sıra görüşlər keçirmişdir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun rəhbərliyi ilə nümayəndə heyəti Avropa Xalqları Partiyasının dəvəti ilə 2009-cu ilin 8-10 dekabr tarixləri arasında bu qurumun Almaniyanın Bonn şəhərində keçirilən növbəti qurultayında iştirak etmişdir.
Yeni Azərbaycan Partiyası İspaniyanın Madrid şəhərində Avropa Xalqları Partiyası tərəfindən təşkil olunan "Düşünən iqtisadiyyat" adlı konfransda təmsil olunmuşdur.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev sözügedən qurumun 6 - 9 dekabr, 2011 -ci il tarixlərində keçiriləcək 20 - ci Qurultayında iştirak etmək üçün Fransanın Marsel şəhərində səfərdədir. Səfər çərçivəsində Asəf Hacıyevin Avropa Xalqları Partiyasının rəhbərliyi ilə partiyalararası münasibətlərin daha da inkişaf etməsi istiqamətində danışıqlar aparacağı və ikitərəfli görüşlərdə iştirak edəcəyi planlaşdırılır.